Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin Tbilisidə müalicə aldığı klinikadan fotolar paylaşılıb.
KONKRET.az xəbər verir ki, “Formula” televiziya kanalının paylaşdığı fotolarda sabiq Prezident halsız və zəifləmiş görünür. Məlumatda fotoların 1 ay əvvəl çəkildiyi və bu müddətdə Mixail Saakaşvilinin daha 10 kiloqram çəki itirdiyi qeyd olunub.
Xatırladaq ki, Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvili 2021-ci ilin oktyabrından həbsdədir. O, səhhətində yaranmış problemlərlə əlaqədar uzun müddətdir Tbilisidəki klinikalardan birində müalicə alır. Sürətlə çəki itirdiyi bildirilən Saakaşvili səhhətindəki problemlərlə əlaqədar məhkəmə dinləmələrində iştirak edə bilmir. Sabiq Prezidentin ailə üzvləri və vəkilləri onun civə və arsen kimi maddələrlə zəhərlənməsinə dair iddialar səsləndiriblər. Saakaşvilidən götürlüən saç və dırnaq nümunələrində sözügedən maddələrin aşkarlandığı bildirilib. Tərəfdarları onun müalicə üçün xaricə göndərilməsini tələb etsələr də, hakimiyyət nümayəndələri belə bir addımın Saakaşvilinin azadlığa buraxılması anlamına gələcəyini, bu səbəbədən belə bir güzəştə razı olmayacaqlarını bildirirlər.

