Sabah, fevralın 24-də Vyanada Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı növbəti görüş keçiriləcək.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı danışıqlar aparılır. İrəvanın Ankaranın ilkin şərtlərini qəbul edərək sənədi imzalayacağı gözlənilir. Bu barədə çərşənbə günü İrəvan və Ankaranın xüsusi nümayəndələrinin görüşü ərəfəsində jurnalistlərə Ermənistan parlamentinin vitse-spikeri, Hayastan fraksiyasından olan deputat İşxan Saqatelyan bildirib.
“Rəsmi İrəvan Ankaranın ilkin şərtlərini qəbul edərək sənədi imzalayacaq. Danışıqların gündəliyinə müzakirəsi ictimaiyyətdən gizli aparılan sənəd daxildir”, – deyə müxalifətçi deputat qeyd edib.
Saqatelyan imzalanacaq sənəd barədə narahatlığını dilə gətirib.
“Əgər belə deyilsə, ortada gizli sənəd yoxdursa, onda nə danışıq aparırlar? Söhbət Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasından gedirsə, o zaman bunu açıqlasınlar, səfirləri qarşılıqlı təyinat etsinlər, vəssalam. Protokol belədir. Görün, başqa ölkələr necə edir bu işi?”, – deyə Saqatelyan bildirib.
Müxalifətçi deputatın nöqteyi-nəzərindən Ermənistan -Türkiyə barışığı ilə bağlı sənəddə erməni xalqının maraqları pozulacaq və Türkiyənin bütün ilkin şərtləri xalqdan gizli qəbul ediləcək.
Xatırladaq ki, İrəvan və Ankara ötən ilin sonunda normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin edib. Ermənistanı parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyəni isə ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç təmsil edir.
Yanvarın 14-də Moskvada ilk görüş olub. Danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Növbəti görüşün fevralın 24-də Vyanada keçirilməsi planlaşdırılır.
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.
Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və Osmanlı İmperiyasında 1915-ci ildə erməni soyqırımının beynəlxalq aləmdə tanınması prosesinə Türkiyənin kəskin reaksiyası səbəb olub.
Xuraman Etibarlı,
KONKRET.az