Sabiq nazirlərin pensiyası nə qədər olacaq? – Özləri danışdıbackend

Sabiq nazirlərin pensiyası nə qədər olacaq? - Özləri danışdı

2026-cı ildə pensiya və sosial ödənişlər üçün ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Bu konteksdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin Milli Məclisdəki son çıxışı diqqət çəkib. O bildirib ki, gələn il əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldilən xərclər 2025-ci illə müqayisədə 10,9% artacaq. Yəni pensiyaların təxminən 9,2% indeksasiyası gözlənilir və bunun nəticəsində orta aylıq pensiyanın 590 manata, yaşa görə pensiyanın isə 629 manata yüksələcəyi proqnozlaşdırılır. Aparılan dəyişikliklər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sadə vətəndaşlarla yanaşı, sabiq deputat və keçmiş nazirlərin də pensiyalarının artırılacağı bildirilib.

Onların ödənişləri nə qədər artacaq?

KONKRET.az xəbər verir ki, sabiq maliyyə naziri Fikrət Yusifov Globalinfo.az-a açıqlamasında bu məsələdə ayrı-seçkilik olmadığını bildirib.

“Yəni burada vətəndaşın pensiyası əvvəllər hansı vəzifədə çalışmasından asılı olmayaraq, ölkədə mövcud olmuş infilyasiya səviyyəsinə uyğun olaraq indeksasiya edilir”, – o deyib.

Sabiq baş nazir Pənah Hüseyn bildirib ki, pensiyaların nə qədər artacağı barədə hələlik dəqiq məlumatı yoxdur:

“Artımın konkret məbləği adətən fevral ayında məlum olur. Pensiya və təqaüdlər eyni qaydada artırılır. Fikrimcə, burada deyilən artım inflyasiya və digər illik iqtisadi göstəricilərin hesablanması ilə bağlı ümumi indeksasiyanı əhatə edir. Yazılanlara əsasən, bu artım bütün pensiya və təqaüdlərə şamil olunur”.

İqtisadçı Fuad İbrahimov isə qeyd edib ki, gələn ilin planlaşdırılan büdcə sənədlərində sabiq deputat və keçmiş nazirlərin ayrıca göstərilməsi ilə bağlı hər hansı müddəa yoxdur:

“Bu qərarda artımın xüsusi olaraq deputatlara və ya keçmiş nazirlərə aid olması barədə xüsusi qeyd yoxdur. Planlaşdırılan artım bütün növ pensiya və təqaüdlərə şamil olunur. İndeksasiya da 9,2% səviyyəsində həyata keçiriləcək. Bunun çox və ya az olması ayrıca müzakirə mövzusudur, amma prinsip etibarilə hər kəsə tətbiq edilir. Pensiya və təqaüd hüququ olan bütün şəxslər bu artımdan faydalanacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*