Safrastyan: “Ermənistan Türkiyə ilə danışıqlardan imtina etməməlidir”backend

Safrastyan: “Ermənistan Türkiyə ilə danışıqlardan imtina etməməlidir”

Ermənistan hakimiyyətinin qeyri-müəyyən siyasəti bölgədə disbalans yaradır və region dövlətlərinin narazılığına səbəb olur. Ermənistanın Qərblə ciddi əməkdaşlığı, Cənubi Qafqaza gətirmək istədiyi güclərin planları təbii ki, bölgə dövlətlərinin marağına uyğun deyil.

ABŞ və Fransanın Ermənistan vasitəsi ilə regiona soxulması Rusiyanın sıxışdırılmasına hesablanıb. Paşinyan da bunu gizlətmir və imkan düşən kimi müttəfiqini onlara hərbi yardım etməməkdə ittiham edir. Ermənistanın ən yaxın dəstəkçisi İran da “dostu”nun siyasi manevrlərindən narazıdır.

Bütün bunlar Ermənistan siyasi elitasında ciddi müzakirə edilir. Cənubi Qafqazda öz varlığını daim nümayiş etdirən və regionun ən böyük güclərindən biri Türkiyənin isə bölgədə öz yeri, öz çəkisi var. Bütün prosesləri diqqətlə izləyən Türkiyə əsas söz sahiblərindəndir və qardaş dövlətin siyasi iradəsi regionda önəmli rol oynayır.

30 il əvvəl diplomatik əlaqələri kəsilən Türkiyə və Ermənistan münasibətlərinin tənzimlənməsi dalana dirənib.

KONKRET.az xəbər verir ki, erməni türkoloq Ruben Safrastyanın fikirincə, hazırda Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesində irəlləyiş yoxdur. Üç gün əvvəl Türkiyə prezidenti Ərdoğanla Ermənistan Baş naziri Paşinyan arasında telefon danışığına toxunan türkoloq danışıqların məğzinin hələ də ictimaiyyətdən gizli saxlanmasına toxunub: “Söhbətin məzmununu bilmirik.

Ümumiyyətlə, Ərdoğanın yaxın keçmişdə çox açıq şəkildə ifadə etdiyi yanaşmalardan vaz keçəcəyini düşünmürəm. Ərdoğan bildirmişdi ki, Ermənistan Azərbaycanın təqdim etdiyi tələblər əsasında Azərbaycanla müqavilə imzalamalıdır. İkincisi, Ermənistan Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Bunlar ilkin şərtlər deyil, tələblərdir”.

Zəngəzur dəhlizinin açılmasını Ermənistan hakimiyyəti qarşısında şərt kimi qoyulmasına toxunan türkoloq bildirib ki, Azərbaycan dəhlizin açılmasını tələb etməkdə davam edir:

“Bu dəhliz Türkiyə üçün daha vacibdir, çünki o, bir neçə mühüm problemi həll edir. Dəhliz vasitəsilə Türkiyə Azərbaycanla maneəsiz əlaqə yaradacaq. Bu yol Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Orta Asiyanın türkdilli ölkələri ilə əlaqə yaratmağa imkan verir. Onu da qeyd edim ki, dəhliz yeni deyil. “Zəngəzur dəhlizi”nin 1918-ci ildə Batumi müqaviləsində də adı keçir. Orada qeyd olunur ki, dəhliz Türkiyənin nəzarətinə keçməlidir. Deməli, bu, Türkiyənin yüz illik planıdır. Amma ümid edirəm ki, Ermənistan Türkiyəni qane edəcək  güzəştlərə getməyəcək. Türkiyə isə öz tələblərindən əl çəkməyəcək. Bu, o deməkdir ki, Ermənistan güzəştə getməyincə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi dayandırılır. Amma bu məqamda Ermənistan Türkiyə ilə danışıqlardan və müzakirələrdən imtina etməməlidir. Əgər bu, baş versə, Türkiyə Ermənistanın danışıqlardan yayındığını bəyan edəcək”.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*