Yeni məktəbli formalarına keçidin təsdiqlənməsi geniş müzakirələrə səbəb olub. İbtidailər üçün yeni məktəbli formalarından istifadə məcburi olsa da, hələlik yuxarı sinif şagirdləri üçün belə qərar yoxdur. Bir çoxları yuxarı sinif şagirdlərinin geyimlə bağlı sui-istifadə hallarına yol verəcəklərini düşünsə də, bəzi ekspertlər qərarı təqdir edirlər. Digər tərəfdən məktəb rəhbərliyi tərəfindən yuxarı sinif şagirdlərinə də forma ilə bağlı təzyiqlər olduğuna dair fikirlər səsləndirilir. Bu isə öz növbəsində müəyyən narazılıqların yaranmasına səbəb olur.
Mövzunu KONKRET.az-a şərh edən təhsil eksperti Namiq Məmmədov bildirib ki, formalara keçilməsi yeni təsdiq olunub: “Bu il üçün məcburiyyət yoxdur. İbtidailər üçün yeni formalar təsdiqlənsə də, yuxarı siniflər üçün hələ məhdudiyyətlər qoyulmayıb. Amma formalarla bağlı müəyyən güzəştlərin edilməsi o demək deyil ki, şagirdlər istədikləri geyimdə məktəbə gələ bilərlər. Məktəbli formasının və ya onun müəyyən rənglərinin seçilməsi əvvəlki illərdə təhsil müəssisələrinin öhdəliyinə verilmişdi. Yəni forma almağa məcburiyyət olmasa da, məktəblər müəyyən rənglər təklif edirdilər. Amma bəzi məktəblərdə bu, yuxarı sinif şagirdlərinin sui-istifadə hallarına gətirib çıxardı. Məktəb rəhbərliyinin narazılıqları da bu prosesi müəyyən bir çərçivəyə salmaqdan ötrüdür. Yəni məktəb özü valideynlərlə razılıq əsasında müəyyən bir formaya keçə bilər. Əlbəttə ki, bu, şagirdlərin maraqlarının daha çox dərsə yönəlməsinə gətirib çıxarmalıdır”.
Ekspert əlavə edib ki, bu məsələdə ailənin maddi vəziyyəti də nəzərə alınmalıdır: “Amma şagird bundan yararlanaraq daha rəngarəng və bahalı paltarlarla məktəbə gəlməməlidir. Yəni şagirdin məktəbli formasına pulu çatmadığı halda, digər bahalı geyim alaraq təhsil müəssisəinə gəlməsi absurddur. Bu cür sui-istifadə halları yolverilməzdir. Bəzi yuxarı sinif şagirdlərinin məktəbə uyğun olmayan geyimlərdə gəldiyini müşahidə edirik. Təbii ki, məktəb bu halda hər hansı bir məcburiyyətdən istifadə etməlidir. Çünki şagirdi özbaşına buraxmaq doğru deyil. Məktəbə təhsil almaq üçün gələn şagirdin özünü göstərməsi halına yol verməsi düzgün deyil. Ona görə də, təhsil müəssisəsi bunun qarşısını almaq üçün məhdudiyyətlər tətbiq etməlidir. Valideyn isə bu kimi halları anlayışla qarşılamalıdır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az