Azərbaycan təhsil sistemində ifrat dərəcədə mərkəzləşdirmə texniki nasazlıqlarla müşayət olunur və müəyyən narazılıqlar yaradır. Bu baxımdan təhsil sahəsində, şagirdlərin istər məktəbə qəbulunda, istərsə də yerdəyişməsində elektron xidmətin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasını təmin etməkdir.
Şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq əsas şərtdir. Şagirdlərin elektron yerdəyişməsi sistemi siniflərin komplektləşdirilməsi dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərir və yalnız sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün olmur.
Məsələ ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, elektron yerdəyişmədə valideyn kompüter arxasına əyləşərək övladı üçün məktəbi, müəllimi, hətta sinfi belə rahatlıqla seçmək imkanına malikdir: “Gəlin görək, bütün evlərdə internet resursları varmı? Bütün ailə üzvləri elektron xidmətlərlə bağlı bacarıq və bilgilərə sahibləniblərmi? Bu və digər səbəblərdən ilk növbədə valideynlərin rahatlığına, vətəndaşların məmnunluğuna hesablanmış bu addım heç də hamı tərəfindən birmənalı qarşılanmır. Ona görə də ortaya çıxan xırda problemlərdən qaynaqlanan narazılıqlar prosesin əhəmiyyətini az qala kölgədə qoyur. Evdə resursların olmaması, valideynlərin kompüter biliklərinin zəifliyi və başqa səbəblərdən elektron ərizələrin qeydiyyatında yaranan narahatlıqlardan başqa, mikroərazi prinsipinin tətbiqi ilə bağlı da problemlər ortaya çıxır.
Bir çox hallarda texniki nasazlıqlar da problemin həllində əks-təsir rolunu oynayır. Bir də ki, elektron sistem təkcə şagirdlərin yerdəyişməsinə xidmət etmir. Hazırda təkcə şagirdlərin məktəbə qəbulu və yerdəyişməsi deyil, müəllim, direktor və onların müavinlərinin də, digər təhsil işçilərinin də işə qəbulu və yerdəyişməsi elektron sistemlə həyata keçirilir.
Halbuki 15 iyun 1999 – cu ildə Dövlət komissiyası tərəfindən hazırlanmış və ölkə başçısının 168 № -li Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”na təhsilin unifikasiya xarakterini aradan qaldırmaq, idarəetmənin dövlət-ictimai xarakteri ilə yanaşı, ictimai-dövlət idarətmə formasını da tətbiq etmək, təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi maddələr salınmışdı. “Təhsil sisteminin hüquqi tənzimlənməsi”, “təhsil sistemini tənzimləyən müvafiq normativ–hüquqi bazanın yaradılması”, “təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, “funksiyalarin yuxarıdan aşağıya paylanması”, “əsas hədəfin təhsil verənə və alana yönəldilməsi”,”təhsil müəssisələrinin inkişaf strategiyası və məqsədlərinin müəyyən edilməsində, müvafiq qərarların çıxarılmasında və s. müstəqilliyə aparan yeni idarəetmə mexanizminin yaradılması yolu ilə “təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” nəzərdə tutulurdu. Biz nə etdik? Bütün səlahiyyətləri bir əldə cəmləşdirərək, özümüzə və digərlərinə əlavə problemlər yaratdıq! Nəzərə almadıq ki, elektron sistemə keçmək, bütün səlahiyyətləri bir ələ cəmləmək demək deyil”.
Sonra daha bir təhsil üzrə ekspert – Elçin Əfəndi şagirdlərin yerdəyişmə məsələsinə münasibət bildirdi. Ekspert hesab edir ki, hazırda şagirdlərin elektron yerdəyişməsində ciddi problemlər özünü göstərir:
“Problemin başlıca səbəbi əsasən valideynlərin bir məktəbdən digər məktəbə uşaqların yerdəyişməsini həyata keçirdikləri zaman konkret tələbləri ödəməməlidir. Yaşadığı ərazi üzrə qeydiyyatda olduğu ünvan haradırsa həmin əraziyə yaxın məktəbləri seçməlidirlər. Amma bəzi hallarda seçmək istədiyi məktəbdə konkret yer olmur. Uşağın faktiki oxuduğu məktəbdə və sinif daxili yerdəyişmədə yenə yer problemi ortaya çıxır. Belə olan halda artıq valideyn məcburdur ki, tamamilə fərqli istiqamət üzrə övladını yerləşdirməsini həyata keçirsin. Bu zaman sistem ünvan fərqi yarandığı üçün şagirdin yerdəyişməsini qəbul etmir. Yalnız müstəsna hallarda qəbul edilir. Müstəsna hal dedikdə qanunvericiliyə əsasən xüsusi hallarda, məsələn, valideynlərdən biri hərbçidirsə, yaşayış yeri dəyişilir və o zaman icazə verilir. Digər hallarda belə faktlar yoxdursa, şagirdlərin yerdəyişməsi ilə bağlı problem yaranır. Əvvəllər bu sahədə korrupsiya halları mövcud idi. Valideyn müraciət edən zaman müvafiq ödəniş müqabilində yerdəyişmə həyata keçirilirdi. Amma elektron yerdəyişmədə bilirsiniz ki, korrupsiya məsələsi aradan qaldırılıb. Tənzimləmək üçün ən optimal yol daha çox əhalinin sıx yaşadığı ərazilərdə yeni məktəblərin tikilib istifadəyə verilməsidir. Eyni zamanda da yerdəyişmə zamanı sırf qeydiyyatda olduğu yaşayış yeri məsələsi aradan qaldırılmalıdır. Yalnız bu halda yerdəyişmə məsələsi sadələşə bilər”.
Vəli Həsənoğlu,
KONKRET.az