Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Hikmət Saleh oğlu Osmanov Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsindən azad edilib.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, kadr dəyişikliyi təşkilatın VII qurultayı vasitəsilə həyata keçirilib.
Həmin vəzifə əvvəllər İqtisadiyyat Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri olan Hikmət Nəbiyevə həvalə edilib.
H.Osmanovun AHİK sədrinin müavini vəzifəsindən də azad ediləcəyi gözlənilir. O, 1957-ci ildə anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini, 1990-ci ildə Bakı Ali Partiya Məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1996-2005-ci illərdə I və II çağırış Milli Məclisin deputatı olub. 2005-ci ilin sentyabr ayında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib. 2008-ci il fevralın 4-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2021-ci il dekabrın 28-də keçirilən IV Məclisinin qərarı ilə Konfederasiyanın sədr müavini seçilib.
Hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qurultaya hazırlaşır. Quruma üzv təşkilatların qurultayları keçirilir, bəziləri birləşdirilir, yeni sədrlər seçilir. Rəhbərlərin AHİK sədri Sahib Məmmədova yaxın olduqları bildirilir.