Son illər Azərbaycan dövlətinin hərtərəfli qayğısı və dəstəyi sayəsində respublikamızın demək olar ki, bütün guşələrində tarix və mədəniyyət abidələrinin mühafizəsi, tədqiqi, konservasiyası və təbliği istiqamətində çox mühüm layihələr həyata keçrilməkdədir.
Bu cəhətdən Şamaxı rayonunda görülən işləri xüsusi olaraq qeyd etmək olar.
Heydər Əliyev Fondunun dəstəyilə rayonun Dəmirçi kəndində arxeologiya muzeyinin açılması , avropalı mütəxəssislərin iştirakı ilə Şahxəndan türbəsinin konservasiyası və ətrafının abadlaşdırılması, Pirsaat ziyarətgah kompleksində aparılan bərpa, təmir və abadlıq işləri, orta əsrlərdə Şirvanda təşəkkül tapan, daha sonra isə nəinki Türk və İslam dünyasında, eləcə də bütün Avroasiya coğrafiyasında geniş yayılmış olan Xəlvətilik sufi təliminin banisı Pir Ömər Avaxıli Şirvaninin türbəsinin aşkar edilərək tədqiqini müsbət nümunə kimi təqdir və təbliğ etməyə dəyər.
Minnətdarlıq hissi ilə onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse prezident Mehriban xanım Əliyevanın Şamaxı rayonuna səfərləri çərçivəsində Dəmirçi arxeoloji muzeyində, Şahxəndan türbəsində, Pirsaat və Pir Ömər Sultan ziyarətgahlarında olmaları, həmin abidələrdə aparılmaqda olan təmir, bərpa, konservasiya və tədqiqat işləri ilə bağlı zəruri tövsiyə və göstəriş verəmləri ölkə ictimaiyyəti tərəfindən dərin rəğbət hissi ilə qarşılanmaqla yanaşı, gələcəkdə bu sahədə görüləsi işlərin davamlı olaraq, həm də daha geniş miqyasda aparılmasına da əhəmiyyətli təkan olmuşdur.
Iki aydır ki, Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən rayon ərazisindəki Kələxana türbələr kompleksi ərazisində də arxeoloji tədqiqatlar aparılmaqdadır.
Xatırladaq ki, Şamaxı şəhərindən 9 km cənubda yerləşən, 4,6 ha ərazini əhatə edən 9 türbədən ibarət Kələxana türbələr kompleksinin xronoloji baxımdan XVII əsrin ortalarına aid olduğu ehtimal edilir. Maraqlıdır ki, tədqiqatçıların bir qismi Şirvan-Abşeron memarlığının parlaq nümunəsi olan Kələxana türbələrinin eyni vaxtda və eyni memar-usta tərəfindən inşa olunduğunu ehtimal edir.
Səkkizgüşəli formada olan prizma şəkilli bu türbələrin hamısı mədən daşından istifadə olunmaqla inşa edilmiş, portallarının kənarları isə nəfis işlənmiş daş çərçivələrlə haşiyələnmişdir. Kələxana türbələrinin hamısının içərisi kvadrat formalı ağlay daşla döşənib. Döşəmələrinin mərkəzi hissəsində isə sanki kətil funksiyası daşıyan, təqribən 35-40 sm hündürlüyü olan kvadrat formalı daşlar qeydə alınıb. Türbələrdən hamısının giriş hissəsində oyma üsulu ilə müəyyən təsvirlər işlənib. Maraqlıdır ki, onlardan yalnız birinin üzərində kitabə var. Kitabədə həmin türbənin hicri tarixlə 1074-cü ildə (miladi tarixlə 1663/1664) sərkar Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edildiyi, oradakı məzarda isə Çigər şeyxlərindən olan şeyx İsrafilin nəslindən olan, yüksək tanrı tərəfindən bağışlanmış şeyx İbrahim oğlu Əmir Əhmədin dəfn edildiyi qeyd olunub.
Kələxana türbələri haqqında ilk məlumat Holland rəssamı Kornelius de Bruinin XVIII əsrin əvvəllərinə aid kitabında yer alıb. XIX əsrin əvvəllərində rus tədqiqatçısı V.M.Sısoyev ərazidə olub və türbələr barədə müəyyən məlumat nəşr etdirib. Sovet hakimiyyəti illərində akademik Ə.V. Salamzadə Kələxana türbələrinin memarlıq xüsusiyyətlərinin tədqiqi ilə məşğul olub və bir neçə məqalə nəşr etdirib.
Məlumat üçün onu da qeyd edək ki, Kələxana türbələr kompleksi ətrafındakı məzarlıqda üzərində kitabələri olan çoxsaylı qəbirlər vardır. Hansıki həmin qəbirüstü sənduqələrdən bir neçəsi ötən əsrin ortalarında Bakıya aparılmışdır və hazırda Qız qalası qarşısındakı meydanda nümayiş etdirilməkdədir. Xatırladaq ki, Kələxanaya aid sənduqə qəbirlərin bir hissəsi hələ keçən əsrin 50-70-ci illərində görkəmli epiqraf alim M.S.Nemət tərəfindən qismən araşdırılmışdır. Lakin bütün bunlara rəğmən Kələxana türbələr kompleksinin tarixi, onların təyinatı və fəaliyyəti ilə bağlı bir çox suallara elmi cəhətdən aydınlıq gətirilməsinə ehtiyac vardır. Bu baxımdan türbələr kompleksinə daxil ərazidə torpaq altında qalmış olan digər tikinti qalıqlarının da aşkara çıxarılaraq tədqiq olunması, onların təyinatı və memarlıq xüsusiyyətlərinin öyrənilməsi də aktuallıq kəsb edir.
Kələxana türbələr kompleksinə aid türbələrdən 5-nin ətrafı hasarla əhatələnib. Hamısının giriş qapısı şərq tərfdəndir. Ətrafı hasarla əhatə olunan türbələrin önündə isə həm də xüsusi portal-girişi var.
Kələxana türbələr kompleksində tədqiqatlara ilkin olaraq cənub istiqamətdən birinci olan ətrafı hasarlı türbədən başlanıldı. Əvvəlcə türbənin içərisi və ətrafı tör-töküntüdən təmizlənildi. Hansı ki, yerli sakinlərin dediyinə görə son vaxtlaradək Şamaxı şəhərindən və ətraf kəndlərindən olan insanlar həmin türbəni pir olaraq ziyarət edir və orada qurbanlar kəsirmişlər. Qazıntı davam etdirilərkən həmin türbənin cənub tərəfində ağlay daşlardan ibarət döşəmə aşkar olundu. Ola bilsin ki, məhz həmin döşəmə üzərində qurban kəsmə mərasimi icra olunub. Oradan həmçinin bir neçə ədəd üzərində oyma üsulu ilə işlənmiş kitabələrə aid fraqmentlər də aşkar olundu. Bununla paralel olaraq ərazidəki torpağa batmış 8 ədəd daş sənduqənin ətrafı təmizləndi. Daha sonra türbələr kompleksindən cənubda bulaqüstü ərazidə olan və yalnız bəzi yerüstü əlamətləri görünən tikinti qalıqlarının öyrənilməsinə başlanıldı və orada 400 kvadratmetrdən artıq sahəyə malik ictimai bina qalıqları qeydə alındı.
Ərazidə iş davam etdirilərkən orada iki qatdan ibarət çoxotaqlı bina qalığı olduğu müəyyən edildi. Binanın alt qatı 7.5 və 12.3 kvadratmetr sahəsi olan iki otaqdan ibarətdir. Həmin otaqların döşəməsi yonulmuş kvadrat formalı daş piltələrlə səliqə ilə döşənib. Otaqlara daxil olmaq üçün bir neçə pillədən ibarət xüsusi pilləkən olub. Hər iki otağın giriş qapısı şərq istiqamətindən olmaqla tağvari formadadır. Otaqların hər birinin divarlarında qarşı-qarşıya olmaqla 4 ədəd taxça var. Görünür, həmin taxçalar otaqları işıqlandırmaq məqsədilə çıraqlar qoyulması üçün nəzərdə tutulub. Qazıntı prossesində ərazidən tapılmış bir neçə ədəd gil çıraq da məhz bu cür düşünməyə əsas verir.
Binanın üst qatı 67 kvadratmetr sahəyə malik üç otaqdan ibarətdir. Həmin otaqlardan da ikisi iç-içədir. Otaqlardan hər birinin içərisində ocaq yeri qeydə alınıb. Maraqlıdır ki, binanın üst qatının, habelə həyəti əhatə edən və hasar olduğu ehtimal olunan divarlar həm içəri, həm də xarici tərəfdən səliqə ilə yonulmuş kvadrat formalı üzlük daşlarla üzlənmişdir.
Tədqiqatlar davam etdirilərkən tikinti ərazisində xeyli sayda kitabə fraqmentləri, şirli və şirsiz keramika nümunələri və bir neçə ədəd sikkə tapılmışdır. Əfsuslar olsun ki, son yüzilliklər ərzində ətrafda yaşayan ermənilər tərəfindən Kələxana türbələrindən ikisi tam olaraq dağıdılıb, hasarla əhatələnmiş türbələrdən isə üçünün portal-girişi sökülərək materialından şəxsi evlərin və hasarların tikintisində istifadə edilib. Ekspedisiya heyyəti çoxsaylı dəlil və sübutlar əsasında belə bir nəticəyə gəlmişdir ki, Kələxana türbələr kompleksinə daxil olan abidələrdə müşahidə olunan dağıntılar, xüsusən də oradakı çox mühüm elmi əhəmiyyət kəsb edən daş kitabələrin məhv edilməsi, sındırılaraq, parça-parça edilərək oxunmaz hala gətirilməsi, xeyli qısmınin isə ümumiyyətlə yox edilməsi Rusiya və İran arasında imzalanmış 1828-ci il Türkmənçay sülh müqaviləsinin şərtlərinə uyğun olaraq ermənilərin yaxınlıqdakı Kələxana kəndində məskunlaşdırılmasından sonrakı dönəmdə, həm də məqsədli surətdə həyata keçrilmişdir. Türbələr kompleksi ərazisindəki çoxsaylı qəbrüstü sənduqələrin xeyli qisminin sındırılması, üzərindəki yazı, simvol və təsvirlərin qazıdılaraq məhv edilməsi, bir qisminin isə ərazidən aparılaraq kənar yerlərə tullanması faktları da erməni vəhşiliyinin, tarixi-mədəni irsə vandal münasibətin ifadəsi kimi izah olunmalıdır.
Deyilənlərə onu da əlavə edək ki, Sovet hakimiyyəti dönəmində, daha doğrusu ötən əsrin 50-ci illərində Kələxana türbələrinin ikisində müəyyən təmir və bərpa işləri görülmüşdür. Əfsuslar olsun ki, bu zaman da qeyri-peşəkar yanaşma ucbatından abidələrin ilkin görkəminə çox ciddi xələl gətirilmişdir. Təəccüb və təəssüf doğuran haldır ki, “təmir” zamanı oradakı xeyli sayda daş kitabələr sındırılaraq, hissə-hissəyə parçalanaraq aradaşı qısmində türbələrin hasarları divarının içinə yerləşdirilərək üzəri də üzlük daşlarla örtbasdır edilmişdir. Çox ehtimal ki, bu da həmin vaxt təmir bərpa işlərinə cəlb olunmuş erməni ustalar tərəfindən bilərəkdən həyata keçirilmiş daha bir vandal əməlin göstəricisidir.
Xatırladaq ki, indiyədək Kələxana türbələrində kimlərin və ya neçə nəfərin dəfn olunması ilə bağlı müxtəlif fikirlər yazılıb, səsləndirilib. Bu məsələyə aydınlıq gətirilməsi məqsədilə ekspedisiya heyəti tərəfindən Kələxana türbələrinin 3-nün içərisində tədqiqatlara başlanılıb və onların hər birinin içərisində ətrafı yonulmuş ağlay daşlarla səliqə ilə hörülmüş məzarda bir nəfərin İslam qaydaları ilə dəfn olunduğu müəyyən edilmişdir. Daha sonra isə qəbirlərin üstü səliqə ilə yonulmuş əhlət daşları ilə qapanmışdır. Tədqiqatın bu mərhələsində tərəfimizdən antropoloq və kriminalist mütəxəssislər də dəvət olunmuşdur. Düşünürük ki, qəbirlərdən götürülmüş nümunələrin müvafiq laboratoriyalarda araşdırılaraq incələnməsi də elmi baxımdan əhəmiyyətli ola bilər. Bu işdə Türkiyədən olan həmkərlarımıza güvənirik. Çünki Kələxana türbələri tək Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının ortaq dəyəridir.
Hazırda ərazidə arxeoloji tədqiqatlar davam etdirilməkdədir. Bununla paralel olaraq aşkar olunmuş kitabələrin mütəxəssislər tərəfindən incələnməsi, sikkə nümunələrinin təmizlənərək təyin olunması, binaların memarlıq xüsusiyyətlərinin dərindən və hərtərəfli öyrənilməsi işləri də davam etdirilməkdədir. Hesab edirik ki, aparılmaqda olan kompleks tədqiqatlar bütövlükdə Kələxana türbələr kompleksinin və orada aşkar olunmuş möhtəşəm tikinti qalıqlarının dövrünü, təyinatını və Azərbaycanın Orta əsrlər tarixindəki yerini müəyyən etmək baxımından əhəmiyyətli elmi nəticələr əldə olunması ilə əlamətdar olacaqdır.
Qafar Cəbiyev: AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya institutunun Kələxana (Şamaxı r-n) arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor.
KONKRET.az