Samir Şərifov Londonda Britaniya Kralı ilə də qısa söhbət etdibackend

Samir Şərifov Londonda Britaniya Kralı ilə də qısa söhbət etdi

 

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Londonda Britaniya Kralı Üçüncü Çarlzın patronajı altında təşkil edilən COP29 qabağı beynəlxalq iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş konfransda ölkəmizi təmsil edib.

KONKRET.az xəbər verir ki, biznes və sənaye liderləri, səfirlər və COP Üçlüyünə daxil olan Azərbaycan, BƏƏ və Braziliyadan rəsmilərin qoşulduğu tədbirə Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Miliband, Britaniyanın inkişaf məsələləri üzrə naziri Anneliese Dods və ətraf mühit naziri Steve Reed həmsədrlik ediblər.

Konfrans zamanı alternativ enerjiyə keçidin maliyyələşməsinə həsr olunmuş müzakirələrdə çıxış edən maliyyə naziri Samir Şərifov dünyada karbon emissiyalarının azaldılması üçün yaşıl enerji keçidinin vacibliyinə toxunaraq, Azərbaycanda keçiriləcək COP29 tədbirinin beynəlxalq iqlim maliyyələşməsi barədə razılığın əldə olunması və ümumilikdə iqlim fəaliyyətinin irəli aparılması baxımından olduqca vacib olduğunu deyib. Nazir bildirib ki Azərbaycan tədbirin uğurla nəticələnməsi üçün əlindən gələni etməkdədir.

Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Milibend çıxışında COP29-un həlledici əhəmiyyətini vurğulayaraq ölkəsinin Bakıda keçiriləcək tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını və iqlim maliyyəsinin razılaşdırılması istiqamətində aparıcı rol oynayacağını qeyd edib.

Daha sonra Britaniya Kralı III Çarlz tədbir iştirakçılarının şərəfinə Bukinqem Sarayında ziyafət verib. Həmin ziyafətə Britaniyanın xarici işlər naziri Devid Lemmi də qatılıb.

Ziyafət əsnasında maliyyə naziri Samir Şərifov beynəlxalq dayanıqlılıq və iqlim fəaliyyəti məsələsini hər zaman diqqətdə saxlayan Britaniya Kralı III Çarlz ilə də qısa söhbət aparıb. Nazir Samir Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Britaniya Kralına çatdırıb. Öz növbəsində Kral III Çarlz minnətdarlıq edərək onun da salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Söhbətin davamında Britaniya Kralı COP29-un vacib əhəmiyyətini vurğulayaraq tədbirin uğurla keçməsini arzu etdiyini deyib.

Tədbirin sonunda qəbul edilən yekun sənəddə qlobal biznes və sənaye liderləri ölkəmizdə keçiriləcək COP29-a dəstək ifadə edib.

Konfrans barədə Britaniya hökumətinin rəsmi internet səhifəsində məlumat yayılıb. Məlumatda Britaniya hökumətinin COP29-da aktiv iştirak etməsinə hazırlıqların getdiyi qeyd edilib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*