2018-ci ildə istefa verən Serj Sarksiyan avqustun 19-da mətbuat konfransı keçirib. Serj Sarkisyan mətbuat konfransında Ermənistan silahlı qüvvələrinin Tovuzdakı dırnaq arası uğurlu əməliyyatlarını Naxçıvan istiqamətində də təkrarlamalı olduğunu qeyd edib.
Ermənistanın sabiq prezidentinin dünən keçirdiyi mətbuat konfransını KONKRET.az-a şərh edən deputat Ceyhun Məmmədov bildirib ki, Serj Sarkisyan yenə də sərsəm bəyanatlarla çıxış edib:
“Əvvəl ölkə başısı kimi bu kimi bəyantlar verirdi. Bu gün isə reytinqini qaldırmaq üçün növbəti sərsəm fikirlər səsləndirib. Bilirsiniz ki, Qarabağın işğalında çoxlu sayda azərbaycanlının qətlə yetirilməsində, Xocalı soyqırımının törədilməsində Serj Sarkisyan, Robert Köçəryan və onların ətrafındakılar aktiv şəkildə iştirak edib. Onlar çoxlu sayda azərbaycanlını qətlə yetiriblər. Aprel döyüşləri Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Azərbaycan xalqı Aprel döyüşlərində sübut etdi ki, torpaqlarından heç bir zaman imtina etməyəcək və ərazi bütövlüyümüz uğrunda canlarından keçməyə hazırdır. Hər zaman bunun üçün lazım olacaq addımları atacaq. Bu bir daha onu göstərir ki, Ermənistanda siyasətdə olan hər bir şəxs istər müxalifətdə olsun, istərsə də hakimiyyətdə olsun onlar Qarabağ kartından istifadə edir”.
Deputat qeyd edib ki, Serj Sarkisyanın hakimiyyətdən getməsinə səbəb Aprel döyüşlərində baş verənlərin Ermənistanda ciddi narazılıq yaratması oldu:
“Onun belə bir bəyanatla çıxış etməsi o vaxt baş verənlərə bəraət qazandırmaq məqsədi daşıyır. Təəssüf ki, illər ötməsinə baxmayaq, Ermənistanın hazırda və əvvəl siyasi rəhbərlikdə olan şəxsləri özlərinin sərsəm iddialarından və bəyanatlarından vaz keçmirlər. Əlbəttə, burada əsas məqsəd Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaqdır. Ermənistan və Azərbaycan cəmiyyəti Aprel döyüşlərinə lazım olan qiyməti veribdir. Serj Sarksiyanın məqsədlərindən biri də itirdiyi nüfuzunu yenidən bərpa etməkdir. Çünki Aprel döyüşləri zamanı baş verənlərə erməni xalqı çox sərt reaksiya vermişdi. Hakimiyyətdən çox narazı qalmışdı. Bu gün də Serj Sarkisyan bu cür bəyanatlar verərək çalışır ki, o dövrdə baş verənlərlə bağlı cəmiyyətdə yaranan fikirləri dəyişsin. O, bu yolla heç nəyə nail ola bilməyəcək. Çünki Azərbaycanın qazandıqları da Ermənistanın itirdikləri də ortadadır. Xeyli müddət keçəndən sonra o vaxt baş verənləri əsaslandırmaq absurddur. Ermənistan rəhbərliyi və siyasətçiləri bilməlidir ki, dövlətlərinin inkişafı bilavasitə Azərbaycan torpaqlarını işğal etməkdən keçir. Düşünürəm ki, Ermənistan rəhbərliyi bu kimi fikirlərlə ümumi münaqişənin həllini daha da mürəkkəbləşdirir, Ermənistan cəmiyyətini daha da bataqlığa sürükləyirlər. Onlar anlamalıdır ki, işğala son qoymadan Ermənistanın regionda inkişafından və hansısa layihələrdə iştirakından söhbət gedə bilməz. Bunun tək yolu var. O da Azərbaycan torpaqlarını işğaldan azad etmək və Dağlıq Qarabağla bağlı danışıqların həyata keçirilməsində düzgün, sağlam mövqe tutmaqdır”.
Nərgiz Mirzəyeva,
KONKRET.az