Sarkisyanın “İsgəndər” açıqlamasından alınan mesajlar – ŞƏRHbackend

Sarkisyanın “İsgəndər” açıqlamasından alınan mesajlar - ŞƏRH

Elman Babayev, əməkdar jurnalist

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan maraq və təəccüb doğuran açıqlama ilə çıxış edib. Açıqlama 44 günlük Qarabağ müharibəsində Ermənistanın “İsgəndər” Operativ Taktiki Raket Kompleksindən (OTRK) istifadəsi ilə bağlıdır.

Məsələ burasındadır ki, eks-prezident ölkəsinin hazırkı iqtidarının müharibənin gedişində bu raketdən istifadə olunmamasına dair mövqeyinə şübhəli yanaşıb. Yəni raketin atıldığını təsdiqləyir. Bunu ehtimal edərkən isə, belə bir silah növündən istifadəyə qarşı olduğunu anlatmağa çalışmır, əksinə dəstəklədiyini açıq kontekstlə izah edir.

Serj Sarkisyan “İsgəndər” raketinin hücum məqsədli əldə olunduğu, müttəfiqləri tərəfindən verilərkən belə bir niyyətə hesablandığı üzərinə vurğu salaraq, bu raketin Horadizdən başlayan məğlubiyyət zamanı işə salınmalı olduğunu ifadə edib.

Biz bu açıqlama ilə hansı mesajı alırıq?

O mesajı alırıq ki, istər Paşinyan iqtidarı, istərsə də onun rəqibləri eyni bir zehniyyətə sahibdir. “İsgəndər” raket kompleksinin vura biləcəyi zərbənin miqyası, nəticələri bu dövlət adamlarının heç birində çəkinmə, məsuliyyət hissi yaratmır. Ermənistanda demək olar ki, əksər siyasi qüvvələr Azərbaycanla münaqişəni Qarabağ məsələsindən də kənara çıxarmağa can atıblar. Demək ki, Prezident İlham Əliyev  “… Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Paşinyan heç kimdir” fikirlərində əsla yanılmayıb, 44 günlük savaşımızda təkcə Paşinyana deyil, həm də keçmiş prezidentlərə, onların havadarlarına, Qarabağ siyasəti üzərində oyun oynayanlara məğlubiyyət acısı yaşatmışıq.

Eks-prezident özünü hazırkı prezident Paşinyandan daha pis variantlara önəm verən birisi kimi təqdim edir. Bu, onunla bağlıdır ki, Sarkisyan raketin neft-qaz kəmərlərinə nə üçün atılmadığını sual edir. Yəni, müharibə zamanı Qarabağı yaddan çıxarıb, daha irəli gedən və münaqişənin predmeti olmayan məsələlər üzərindən savaşı daha dəhşətli,  irimiqyaslı bir hərbə çevirmək lazımmış. Çünki neft-qaz layihələrini hədəfə almaq bu münaqişəyə Avropanı da cəlb etmək demək olardı. Söhbət ondan gedir ki, Azərbaycan üzərindən çəkilən neft-qaz kəmərləri Avropanın enerji təhlükəsizliyi məsələsidir, bu layihələrin əsas tərəfdaşı Avropadır. Görünür, Sarkisyan ya siyasi savadsızlıq edir, ya da ağlını itirmiş qoca kimi düşünür.

Bunlar bizə çatan, bizim anladığımız mesajlardır.

Sarkisyan bu açıqlaması ilə Ermənistan ictimai rəyinə də mesajlar verib. Daha çox öz cəmiyyətinə.

Keçmiş prezident kütlə zehniyyətinə təsir göstərib, diqqəti öz ağlına yönəltməyə,  Paşinyanı tənqid obyektinə çevirməklə siyasi xallara ümid bəsləyib.

Nəzərə alaq ki, açıqlamasında həddindən çox iddialıdır, amma bu, içi boş iddiadır. Ermənistan “İsgəndər” raketi ilə enerji dəhlizini hədəf seçmək cəsarətini nə özündə tapa bilərdi, nə də bu cəsarəti kimsədən ala bilərdi.

Azərbaycanın şəhərlərini bu raketlə vurmaq sərsəmliyinə gəlincə, inkar üçün də fakt lazımdır. Uğursuzluqdan başını itirmiş, faşist xislətli dövlətin Azərbaycanı qıcıqlandırmaq, adekvat hücum gözləmək, beləliklə regional müharibə yaratmaq  cəhdi hiss olunurdu.  Müharibənin gedişində Bərdəyə, Gəncəyə atılan raketlərin hansı tip silah növü olduğu istiqamətində araşdırmaları bitmiş saymaq olmaz, Sarkisyanın açıqlaması əsas verir ki, Gəncə və Bərdədə törədilən müharibə cinayətlərinin araşdırılmasına başdan qayıdılsın və sona kimi gedilsin, ola bilsin Ermənistanı ifşa və rüsvay edəcək yeni faktlara burada rastlamaq mümkün olsun.

Sarkisyanın raketin Şuşaya atılması iddiası da araşdırma tələb edir-orda bu raketin dağıdıcılıq gücündə olan zərbəsinin nə kimi izləri var, nə kimi təlafat var? Ümumiyyətlə varmı? “İsgəndər” niyə Şuşaya atılmalıdır ki? Oranı fəth etmiş Azərbaycan əsgərlərindən ibarət bir dəstəni məhv etmək üçünmü? Yoxsa əldən çıxmış Şuşanı öz sahibinə salamat bir şəhər kimi buraxmamaq üçünmü? Hər halda ortada suallar var…

Hələliksə bunu demək olar ki, Sarkisyan iqtidarını itirib, indi o, ümidlərlə yaşayır-geri qayıtmaq ümidi ilə. Bunun üçün Ermənistan ictimai rəyinə daha cəsarətli görünmək, Azərbaycan tərəfini düşmən elan etməkdə stabil düşündüyünü anlatması lazımdır. Təbii ki, Ermənistan ictimaiyyətində həm qalib Azərbaycana, həm də məğlub lider Paşinyana bir qəzəb formalaşıb. Eks-prezident bu qəzəb üzərindən özünə qəhrəman obrazı yaratmağa çalışır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*