Qida təhlükəsizliyi bütün dövrlərin əsas prioriteti hesab edilir. Bazara çıxarılan qidaların keyfiyyətsiz olması istehlakçıların narazılığına səbəb olur. Əksər hallarda yararsız qida məhsullarının qablaşdırılmasında saxtakarlığa yol verilir.
Məsələni KONKRET.az-a şərh edən Azad İstehlakçıçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, respublikada Qida Təhlükəsizliyi Agentliyi qidanın yalnız təhlükəsizliyini təmin edir:
“Keyfiyyətə nəzarət edən dövlət orqanı yoxdur. Bu da keyfiyyət məsələsini arxa plana atır. Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində keyfiyyət məsələsi nəzərdə tutulmayıb. Ona görə də, biz həmişə təklif etmişik ki, agentliyin əsasnaməsində dəyişiklik edilsin və onlar keyfiyyətə də nəzarət etsinlər. Təhlükəsiz mal həm də keyfiyyətsiz ola bilər. Təhlükəli məhsul insanı bir anda öldürür, keyfiyyətsiz mal isə öz işini tədricən görür. Bu gün apteklərdə, həkim növbələrində dayananlar məhz həmin keyfiyyətsiz məhsulların tədricən yaratdığı fəsadlardan əziyyət çəkirlər”.
Daha sonra sərbəst qiymətlərə toxunan mütəxəssis bildirib ki, bazarın sərbəstliyindən geniş istifadə edilir və ona görə də istehlakçıların hüququ arxa plana keçir: “Hələ indiyədək dövlət məmurlarından bir nəfər də deməyib ki, istehlakçıları aldatmaq olmaz. Deməli, hökumətin istehlakçı siyasəti bərbad gündədir. İstehlakçıların hüquqlarını müdafiə haqqında qanun 1995-ci ildən bu günə kimi dəyişməyib. Belə bir şəraitdə bazarda keyfiyyətsiz malların sayı və çeşidi artmağa başlayıb. 2019-cu ildə spirtli içkilərin istehsalı üçün nəzərdə tutulan lisenziyalar ləğv olunub. Ondan sonra 50-dən çox spirtli içki istehsalçısı meydana çıxıb. Bu, azad bazar iqtisadiyyatıdır. Kim-kimi necə aldadır, nə ilə zəhərləyir heç kəs cavab vermir. Təsadüfü deyil ki, ölkədə zəhərlənmə statistikası 1400, zəhərlənmədən ölənlərin sayı isə 74 dəfə az göstərilir. Deməli, istehlakçı sağlamlığı arxa plandadır”.
Vəli Həsənoğlu,
KONKRET.az