Səlim Müslümovun dövründə cənazə maşınının sürücüsünün adına 3 şirkət açılıbbackend

Səlim Müslümovun dövründə cənazə maşınının sürücüsünün adına 3 şirkət açılıb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

KONKRET.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda iş üzrə on şahid dindirilib.

İclasda ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İstisadiyyat şöbəsinin müdir müavini Ülviyyə Məmmədova ifadə verib. O, şöbə müdiri Şəlalə Cəfərovanın tapşırıqlarını

yerinə yetirdiyini deyib: “İşə qəbul olarkən Səlim Müslümov və Şəlalə Cəfərova ilə görüşdük. Hansı işlərlə məşğul olacağım barədə mənə məlumat verdilər, hansı təşkilatlarla müqavilələr bağlanacağını dedilər. Mənim işim yığılan pulları çatdırmaq olub. Bütün pulları otağında təqdim etmişəm. Nə qədər pul yığılıb, onu istintaqdakı ifadəmdə demişəm. Daha sonra Respublika Əlillərin bərpa Mərkəzinin baş mühasibi olmuş Nəzakət Kərimova ifadə verib.

Onun sözlərinə görə qızının adına bir neçə şirkət yaradılıb və alqı-satqılar üçün ayrılan pulların 20-30 faizi geri qaytarılıb. Həmin əlavə gəlirlər isə bərpa mərkəzinin rəhbərinə verilib: “Mən bərpa mərkəzinin rəhbəri İlqar Qurbanovun tapşırıqlarını icra etmişəm. Ancaq tapşırıqlar əsasında olan işlər görülüb, başqa əlavə əməliyyatlar aparılmayıb”.

Nəzakət Kərimovanın qızı Könül Xudiyeva isə adına üç şirkət yaradılmasında məqsədin yaşayışlarını düzəltmək olduğunu deyib:

“Mənim adıma “İnci 2014” MMC, “Röya 2014” MMC və “Buğday 2014″ MMC-lər olub. Şirkətlərimiz nazirliyin elan etdiyi tenderlərdə qalib olub. Bu işlərin görülməsi üçün anama etibarnamə vermişəm. Anam da mənim adımdan açılan şirkətləri idarə edib. Mənim heç nədən xəbərim olmayıb”.

Şahid Ənvər Məhərrəmovun isə cənazə avtomobilinin sürücüsü işlədiyi bildirilib. Respublika Əlillərin Bərpa Mərkəzi üçün avadanlıqların alınmasına görə saxta şirkətlərdən üçü onun adına təsis edilib: “Mənim dostum Vüqar xahiş etdi ki, sənin adına şirkət açaq məndə razı oldum. Heç bir xeyrim olmayıb, nə şirkəti olduğunu da bilməmişəm”.

Şahid qismində tanınmış Dövlət Sosial Müdafiə Fondunun (DSMF)-nun təsərrüfat şöbəsinin müdiri Vidadi Nəbiyev isə məhkəmədə ifədə verməkdə çətinlik çəkib. Buna görə prokuror ona irad tutub: “Sizin kifayət qədər səlahiyyətiniz olub, amma indi burda iki kəlmə ilə yekunlaşdırmaq istəyirsiz”.

Hakim Faiq Qəniyev də buna görə şahidə irad bildirib:

“Digər şahidlərdən fərqli olaraq siz savadlı adamsız. Heç məsuliyyət hiss edirsiz?”

Proses sentyabrın 26-da davam etdiriləcək.

Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*