Şən və Ciddi! – “Yaşamaq immunitetlə yaxşıdır, ölmək – gülə-gülə”backend

Şən və Ciddi! - “Yaşamaq immunitetlə yaxşıdır, ölmək – gülə-gülə”

Həmsöhbətim – əvvəlki müsahibədən tanınmış filosofluq edən şəxs Aydın Sadiqdir.

Onu Pyotr İliç Çaykovskinin “Sonalar gölü” baletindən xatırlamayan – 1980-ci ildə həmin tamaşaya Moskva teatrında baxmışdı – məşhur müsahibəni oxusun (https://konkret.az/bizde-qusman-bakili-sayilir-moskvada-yehudi-musahibe/). A.Sadiq orada etiraf edib ki, bir neçə nəfər vəzifəli şəxsi aldadıb, nəticədə bəzi Bakı məktəbində şən və hazırcavab klubları fəaliyyət göstərib. Bu işinə görə həmsöhbətim dəhşətli “65+” maddəsi üzrə 50 sutka ev dustağı olub.

– Aydın müəllim, 2020-ci ilin 6 avqustundakı son görüşümüzdən sonra yeni nə baş verib?

– İddia edirlər, guya Bakıda metro açılıb. Amma məni aldada bilməzlər! Yaxşı yadımdadır ki, Bakı metropoliteni 1967-ci ilin noyabr ayında işə başlayıb.

– Prinsipcə, “COVID–19” haqqında nə danışa bilərsiniz?

– Onun barəsində hələ uşaq ikən danışmaq istəmişəm. Prinsipcə. Əlimi qaldırırdım, amma müəllimə lövhə qarşısına çağırmırdı.

Masa səthini fikrinizə gətirin. Təsəvvür edin ki, o, tər-təmizdir. Eləcə çox təmiz saydığınız əsgi ilə mebeli sürtün. Düşünürsünüz, o, qüsursuz oldu? Əsla! Masanın səthi mikrob yığnağıdır. Onun bir hissəsi əvvəldən burada idi və qalıb. Digər qismini isə siz tərifli əsginizlə gətirmisiniz.

Hava, əşyalar, qida müxtəlif növ bakteriya və mikroblarla zəngindir. Bəziləri ilə “partnyor” (əməldaş) münasibətlərimiz yaranıb. Digərləri də mahiyyətcə öldürücüdür. Lakin onlar qarşımızda acizdir: uzun dövr, məsələn, minilliklər ərzində insan orqanizmi onlara qarşı immunitet hazırlayıb. Birdən yox. Əvvəl insanlar ölürdülər. Sağ qalanları isə indi bununla öldürə bilməzsən. Necə deyərlər, “bizi öldürməyən – daha güclü edir”.

Bu zaman yeni virus gəldi. 2019-cu ilin koronavirusu. Yad, naməlum. Əvvəlki virus qardaşlarını və bakteriya bacılarını dəf etdiyimizə görə bizdən qisas alan.

Bilmirəm 100 il bundan qabaq harada idiniz, o zaman dünyada “ispan” adlı qrip tüğyan edirdi. Əslən çinli. Avropaya onu miqrant fəhlələr gətirmişdilər. Sonradan virus Birinci Dünya müharibəsi əsgərlərinin süngü və bronxlarında qitə üzrə qalibiyyətli yürüş etdi. Əvvəlki statistika mənbələrinə əsasən “ispan” 10 milyon insan həyatına son qoyub. Dünya müharibəsinin etdiyi qədər. Lakin indi internetdə epidemiyanın 50, hətta 100 milyon qurbanı olduğu barədə oxuya bilərsiniz. Görünür, informasiyanın mayası artıq düşüb…

Yarım əsr bundan qabaq bəşəriyyətin canını almağa yeni qatil qrip gəldi. Honkonq qripi. Haralı olduğu adından bilinir.

Budur, Çin bizə yeni kütləvi qırğın vasitəsi bəxş etdi.

– Üzr istəyirəm, siz elə maraqlı danışırsınız… Sanki peşəkar virusoloqsunuz.

– Bilirəm. Amma Putinin iqtisadi məsələlər üzrə sabiq müşaviri, indi amerikalı Andrey İllarionovdan və Putinin sabiq tələbə yoldaşı, sabiq sovet kəşfiyyatçısı, eləcə də indi amerikalı (yəqin orada mənzil tarifləri sərfəlidir) Yuri Şvetsdən sonra sabiq deyil, Sadiq niyə ki, pandemiya haqqında danışıb virusoloqluq etməsin?..

– А…

– Görüm, taparam: bilmək istəyirsiniz lənətlənmiş “COVID–19” haradan meydana çıxıb – Sibir laboratoriyasından, ya Uhanın dəniz ərzağı bazarından? Pandemiya zamanı bunun prinsipial əhəmiyyəti yoxdur. Müasir nəqliyyat kommunikasiyalarının sayəsində virus böyük sürətlə okeanlar aşaraq, qitədən qitəyə keçərək az vaxt ərzində planeti istila etdi. Ötən əsrin başlanğıcında belə şey mümkün deyildi. Dünya Səhiyyə Təşkilatı dəqiq tövsiyələr verdi, müdrik dövlət başçıları isə düzgün tədbirlər gördülər. Bu, koronavirusun zəfərlə yayılmasını xeyli dərəcə zəiflətdi.

– Axı, çoxları virus təhlükəsinin həqiqiliyinə inanmırdılar…

– Xəstəliyi və ölüm təhlükəsini inanc müstəvisinə köçürmək yolverilməzdir. İsaya, Məhəmmədə, Hindistandakı kimi inəyə, meymuna inana və ya inanmaya bilərsən. Lakin ölmüş virus daşıyıcısının cəsədi üzərində durub “Qalx, sənə inanmıram” demək mənasız olmaqla yanaşı sarsaqlıqdır. Təsəvvür etmək mümkün deyil ki, həkim xəstəyə onun xərçəngə tutulduğunu xəbər verir, o isə həkimin kürəyinə vurur və gülür: “Yalan deyirsən, doktor!”.

Pandemiyanın ilk dövrünün xronika kadrlarını xatırlayın. Çin şəhərlərinin küçələrində insanlar durduqları yerdə yıxılırdılar. Ölünün yanından keçərkən çətin ki, onun səmimiliyinə şübhə edəsən. Vaxtında karantin tətbiq olunan ölkələrdə əhali belə səhnə görmədi. İnamsızlıq buradandır. Axı onlar həmin adamların tayıdır ki, tütün çəkməyin öldürücülüyünə inanmırlar. Küçədə atəş aç – hamı qaçışar. Əsl inamın gücü də məhz bundadır.

– Bəzi ölkələr təkrarən hazırlıq görür, hətta yenidən karantin tətbiq edir. İddia olunur ki, koronavirusun ikinci dalğası gəlir.

– Dalğaları sayanlar öz xəyalına fırtınalı dəniz, hətta sunami gətirirlər.

Sevirəm obrazları, yaradıcı təxəyyülü! Mənim anlamımda koronavirus bizə sunami kimi deyil, daşqın şəklində təşrif buyurub. Gəlib və əraziləri “su”ya qərq edib. İnsanlar, “ayaqları yaş olmasın” deyə, hündür yerlərə qalxıblar: kimisi masa üstünə, digəri dama, başqası təpəciyə. Amma sonra bəzilərinin kefi …çimərlik, restoran, bar, rəqs meydançası istədi – axı bunlarsız həyat yoxdur!.. Küçədə atəş açılsaydı – başqa məsələ…

Beləliklə, onlar su altında qalmış torpaqlara qədəm basdılar. Virus bir daha onların təpəsinə zərbə vurdu. Çoxları yoluxdu, kimlərsə öldülər. Və bunu ikinci dalğa adlandırdılar. Beləcə, virusla dolu «gölməçə»yə sonsuz qədər tullanmaq olar.

– Azərbaycanda əhalini koronavirusdan müdafiə tədbirlərinə necə münasibət bəsləyirsiniz?

– Müdafiəyə – birmənalı surətdə müsbət. Tədbirlərə – tamamilə bəyənməkdən bunun tam əksinə qədər.

Karantin. O, zəruridir, çünki xilasedicidir. Məsələ onun əhatə dairəsində, ərazisinin müəyyənləşdirilməsində, dönməzliyində və pozuntuya görə cəzalandırmanın ciddiliyindədir. Televizorda deyiləndə ki, vətəndaşlar karantin qaydalarını pozurlar, hiddətlənirdim: ümumiləşdirmək yaramaz! Həm qanunlar, həm də onların icrasına riayət etməli orqanlar var. Cəzalandır pozucunu! İctimai qınağa çağırış isə əbəsdir – bu, xalqımızın mentalitetinə yaddır.

Maska. Virus daşıyıcısı üçün bu, mühüm qabaqlayıcı vasitədir. Sağlam insanı yoluxmuşdan tam müdafiə etməz. Bu zaman oyuna məsafə güdmək amili daxil olur.

Virus havada ora-bura vurnuxur. Onu külək qovur. Virus təkcə maskanın kiçik sahəsinə oturmur. Maskanın işi asandır – onu atarsan. Paltarı nə edəsən? Havada asarsan – orada mikrob daha çoxdur. Çarəsizlikdən baş gicəllənir…

Söz düşmüşkən, başı keçəl qırxmaq məqsədəuyğundur. Axı əlləri, üzü gün ərzində dəfələrlə yumaq olar, başı isə belə edə bilməzsən. Çirk, viruslu hissəciklər tərə qoşulub sifət boyu axır, gözə, ağıza düşür. Vacib məsələ çoxdur. Yaxşısı budur ki, saqqalını da qırxasan. Döz, təki pandemiyadan qurtulasan! Başına isə mövsümə uyğun papaq qoy.

İşlənmiş maskanın təhlükəliyi barədə çox danışılır. Guya onu az qala istilik-nüvə sobasında yandırmaq lazımdır. Halbuki, artıq onlarca ildir qalvanik batareyaların təhlükəli olduğu məlumdur. Həm işlənmiş, həm təzə. Mədəni ölkələrdə – belələri az olsa da, var – batareyalar xüsusi konteynerlərdə toplanır və sonra utilləşdirilir. Maska ilə vəziyyət bizdə batareya ilə olduğu kimidir. Nədir, güman edirdiniz başqa cür olacaq?

Çox vacibdir ki, səhərlər küçəyə çıxanda, dükana, iş yerinə gələndə görək ki, hər şey axşam televizorda deyildiyi kimi, hətta daha yaxşıdır. Belə edin və siz özünüzə çoxlu dost qazanarsınız.

«65+» uydurmasına görə isə qoy kiməsə ayıb olsun. Elə indi «tebib» faylına (file:///C:/Users/user/Downloads/tebib.pdf) daxil olun. Yoluxanların 79 faizi yaşı 59-dək olanlardır. Qalanlar – 60 yaşdan yuxarıdır. Deməli, 65+ daha azdır.

– Kədərləndim…

– Lətifə sevirsinizmi?

– Əlbəttə.

– Sevirsinizsə – danışın.

– …İstərdim, görüşün sonunda mülahizələrinizi səsləndirəsiniz.

– Yaxşı, gülməlidir. Bəs bugünkü söhbətin mövzusu nədir? Yadınıza salınca, düşünün: İnsanlar nədən ölürlər?

Əvvəla, bədbəxt hadisələrdə. Əksər hallarda uşaqlar və cavanlar.

Səbəb həm balacaların həddən artıq şıltaqlığı, həm valideynlərin diqqətsizliyidir; yollarda, inşaat işləri zamanı qəzalar; hərbi xidmətdə və ictimai asayişin qorunması ilə bağlı hadisələrdə…

İkincisi, xəstəliklərdən. Yaşından asılı olmayaraq.

Onların arasında ən «populyar»lar – daim səsləndirilən ürək-damar, onkoloji xəstəliklər… Diabet, hipertoniya.

Əlbəttə, insanlar daxili orqanların «amortizasiya»sından, onların işlənib əldən düşməsindən də keçinirlər. Bu, əsasən, qocalara aiddir.

Qəribə görünmək istəmirəm, amma kim ki, uşaq və cavan ikən ölmürsə, qocalanda mütləq ölür. Təbiətlə belə «danışılıb».

İnsanları yaşı öldürmür.

İnsanları öldürən xəstəlikdir.

Müsahibəni zorla çatışıb yazdı: A.ƏZİZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*