SENSASİYA: “İran bunu etsə, İsrail bir dövlət kimi məhv olacaq”backend

SENSASİYA: "İran bunu etsə, İsrail bir dövlət kimi məhv olacaq"

Hazırda Yaxın Şərqdə baş verən gərginliklər fonunda İran-İsrail müharibəsinin baş verəcəyi ilə bağlı ehtimallar böyüyür. Buna səbəb İsrailin İrana məxsus proksi qüvvələri bir-bir sıradan çıxarmasıdır. Ancaq birbaşa quru müharibəsi ilə bağlı fərqli fikirlər mövcuddur.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, İran-İsrail tarixi münasibətlərinə baxsaq ilk dəfədir ki, bu qədər gərginliyin yaşandığını görə bilərik:

“Hətta tərəflər bir-birilərinin ərazilərinə belə zərbələr endirməkdən çəkinmirlər. Hərçənd, hələlik tərəflərin ciddi itkilərlə qarşılaşdığını demək olmaz. Bu baxımdan İran və İsrail arasında birbaşa quru müharibəsinin baş verəcəyi ilə bağlı ehtimallar zəifdir. Bunun obyektiv və subyektiv səbəbləri mövcuddur. Birincisi, İsrail və İran arasında quru sərhədləri mövcud deyil. İkincisi, İsrail nə ordu sayı, nə də əhali baxımından quru müharibəsi aparmaq üçün geniş imkanlara malikdir. Bunu biz son bir ildə Fələstində aparılan əməliyyatlarda gördük. Həmçinin bu, ABŞ-ın maraqlarına uyğun gəlmir. Çünki, bu halda Birləşmiş Ştatlar İsraili dəstəkləmək məcburiyyətində qalacaq. Amma Vaşinqton daha bir Yaxın Şərq bataqlığına girmək niyyətində deyil. Həm də əsas tarixi səbəb odur ki, İran müsəlman şərqində alternativ dövlət kimi Qərb üçün hər zaman lazım olub. İndi də İran lazımlı dövlətdir. Blokadaya və 40 illik gərginlik dövrünə rəğmən İran bəzi Qərb dövlətləri ilə indiyədək münasibətləri qoruyub saxlayıb. Buna misal olaraq Fransa və Almaniya ilə münasibətləri göstərmək mümkündür. Fransanın İran vasitəsi ilə Ermənistana silah ötürdüyünü unutmaq olmaz”.

Politoloq əlavə edib ki, qeyri-rəsmi məlumatlara görə, İranın artıq 6 nüvə başlığı var: “Doğrudur, israilin onlarla nüvə başlığı mövcuddur. Amma elə bu 6 nüvə başlığı kifayət edir ki, İsrail bir dövlət kimi məhv olsun. Bütün bunları, eləcə də İsrailin daxilindəki prosesləri, üstəlik aparılan müharibələr nəticəsində iqtisadi baxımdan itkiləri nəzərə alsaq, o zaman İsrail-İran müharibəsi təhlükəsinin azaldığını deyə bilərik. ABŞ-da demokratlar qalib gəlsə, İranla növbəti anlaşmaya gediləcək. Yaxın Şərqin gələcəyi ilə bağlı bütün məsələlər ABŞ-da 5 noyabrda keçiriləcək seçkilərdən və onun nəticələrindən sonra daha aydın olacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*