Qondarma rejimin “rəhbəri” Araik Arutyunyan istefa verəndən sonra onu tanınmamış “Artsax” “təhlükəsizlik şurası”nın “katibi” Samvel Şahramanyan əvəzləyib.
Samvel Şahramanyan kimdir?
KONKRET.az S.Şahramanyanın bioqrafiyasını təqdim edir:
45 yaşlı separatçı 1978-ci il dekabrın 1-də Azərbaycan SSR-in Xankəndi şəhərində anadan olub. S.Şahramanyan indiki “vəzifə”sindən öncə qondarma rejim “milli təhlükəsizlik xidməti”nin (MTX) “direktoru” və tanınmamış “DQR”in “hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri” olub.
“General-mayor” rütbəsi daşıyan S. Şahramanyan 1997-ci ildə İrəvan Qriqor Zohrap Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsinə daxil olub. Daha sonra 1998-ci ildə Xankəndi Pedaqoji İnstitutunun İqtisadiyyat fakültəsinə keçib və 1999-cu ildə oranı bitirib.
1996-1999-cu ildə separatçı qurumun “müdafiə ordusu”nda “hərbi xidmət” keçib. Qondarma qurumda müxtəlif “vəzifələr”də çalışan S. Şahramanyan 2013-cü ildə separatçı “DQR Polisi”nin Xankəndi şəhər şöbəsinin “rəisi”, sonra isə cinayət axtarış idarəsinin “rəisi” təyin edilib. 2014-2018-ci illərdə qondarma qurumun MTX-də işləyib. 2018-2020-ci illərdə o, MTX-nin “direktoru” olub.
O, 2018-ci il iyulun 16-da “əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar komissiya”nın “sədri” təyin edilib.
29 may 2020-ci il tarixində isə “general-mayor” rütbəsi alıb.
2020-ci il 29 may tarixində separatçı xuntanın “hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri” təyin edilən S. Şahramanyan 2023-cü il yanvarın 16-dan qondarma qurumun “təhlükəsizlik şurası”nın “katibi” “vəzifə”sində çalışır.//Yenisabah