“Şər atıb, qara yaxıb, imicini korlayıblar…“ – Məşhur rejissorbackend

“Şər atıb, qara yaxıb, imicini korlayıblar...“ - Məşhur rejissor

Prezident İlham Əliyevin “Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncamlarından sonra kinomuzda yeni mərhələ başladı. İllər əvvəl ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirildi, yeni filmlər çəkildi.

Hər il Azərbaycanda bir neçə film çəkilir. Hər film üçün isə dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Lakin tamaşaçılar həmin filmləri televiziya ekranlarında, kinoteatrlarda görə bilmir. Sanki çəkilənlər xalq üçün deyil, beynəlxalq festivallar üçündür.

KONKRET.az xəbər verir ki, rejissor-prodüser Əli İsa Cabbarov son dövrlər dövlət sifarişi ilə çəkilən kinoların məzmun baxımından həm ictmai məsələlərə, həm mədəniyyətə, həm də müharibə mövzusuna toxunduğunu qeyd edib.

Rejissor Azərbaycan filmlərinin ciddi uğurlarının olduğunu, sadəcə yerli filmlərə qarşı qaralama kampaniyasının aparıldığını deyib:

“Azərbaycan kinosunun uğursuzluqları ilə yanaşı, ciddi uğurları da var. Azərbaycan kinosu Venesiya film festivalında rəsmi müsabiqədə iştirak edib. Bundan başqa, digər beynəlxalq festivallarda filmlərimiz iştirak edib. Pandemiyaya qədər Azərbaycan filmlərinə böyük bir axın var idi, əsasən də komediya filmlərinə. Həmin filmlərin səviyyəsi hər dəfə artırdı, istər texniki keyfiyyəti, istərsə də aktyor oyunu, ssenari baxımından. Pandemiya olmasaydı, biz hazırda daha çox bilet satışı və uğurlar əldə edə biləcəkdik. Ümumi olaraq Azərbaycan kinosuna şər atıb, qara yaxıblar və Azərbaycan kinosunun imicini korlayıblar. Bunu da kino şöbəsinin əvvəlki rəhbərliyində kinonun təbliğatı üzrə məsul insanlar ediblər. Onlar təbliğat işini düzgün təşkil etməyiblər, Azərbaycan kinosunu populyarlaşdırmayıblar. Halbuki, bu onların vəzifə borcu idi, kinomuzu təbliğ etməli, bu işlə ciddi məşğul olmalı idilər”.

O, dövlət studiyasında çəkilən filmlərin televiziya ekranlarında nümayiş olunmamasından gileylənib. Sənətçinin fikrincə, həmin filmlər əvəzinə ekranlarda təbliğata ehtiyacı olmayan filmlər yer alıb:

“Dövlət hesabına çəkilən filmlər xalqa göstərilməlidir, populyarlaşdırılmalıdır. Məsələn, dövlət balansında olan “Nizami Kino Mərkəzi” var, ora gedəndə bir dənə də dövlət hesabına çəkilən film görmək olmur. Bu filmlər nümayiş edilməlidir, hətta tamaşaçı gəlməsə belə, zalda bircə nəfər olsa belə göstərilməlidir. Nizami kinoteatrnın rəhbərliyi bu məsələyə məsuliyyətli yanaşmalıdır. Dövlət pul verib film istehsal edir, bu filmlər arasında Qarabağ mövzusu da, mədəniyyət mövzulu olan da var. Onlar hamısı daima göstərilməli, tanınmalıdır. Bununla yanaş,  televiziya kanalları da bu məsələni diqqətdə saxlamalı, filmləri efirdə göstərməlidirlər. Son dövrlər İctimai Televiziya bu cəhətdən yaxşı nümunə olur, Azərbaycan kinosunun təbliği ilə məşğul olur, filmlərə daha çox diqqət ayırır. Amma digər kanallarda təəssüf ki, vəziyyət belə deyil. Yalnız “O olmasın, bu olsun”la “Təhminə”  göstərilir. Halbuki Azərbaycan kino tarixində 600-dən çox bədii film var, onların içərisində çox maraqlı filmlər var. Rasim Ocaqov kimi maraqlı rejissorun ancaq “Təhminə”si göstərilir. Onun bu filmdən başqa aktual mövzulara toxunduğu başqa filmləri də var. Televiziyalarda kino proqramlarından məsul insanlar Azərbaycan kino tarixini bilmirlər, müasir kino tarixindən xəbərdar deyillər, ona görə filmləri göstərmirlər. Azərbaycanda son illər nə qədər yeni, uğurlu filmlər çəkilib, amma göstərilmir, xalq onlardan xəbərsizdir. Azərbaycan kinosu xarici kinoların yanında sanki balaca bir şöbə kimi göstərilir, halbuki, bu belə deyil. Fikrimcə, Milli Televiziya və Radio Şurası bir qərar qəbul etməli və Azərbaycan filmlərinin nümayişinin minimal kvotasını qoymalıdır. Məsələn, telekanalda 10 film göstərilirsə, ən az 5-i yerli filmlər olmalıdır. Bu zaman Azərbaycan filmləri haqqında daha aydın təsəvvür yaranacaq”.

Ə.Cabbarov hazırda kino sahəsi üzrə ixtisaslaşmış KİV-lərin olmasının vacibliyini vurğulayıb:

“Bu gün bizim kino qəzetimiz, jurnalımız, saytımız yoxdur, bu biabırçı haldır. Biz Azərbaycan Kino Şurasına bununla bağlı müraciət etmişik, onlar bizi dəstəkləyirlər. Ümidimiz var ki, bizim kino jurnalımız bərpa olunacaq. Bununla yanaşı KİV-lərdə də kinomuzla bağlı məlumatlar getməlidir, bu sahədə ixtisaslaşmış bir neçə sayt yaradılmalıdır. Kinomuz var, sadəcə az inkişaf etdirilir, tamaşaçılara Azərbaycan filmlərinin uğurları çatdırılmır”. / Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*