Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ABŞ, Rusiya və Fransa prezidentlərinə açıq məktub ünvanlayıb.
KONKRET.az xəbər verir ki, Cozef Bayden, Vladimir Putin və Emmanuel Makrona ünvanlanmış məktubda eks-prezident “blokada şəraitində” yaşayan Qarabağ erməniləri üçün az qala gözyaşı tökərək imdad diləyir.
S. Sarkisyan qeyd edir: “Mən sizə danılmaz institusional yaddaşın daşıyıcısı olan ölkələrin liderləri kimi müraciət edirəm. Bu gün Ermənistan hakimiyyət orqanlarından fərqli olaraq, sizin strukturlarınızda Dağlıq Qarabağ danışıqları prosesində bütün incəlikləri bilən, bütün mərhələlərdən yaxşı xəbərdar olan ciddi mütəxəssislər və ekspertlər var”.
Daha sonra açıq məktubda S. Sarkisyan ənənəvi yalanları təkrarlayır, Qarabağ ermənilərini gözləyən “fəlakət”dən dəm vurur.
“Sizdən xahiş edirəm! Sabah çox gec ola bilər!” – deyə ABŞ, Rusiya və Fransa liderlərinin dada çatmasını diləyən Ermənistan eks-prezidenti, təbii ki, Qarabağ münaqişəsinin yaranmasında şəxsi rolu, azərbaycanlılara cinayətləri, problemin həllini ləngitmək üçün göstərdiyi əngəlləmələri əsla yada salmır.
Sarkisyan hələ də ölüsü ortada qalmış ATƏT-in Minsk qrupunun diriləcəyinə ümid edir.
Qoy ümid eləsin, amma artıq gecdir!//yeni.sabah