Sərkisyana Ermənistandan çıxmağa icazə verildi – Paşinyanı hansı təhlükələr gözləyir?backend

Sərkisyana Ermənistandan çıxmağa icazə verildi - Paşinyanı hansı təhlükələr gözləyir?

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın ölkədən çıxışına icazə verilməsi ölkənin daxili siyasi vəziyyətində maraqlı məqam kimi qiymətləndirilir. Bəs, Serj Sərkisyanın ölkədən çıxışı Paşinyan üçün hansı təhlükələr yarada bilər?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, revanşist qüvvələrin gələn il keçiriləcək seçkilər öncəsi vəziyyəti gərginləşdirməyə çalışması labüddür:

“Seçkilər yaxınlaşdıqca Paşinyana qarşı təzyiqləri artırmaq üçün bütün təhdid metodlarından istifadə etməyə çalışacaqlar. Lakin Ermənistan hakimiyyəti yaxşı anlayır ki, Serj Sərkisyan, Robert Köçəryan və digər keçmiş rəhbərlərin nə ictimai nüfuzu, nə də siyasi çəkisi qalıb. Paşinyan bilir ki, onların ətrafında formalaşan qruplar onun hakimiyyəti üçün real təhlükə yarada bilməz”.

Politoloqun sözlərinə görə, məhz bu səbəbdən Ermənistan hökuməti Sərkisyanın ölkədən çıxışına qadağa tətbiq etməkdə maraqlı deyil:

“Paşinyan hakimiyyəti anlayır ki, Sərkisyanın səfərlərinə qadağa qoymaq əlavə daxili gərginlik və siyasi təzyiqlərə səbəb olur. Ona görə də bu istiqamətdə sərt addımlar atmaqdan çəkinir”.

Tural İsmayılov əlavə edib ki, Sərkisyan və digər revanşistlər hakimiyyətdə olduqları dövrdə təkcə Azərbaycan xalqına qarşı deyil, həm də Ermənistan dövlətinə qarşı korrupsiya və çirkli pulların yuyulması kimi çoxsaylı cinayətlər törədiblər:

“Bu gün həmin cinayətlərlə bağlı istintaq davam edir və bir çox faktlar ifşa olunur.

Buna baxmayaraq, Sərkisyanın ölkədən çıxışına icazə verilməsi Paşinyan hökumətinin artıq onlardan ciddi təhdid kimi qorunmadığını göstərir”.
Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*