Havaların istiləşməsi ilə paralel olaraq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlər “Bakubus” avtobuslarında kondisionerlərin işləməməsindən şikayətlənirlər. Rəsmi məlumata görə, kondisionerlər iyunun 2-dən etibarən işə salınmalı idi. Lakin sərnişinlərin sözlərinə görə, bir çox marşrutlarda bu sistemlərin aktiv deyil. Bildirilir ki, kondisionerlər yalnız uzun mübahisələrdən sonra və ya sürücünün təşəbbüsü ilə məcburi şəkildə işə salınır. Bəzi hallarda isə kondisioner əvəzinə sadəcə havalandırma sistemi qoşulur ki, bu da isti havalarda yetərli olmur.
Sosial şəbəkələrdə və ictimai fikirdə bu vəziyyətin qənaət məqsədilə bilərəkdən baş verdiyi iddiaları səslənir. İddialara görə, şirkət yanacaq və texniki xərcləri azaltmaq üçün kondisionerlərin istifadəsini məhdudlaşdırır.
Yay aylarında avtobuslarda kondisionerlərin işləməsi nə dərəcədə əlavə xərc yaradır və bu səbəbdən sürücülərə kondisionerdən istifadə etməmək göstərişi verilə bilərmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, ictimai nəqliyyatda bütün beynəlxalq normalara uyğun olaraq, yay və qış adlandırılan konkret rejim var:
“İsitmə və soyutma sistemi mütəmadi olaraq işlək vəziyyətdə olmalıdır. Bu, ictimai nəqliyyatda xüsusi şərt kimi tələb olunur. Həmçinin, qeyd edilən məsələ hər bir şirkətin üzərinə götürdüyü məsuliyyət və vəzifə borcudur. Avtobuslarda kondisionerlər işləyərkən hər 100 kilometr məsafədə əlavə yanacaq məsrəfi təxminən 1 litrə yaxın olur. Əlavə məsrəf kondisionerin kiçik bir motorunun işə salınması ilə bağlıdır. Tıxaclarda dayanmalara görə dəqiq nə qədər vəsait xərcləndiyini demək mümkünsüzdür. Lakin əlavə xərcin olub-olmamasından asılı olmayaraq, bütün hallarda yaranan bu problemlə bağlı sərnişinlər haqlı mövqedədirlər. Yanacaq məsrəfinə baxmayaraq, hər bir şirkət sürücülərinə öz öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı təlimat verməlidir”.