“Səudiyyə Ərəbistanı işğala görə Ermənistanla diplomatik əlaqələr qurmayıb” – İlham Əliyevbackend

"Səudiyyə Ərəbistanı işğala görə Ermənistanla diplomatik əlaqələr qurmayıb" - İlham Əliyev

“Mən şadam ki, bizim bərpaolunan bu böyük enerji layihəsinin icraçısı və investoru qardaş Səudiyyə Ərəbistanının şirkətidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.

“Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri var. Biz müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsində fəal çalışmışıq. Mən Səudiyyə Ərəbistanı Krallığına səfərlərimi böyük məmnuniyyətlə xatırlayıram. Kral həzrətləri, Vəliəhd həzrətləri ilə keçirdiyim görüşlər bir daha bizim aramızdakı dostluq və qardaşlığın təzahürüdür. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik.

Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmayıb və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.

Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq edirik. Pandemiyaya qədər Səudiyyə Ərəbistanından gələn turistlərin sayı ildən-ilə artırdı. Ümid edirəm ki, pandemiya başa çatandan sonra biz yenə də Səudiyyə Ərəbistanının vətəndaşlarını, öz qardaşlarımızı Azərbaycanda görəcəyik”, – deyə dövlət başçısı əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*