Sevgidən üstün və mütləq olan dəbdəbəli toylarımız – Fələyin işibackend

Sevgidən üstün və mütləq olan dəbdəbəli toylarımız - Fələyin işi

Fazil Bayramov

Hər bir islam dövlətində toy adət-ənənələri var. Yəni valideynlərin haqqıdır ki, övladlarının mürvətini görsün. Amma gələk bizim gülünc və mənasız, dəbdəbəli toylarımıza.

Bizdə bu barədə çox qəribə bir tendensiya mövcuddur. Azərbaycan toplumuna görə, dəbdəbəli toy olmasa, bir-birini sevən cütlük qovuşmaz. Çünki bizim toplumda sevgi kapital, əvəz qaytarmaq üzərində qurulub. Tutaq ki, qız atası filankəslərin toyuna 50-100 AZN nəmər atıb, gərək necə olursa-olsun dəbdəbəli toy edib o “borc”ları geri qaytarsın.

İndi fələyin nə edəcəyini düşünən yoxdur. Çünki heç kəs fələklə müqavilə bağlamayıb. Bizim toplumu düşündürən keçmişdə yazdırdığı pullar və onların geri alınmasıdır.

Azərbaycanda aylıq 1500 manat gəliri olan ailə (hələ mən çox dedim) bankdan kredit götürüb 5000-8000 manat xərci olan dəbdəbəli, gözqamaşdırıcı restoranlarda toy etməlidir axı. Çünki bizim toplumda prinsip və bəhs olmasa, belə toyların marağı olmaz. Yəni filankəs övladına 8000-10000 manat xərci olan dəbdəbəli restoranda toy edibsə, gərək başqa bir ailə də ona baxıb hərəkət etsin…

2021-ci il. Koronaviruslu dünyada yaşayırıq. Toylara pandemiyaya görə 1 ildir qadağa qoyulub. Əslində pandemiya cəmiyyətimizə əməlli-başlı “dərs keçdi”. Gəlin bunu belə izah edim. Məsələn, pandemiyaqabağı restoran sahibləri, müğənnilər öz “qiymət”lərini artırmışdılar və bununla da genəlirdilər.

Pandemiya adıçəkilənlərin üstündən bu qiyməti götürmüş oldu, bəzi toplumu demək olar ki, ayıltdı. Çünki toylara qadağa qoyulduğu üçün məcbur qalıb xeyir işlərini kiçik yığıncaqlarla yola verməli olurlar. Amma bəziləri hələ də dəbdəbəli toylarımızın bərpasını gözləyir. O toylar bərpa olunana qədər neçə-neçə sevgilər öləcək, neçə-neçə cütlüklər qovuşa bilməyəcək.

Şəxsən mən bir vətəndaş kimi yeni sistemlə razıyam. Dövlətimizdə dəbdəbəli toylar, kiçik toy məclisləri ləğv olunmalı və ya qadağan edilməlidir. Yəni 50-70 nəfərlə də “xudmani” yığıncaq edib xoşbəxt olmaq olar. Şərt deyil ki, dəbdəbəli, “zıppıltı”lı toylar olsun.

Allah dəbdəbəli toyların bərpasını gözləyən toplumumuzu yuxudan “ayıltsın” və dünyanın yeni sistemi ilə barışmalı olsunlar. Axı dəbdəbəli toylar haramıza yaraşır? Hansı yaşayış tərzimizə? Bizim bu toplum nə zaman müasirləşəcək? İnanıram ki, postpandemiya dönəmində cəmiyyətimizdə “xudmani” yığıncaqların keçirilməsi dəb olacaq. Çünki sevgi, xoşbəxtlik dəbdəbəli toylarda deyil, nikah kağızına atdığın imzadan sonrakı həyatdır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*