Türkiyədə böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan “zəlzələ peyğəmbəri” ləqəbli mütəxəssis Frank Huqerbits açıqlamaları ilə diqqət çəkir. Seysmoloq yenidən dünyanı gözlənilən kataklizmlərlə bağlı xəbərdar edib. O bildirib ki, martın əvvəlində baş verəcək dağıdıcı zəlzələdə Yaponiya, İndoneziya, Pakistan, Yunanıstan, Portuqaliya, Şimali Amerika və Kuril adaları da təhlükə gözləyir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Baykal bölməsinin direktoru Yelena Kobeleva niderlandlı mütəxəssisin proqnozlarını şərh edib.
Onun sözlərinə görə, belə bir proqnoz düzgün deyil.
“Zəlzələnin nə vaxt baş verə biləcəyini dəqiq müəyyən etmək üçün heç bir vasitə yoxdur. Alimlər yalnız seysmik fonu qiymətləndirə və dəqiq vaxt olmadan yeraltı təkanların mümkünlüyü barədə proqnoz verə bilərlər”, – o deyib.
Kobeleva bildirib ki, müəyyən ərazidə enerjinin yığılması yaxın gələcəkdə zəlzələ olacağı anlamına gəlmir.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 10 000-dən çox afterşok qeydə alınıb.
İqbal Rzayev,
KONKRET.az