“CQD ilə qaz Türkmənistan və İsraildən də nəql edilə bilər” – Elşad Nəsirovbackend

"CQD ilə qaz Türkmənistan və İsraildən də nəql edilə bilər" - Elşad Nəsirov

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) əsas diqqətini Cənub Qaz Dəhlizinin (SGC) “ikinci faza”sına yönəldib.

KONKRET.az xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov “Atlantic Council” tərəfindən təşkil olunmuş vebinarda bildirib.

Onun sözlərinə görə, SOCAR həmçinin layihəni dəstəkləmək və Avropadakı alıcılar üçün yeni satış bazarları axtarmaq üçün yeni qaz təchizatı mənbələrini cəlb edir.

E.Nəsirov bildirib ki, gələcəkdə bu kəmər ilə təbii qaz Türkmənistan və İsraildən də nəql edilə bilər: “Eyni zamanda SGC Balkanlardakı yeni bazarlara da qaz tədarük edə bilər: “Bu mərhələdə SOCAR əlavə bazarlara çıxmağa və əlavə yerlərdən qaz tranzitinə keçməyə, eləcə də Azərbaycanın qaz ehtiyatlarını inkişaf etdirməyə çalışır”.

O qeyd edib ki, Azərbaycan qazı ayrı-seçkilik etmədən bir neçə mənbədən ötürməyə hazırdır: “Enerji heç vaxt siyasi bir məcburetmə vasitəsi olaraq istifadə edilmir”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*