KONKRET.az xəbər verir ki, Rejissor Əbdül Mahmudov film haqda danışaraq bildirib ki, aktyor seçimini asanlıqla etməyib.
“Kinostudiyanın o vaxtkı direktoru Cəmil Əlibəyov məni yanına çağırıb dedi ki, Əhmədağa Muğanlının bir əsəri var, onu sərhədçilərlər danışıb, istəyir ki, sən çəkəsən. Dedim ki, siz deyirsizsə, işimə əngəl olmayacaqlarsa çəkərəm. Filmə aktyor seçimi etmək o qədər də asan olmadı. Məşq prossesində Xalq artisti Tariyel Qasımovu artıq seçmişdim. İkinci seçəcəyim aktrisa Zivər xanım obrazı üçün lazım idi. İki aktrisanın arasında seçim etməli idim. Gördüm ki, Tariyel Qasımovun meyli Həmidə Ömərovaya yatıb. Həmidə də o vaxt Moskvada oxuyub gəlmişdi, gözəl qadın idi. Tərəddüdsüz təsdiq etdiyim iki aktyor var idi, onun biri Rasim Balayev, digəri isə Həsən Məmmədov idi. “Doğma sahillər” filmi aktyor filmi idi. Orda dostlarımın vasitəsi ilə təsadüfən böyük aktyor ansamblı yarada bildim. Film 30 il əvvəl Xudafərin körpüsünün yaxınlığında lentə alınmışdı, biz həmin yerdə o vaxt qorxa-qorxa çəkiliş aparırdıq, libasımızı dəyişib gedirdik. Bu gün həmin yerlərə artıq hamımız cəsarətlə gedib-gəlirik” deyə rejissor bildirib.
“Doğma sahillər” filmində Zivər obrazına həyat verən aktrisa, Xalq artisti Həmidə Ömərova da xatirələrini bizimlə bölüşüb.
“Əbdül Mahmudov bu filmi çəkməyə başlamışdı, artıq aktyor seçimi də müəyyən olunmuşdu. Sonradan eşitdim ki, sınaq çəkilişləri davam edir və məni də dəvət etdilər. Amma eşitmişdim ki, həmin Zivər rolunda aktrisa Nəcibə Hüseynova çəkiləcək, amma bilmədim necə oldu ki, sonradan sınaq çəkilişi elan etdilər. Bu filmin kadrarxasında yaşamadığımız hadisələr qalmadı. Naxçıvan, Ordubadda çəkiliş edirdik, o qədər qonaqpərvər insanlardır ki, Ordubadlılar. Naxçıvanda poliqonda çəkilişimiz var idi, belə ki, rus sərhədçisi polkovnikin həyat yoldaşına, yəni mənə necə nişan almağı öyrədirdi. Mən də bilmirdim ki, bu silah həqiqidir, elə bildim ki, butafordur. Əbdül Mahmudov “mator” deyəndə mən silahı götürüb atəş açmaq istəyəndə rus sərhədçiləri başladılar qışqırmağa, hamı yerə uzandı. Sən demə silahın gülləsi də, silah da həqiqi imiş və bunlar da qorxublar ki, kiməsə dəyər. Onda hamımız bir şok yaşadıq” deyə Xalq artisti bildirib. moderator.az