Haitinin paytaxtı Port-o-Prins yaxınlığındakı Kabare kəndində naməlum silahlı şəxslər azı 12 nəfəri öldürüb, bir neçə evi isə yandırıblar.
KONKRET.az xəbər verir ki, bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb.
“Prokurorluq əməkdaşları 12 meyit tapıblar”, – yerli administrasiyanın rəhbəri Cozef Qiyom deyib.
O bildirib ki, əhalinin təhlükəsizliyini təmin etmək üçün ərazidə hüquq-mühafizə strukturlarını gücləndirmək lazımdır.
Qeyd edək ki, Haitidə sosial-iqtisadi vəziyyət yüksək inflyasiya, milli valyutanın dəyərdən düşməsi və quldur dəstələrinin toqquşması nəticəsində mürəkkəbləşib.
Xatırladaq ki, oktyabrın əvvəlində Haitinin Baş naziri Ariel Henri beynəlxalq ictimaiyyətdən silahlı dəstələrə və humanitar böhrana qarşı mübarizədə kömək istəyib. BMT Təhlükəsizlik Şurası ölkədəki ekstremist qruplara qarşı sanksiyalar və silah embarqosu tətbiq edib.
İqbal Rzayev,
KONKRET.az