Ermənistan Parlamentinin sədrini 10 noyabr bəyanatı qane etmir.
Son 200 ildə Cənubi Qafqazda məskunlaşan, sonralar özlərini “yerli xalq” adlandıran, zaman-zaman pənah gətirdikləri xalqın milli mənəvi dəyərlərinə sahib çıxmağa çalışan ermənilər Azərbaycan torpaqlarını özününküləşdirməklə yanaşı, yer adlarımıza da “əl gəzdirməyi” yaddan çıxarmayıblar. Tarixi yer adları dəyişdirilməsi erməni ideologiyasının tərkib hissəsidir. Və bu ideologiyanın əsasında “qədim xalq” imici formalşdırmaq, bütün yer adlarını erməni adıaltında təqdim etmək, “biz daha qədim xalqıq” deyib dünyaya car çəkmək kimi tezislər dayanır.
Dünyaya Qarabağı “Artsax”, Kəlbəcəri “Karfaçar”, Laçını “Berdzor” kimi təqdim edən bu toplumun nümayəndələri hələ də reallığı qəbul etmək istəmirlər. 44 günlük müharibədən sonra bölgədə dəyişən geosiyasi vəziyyət erməniləri çıxılmaz vəziyyətdə qoysa da, hərdəmxəyal adamlar bir-birinə zidd fikirlər səsləndirməkdə davam edirlər. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edən Ermənistan hakimiyyətinin son günlər səsləndirdiyi fikirlər də siyasi savadsızlıqdan başqa bir şey deyil.
Baş nazir Nikol Paşiniyan rəsmən bəyan edir ki, Ermənistan Azərbaycanın ərazi bütvlüyünü tanıyır və Qarabağ da Azərbaycanın tərkib hissəsidir. Amma…
Amma Ermənistan parlamentinin sədri Alen Simonyanın məsələyə baxışı fərqlidir. Beynəlxalq ictimaiyyətə müraciət edən Simonyan Laçını Berdzor kimi təqdim edir və məsələni qəlizləşdirir. Belə çıxır ki, Ermənistan parlamentinin sədri baş nazirdən fərqli olaraq Azərbaycan ərazisini tanımır və ona etiraz edir. Əgər hər hansı ölkənin ərazisi digər ölkə tərəfindən tanınırsa, onun toponimlərinə, yer adlarına hörmətlə yanaşılmalı və olduğu kimi səsləndirməlidir.
Bu məsələnin bir tərəfi. Digər tərəfdən Alen Simonyan bu gün jurnalistlərlə söhbətində bildirib ki, guya 9 noyabr bəyənatı onu qane etmir. Niyəsini də deyib: “Əldə olunacaq razılaşmalar zəmanətli olmalıdır. Düşünürəm ki, tərəfdaşlarımızın davranışları və bəyanatları erməni xalqını qane etmir. Bizdə 9 noyabr təcrübəsi var, eyni səhvləri etməyəcəyik”.
Bu düşüncəylə özlərini Cənubi Qafqazda “demokratiya carçısı” kimi təqdim edən Alen Simonyan sülh sazişi imzalanarsa, həmin sənədə hansı ölkənin qarant duracağından narahatdır: “Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin versiyasını gördük. Mənə görə, bir neçə ölkə olanda ya aralarındakı ziddiyyət pis rol oynayır, ya da birini digərinin üstünə atmaqla ondan qaçmağa çalışır. KTMT isə qərarları ümumi konsensusla qəbul edən strukturdur. Ermənistan ona aid olmayan sənədi imzalamaqdan imtina edib. Amma sülh müqaviləsi bağlanarsa, bir ölkənin qarant olması daha yaxşıdır. Bu Rusiya, Fransa və Almaniya ola bilər”.
Gördüyünüz kimi, Ermənistanda sülh müqaviləsinə münasibət fərqlidir. Revanşistlər sülhün erməni xalqı üçün heç bir xeyir verməyəcəyini hesab edir. Dövləti təmsil edən rəsmi şəxslərin hərəsi isə bir hava çalır. Deməli, onların niyyəti nəyin bahasına olursa-olsun vaxtı çatanda qisas almaq və öz məqsədlərini həyata keçirməkdir.
Amma “Dəmir yumruğ”u unudurlar.
Vəli Həsənov,
KONKRET.az