Sirlər açılır: “Paşinyan gələn il müxalifətin ciddi müqaviməti ilə üzləşməsə…”backend

Sirlər açılır: "Paşinyan gələn il müxalifətin ciddi müqaviməti ilə üzləşməsə..."

Son zamanlar Azərbaycan və Ermənistan arasında sülh müzakirələrinin intensivləşməsi erməni ekspertlər tərəfindən də müzakirə olunur. Belə ki, bir çox erməni politoloqlar danışıqların vasitəçisiz aparılmasının məqsədəuyğun olduğu haqda fikirlər səsləndirirlər. Hətta Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin də tərəflər arasındakı danışıqlarda vasitəçi olmaq istəmədiyini vurğulayırlar. Buna səbəb kimi, Bakı və İrəvanın artıq bir çox məsələləri şəxsən razılaşdırdığı göstərilir. Bəs görəsən, Türkiyə həqiqətənmi vasitəçilik missiyasından boyun qaçırır, yoxsa bu, erməni ekspertlərin öz təfəkkürünün məhsuludur? Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında vasitəçilərə ehtiyac varmı?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Faiq Ələkbərli bildirib ki, indiki məqamda Ermənistan və Azərbaycan arasında sülhün tezləşməsi gözlənilmir:

“Ancaq bu istiqamətdə ciddi addımlar atılır və müəyyən nəzərə çarpacaq irəliləyişlər var. Yəni erməni ekspertlərin “vasitəçiyə ehtiyac yoxdur” fikiri doğrudur. Çünki vasitəçilər vasitəsi ilə danışıqlar məsələsi keçmişdə qalıb. İndiki məqamda sülh məsələsini Azərbaycan və Ermənistan rəhbərliyi şəxsən həyata keçirəcək. Rusiya, Türkiyə və ya Qərb dövlətlərinin vasitəçiliyi ilə ciddi irəliləyişə nail olmaq mümkün deyil. Onsuz da hər iki dövlət bu məsələdə öz müttəfiqləri ilə müəyyən danışıqlar və məsləhətləşmələr aparır. İndiki məqamda Ermənistan daha çox Qərb dövlətləri ilə məsləhətləşir, Azərbaycan isə xüsusən Türkiyə ilə müzakirələr edir. Hər halda 2025-ci ildə bu məsələlərin qəti şəkildə həllini tapması üçün addımlar atılacaq. Ancaq bu, daha çox Ermənistanla bağlıdır. Çünki İrəvan müəyyən öhdəliklərini yerinə yetirməli, Zəngəzur dəhlizi mövzusunda daha konkret addımlar atmalıdır. Belə bir məqamda qəti şəlkildə sülh məsələsi həll oluna bilər”.

Politoloqun sözlərinə görə, Rusiyanın tərəflərə təsir rıçaqları birbaşa hiss olunmur, amma dolayısı ilə bunu görmək mümkündür:

“Ancaq Türkiyə açıq şəkildə Ermənistan və Azərbaycanın məsələni həll etməsindən sonra İrəvanla sərhədləri açacağını deyir. Yəni Türkiyə mövqeyini açıq şəkildə ifadə edir. Rusiya isə bəzi məsələləri pərdəarxası həll etməyə önəm verir. Ümid edirik ki, 2025-ci ildə Ermənistan fundamental məsələlərdə ciddi addımlar atacaq və məsələ həllini tapacaq. Tez bir zamanda sülh müqaviləsininin imzalanacağını gözləmək isə mümkün deyil. Hər halda Paşinyan hökuməti müəyyən addımlar atanda müxalifət qüvvələrini də nəzərə alır. Onların ciddi problem yaradacağını bilir. Odur ki, gələn il Paşinyan müxalifətin ciddi müqaviməti ilə üzləşməsə, məsələni həll edə biləcək. Ermənistanda da müxalifət əvvəlki kimi güclü deyil. Odur ki, 2025-ci ildə sülh müqaviləsinin imzalanması daha inandırıcıdır”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*