Bu gün Bakı Apellyasiya Məhkəməsində polis şöbəsində arvadını öldürməkdə təqsirli bilinən serjant İsmayıl Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin mülki iddia ilə bağlı çıxardığı hissəsi dəyişdirilib.
Belə ki, zərərçəkmişin hüquqi varisinin qaldırdığı mülki iddiadan yalnız 10 min manatı təmin olunub. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkləməsinin hökmü ilə sabiq polis 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, zərərçəkmişin hüquqi varisinin qaldırdığı 205 min manatlıq mülki iddiadan yalnız 8 min manatı təmin olunub.
Qeyd: İsmayıl Məmmədov ötən ilin sentyabrında Nizami RPİ-nin 24-cü Polis Şöbəsində arvadı Xanım Məmmədovanı qətlə yetirib. O, özü də Nizami RPİ-nin əməkdaşı olub. Xanım Məmmədova əri tərəfindən döyülməsi ilə əlaqədar şikayət etmək üçün şöbəyə gəlib. Bu zaman rəis məsələni aydınlaşdırmaq üçün ərazidə xidmətdə olan İsmayılı şöbəyə çağırıb. O, azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.
İsmayıl Məmmədov Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib.