İsrail Ordusu bəyan edib ki, İrandan raket atışları atəşkəs rejiminin elan olunmasından sonra da qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) mətbuat xidməti yayıb.
Məlumata görə, İsrailin şimal bölgələrində hava hücumu sirenləri işə düşüb, əhali sığınacaqlara keçib. Ordudan bildirilib ki, raketlər İran ərazisindən buraxılıb və bununla 12 günlük müharibəni sonlandırmaq məqsədi daşıyan razılaşma pozulub.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında tam və hərtərəfli atəşkəsin əldə olunduğunu bəyan etmişdi.
Trampın sözlərinə görə, İran ilk olaraq atəşi dayandırmalı, 12 saat sonra İsrail də hərbi əməliyyatları dayandırmalı idi.
Razılaşmanın qüvvəyə minməsindən 24 saat sonra isə müharibənin rəsmi sonu elan olunacaqdı.
ABŞ və Qətərin vasitəçiliyi ilə əldə olunan razılaşma, Tehranın “Əl-Üdeyd” bazasına zərbəsindən sonra yaranan gərginliyə son qoymaq məqsədi daşıyırdı.
Lakin bu hadisə göstərir ki, İran və İsrail arasında qarşılıqlı etimad hələ də zəifdir və atəşkəsin davamlılığı sual altına düşüb. Tərəflərdən heç biri hadisə ilə bağlı dərhal rəsmi açıqlama verməyib, lakin bölgədə gərginliyin yenidən artması istisna olunmur.
Günel Mikayılova,
KONKRET.az