KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Haşdi Şabi tərəfdarları ABŞ səfirliyinə girməyə çalışır.
İraq şiə polis qüvvələri Bağdaddakı ABŞ səfirliyi qarşısında canlı divar qurub. Hazırda tərəflər arasında qarşıdurma yaranıb.
HAŞİYƏ: Haşdi-Şabi kimdir?
Haşdi Şabinin kimliyi haqqında müxtəlif versiyalar mövcuddur. Kimisinə görə, bu təşkilat Yaxın Şərq coğrafiyasını məzhəb müharibələrinə sürükləyən beynəlxalq güc mərkəzlərinin sünni İŞİD-ə qarşı yaratdıqları şiə alternatividir, kimisinə görə də İŞİD zülmünə qarşı İraq əhalisinin ortaya qoyduğu dirəniş hərəkatının adı...
İlk versiyanı irəli sürənlərin fikrincə, xaricdən qidalanan Haşdi Şabi də region üçün İŞİD qədər təhlükəlidir. Haşdi Şabi tərəfdarları üçün isə bu könüllülər ordusu İraqı və Suriyanı İŞİD zülmündən azad edəcək yeganə silahlı qüvvədir.
Haşdi Şabinin kimliyi haqqında mülahizələr müxtəlif olsa da, onun hazırda İraqda ən ciddi hərbi qüvvə olduğunu hər kəs qəbul edir. Təxminlərə görə, Haşdi Şabi ətrafında 300 mindən artıq insan birləşib. Bu sayın şişirdildiyini, 300 min yox, 120 min və ya 150 min Haşdi Şabiçinin olduğunu təxmin edənlər də var.
Bir-birindən, hardasa, 2 dəfə fərqli olan bu rəqəmlər isə onun İraqdakı güc nisbətindəki üstünlüyünü qətiyyən azaltmır. Ən aşağı ehtimalda belə, haqqında danışdığımız qüvvənin, bütövlükdə götürəndə, İraqın bütün silahlı qruplarından – həm peşmərgənin, həm İŞİD-in, həm də İraq ordusunun ümumi sayından 2 dəfə çox olduğu bildirilir.
Bütün bu ehtişamı ilə Haşdi Şabi İraqda istənilən gücə qalib gələcək özəlliyə malikdir. Əslində haqqında bu qədər söz-söhbətin yaranması da bununla bağlıdır.