KTMT İrəvana TOPLAŞIR: Putin hərbi yardım göstərmək üçün Ermənistana gedəcək – DETALLARbackend

KTMT İrəvana TOPLAŞIR: Putin hərbi yardım göstərmək üçün Ermənistana gedəcək - DETALLAR

Noyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana “kollektiv yardımın göstərilməsi” məsələsini  müzakirə edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidmətinin yaydığı bildirişdə deyilir. KTMT-nin iclasına hazırda Şuranın sədri olan Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik edəcək. Bundan başqa, Rusiya prezidenti Vladimir Putinin də görüşdə iştirak edəcəyi bildirilir.

Ermənistan Putini səbirsizliklə gözləyir

KTMT mətbuat xidmətinin məlumatına görə, görüşdə beynəlxalq və regional təhlükəsizliyin cari problemləri və sessiyalararası dövrdə KTMT-nin fəaliyyətinin əsas nəticələri müzakirə olunacaq. Həmçinin qeyd edilir ki, ən mühüm məsələlərdən biri KTMT-nin böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistana yardım göstərmək üçün birgə tədbirlərin müzakirə edilməsi olacaq. Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsinin qəbul ediləcəyi də gözlənilir. Gündəliyə həmçinin sülhməramlı qüvvələrin müasir silah-sursat, hərbi və xüsusi texnika ilə təchiz edilməsi, eləcə də radiasiya, kimyəvi və bioloji mühafizə vasitələrinin formalaşdırılması məsələsi daxildir. KTMT-nin İrəvan sammiti Rusiyanın rəhbərlik etdiyi bu hərbi blokun funksionallığının ciddi sual altında olduğu bir vaxta təsadüf edir. Bu, bir tərəfdən Ukraynadakı müharibə ilə bağlıdırsa, digər tərəfdən də ilin ikinci yarısında Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə əlaqədardır.

İrəvanın təhlükəsizlik məsələlərində sürətlə Qərbə doğru yön almasında KTMT “İZİ”

Məlum olduğu kimi, sentyabrın ortalarında Azərbaycan-Ermənistan sərhədində baş verən iki günlük irimiqyaslı toqquşmalarda ikitərəfli müttəfiqlik sazişi çərçivəsində İrəvan rəsmi olaraq KTMT-nin, o cümlədən Rusiyanın özündən dəstək istəyib. Ermənistan iddia edirdi ki, toqquşmalar guya onun ərazisində baş verib və buna görə də KTMT nizamnaməsinin kollektiv hərbi yardım haqqında müvafiq bəndi işləməlidir. Bundan əvvəl İrəvan 2021-ci ilin yazında baş vermiş sərhəd toqquşmaları zamanı analoji tələblə çıxış etsə də, sonradan rədd cavabı alıb. Sentyabr toqquşmaları zamanı KTMT Ermənistanın müraciətinə belə cavab verib ki, sərhədlər hələ delimitasiya edilmədiyindən Azərbaycan qoşunlarının Ermənistan ərazisinə daxil olması ilə bağlı deyilənləri təsdiqləmək mümkün deyil. KTMT məsələni siyasi danışıqlar yolu ilə həll etməyə çağırıb və Ermənistana öz hərbi müşahidəçilərini göndərməklə kifayətlənib. KTMT-nin monitorinq missiyası bir neçə gün sərhədyanı rayonlarda olub və müşahidə nəticəsində alınan məlumatlarla bağlı hesabatla geri qayıdıb. Lakin Ermənistan rəhbərliyinin bütün səylərinə baxmayaraq, missiyanın fəaliyyəti nəticəsində İrəvana heç bir kollektiv dəstək verilməyib. Missiya öz hesabatında hadisələrə siyasi qiymət verməkdən yayınıb.

Nəticədə baş nazir Nikol Paşinyan və komandasının üzvləri hər fürsətdə KTMT-ni səriştəsiz təşkilat adlandırmağa başlayılar. İrəvanda Ermənistanın blokdan çıxması tələbi ilə nümayişlər təşkil olunub və Paşinyanın komandasında, eləcə də ölkə parlamentində bu məsələ ilə bağlı müzakirələr aparılıb. İrəvanda məsələni elə təqdim etdilər ki, guya Ermənistan KTMT-dən çıxmaq istəmir, əslində təşkilat özü Ermənistanı uzaqlaşdırır. Bu cür ritorikaya səbəb KTMT-nin sərhədlərin hələ müəyyən edilməməsi ilə bağlı bəyanatı olub. Ermənistan tərəfinin nöqteyi-nəzərinə görə, təşkilat öz məsuliyyət zonasını müəyyənləşdirə bilmir. Bu o deməkdir ki, KTMT faktiki olaraq fəaliyyətini dayandırır.

Ermənistanı təşkilatdan çıxaran KTMT-nin özüdür – Alen Simonyan

KTMT-yə üzv ölkələrin liderlərinin videokonfrans vasitəsilə keçirilən son sammitində Paşinyan tam məyus olduğunu nümayiş etdirdi. Belarus prezidenti Aleksandr Lukaşenko az qala onu danlamışdı ki, KTMT heç bir halda Azərbaycana qarşı tədbir görməyəcək. Ona görə də İrəvan Bakı ilə razılığa gələrək məsələni danışıqlar yolu ilə həll etməlidir. Beləliklə, Ermənistan KTMT-dən tamamilə məyus olub. Amma görünən odur ki, Rusiya bu bloku dağıtmağa tələsmir, onu qoruyub saxlamağa, müəyyən səlahiyyətlər verməyə çalışır. Bu məqsədlə İrəvanda keçiriləcək sammitin gündəliyinə “Ermənistana kollektiv yardımın göstərilməsi” məsələsi daxil edilib. Qarşıdan gələn sammit ərəfəsində Paşinyan yenidən KTMT haqqında danışdı, lakin əvvəlkindən xeyli yumşaq fikirlər səsləndirdi.  O, bəyan etdi ki, əslində Ermənistan KTMT-ni Azərbaycanla müharibəyə sürükləməyə çalışmır. İrəvanın məqsədi təşkilatdan baş verənlərlə bağlı “aydın siyasi mövqe” əldə etməkdir. Ermənistan rəhbərliyinin fikrincə, KTMT-nin Azərbaycanı qonşu ölkəyə qarşı “hərbi təcavüzdə” ittiham etməsi ilə bağlı bəyanatda “aydın siyasi mövqe” öz əksini tapmalıdır. Bəs KTMT-nin İrəvan Şurası belə bir bəyanatla çıxış edəcəkmi? Qətiyyən yox. Çünki bu, avtomatik olaraq Azərbaycanın Rusiya və KTMT-nin digər üzvləri ilə ikitərəfli münasibətlərini pisləşdirəcək.

KTMT Ermənistana hansı “kök” verməlidir ki, İrəvan təhlükəsizlik məsələlərində sürətlə Qərbə doğru irəliləməyə başlamasın?

Ehtimallara görə, bu, KTMT adından Ermənistana müəyyən silah və hərbi texnikanın verilməsindən ibarət olacaq. Təşkilat bir tərəfdən Ermənistanda artan anti-Rusiya əhval-ruhiyyəsini azaltmaq, digər tərəfdən isə Rusiyanın “təhlükəsizlik çətiri”nin heç kimə lazım olmadığı barədə dünyada formalaşan ictimai rəyə təsir göstərməkdir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*