Yunanıstandan ekstradisiya edilən moldovalı oliqarx və qaçaq siyasətçi Vladimir Plaxotnyuk Kişinyova gətirilərək 13 saylı cəzaçəkmə müəssisəsinin istintaq təcridxanasına yerləşdirilib. Onunla birlikdə Afinadan gələn vəkili Luçian Roqak da polis tərəfindən saxlanılıb. Vəkilin nə üçün saxlanıldığı barədə hələlik açıqlama verilmir.
KONKRET.az xəbər verir ki, Plaxotnyuk 2010-cu illərdə Moldovanın ən nüfuzlu şəxslərindən biri hesab olunurdu. O dövrdə onun qeyri-rəsmi şəkildə hökumətə və parlament çoxluğuna nəzarət etdiyi iddia edilirdi. Hazırda isə Plaxotnyuka qarşı həm Moldovada, həm də Rusiyada müxtəlif cinayət işləri açılıb. O, maliyyə maxinasiyaları, narkotik qaçaqmalçılığı və cinayətkar dəstəyə rəhbərlikdə ittiham olunur.
Bundan başqa, Plaxotnyuk Avropa İttifaqı və ABŞ-ın sanksiyalar siyahısına daxil edilib. Onun həbsi Moldovada siyasi dairələrdə ciddi rezonans doğurub və ölkənin daxili siyasi balansına təsir edə biləcək hadisə kimi qiymətləndirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az