Ukrayna prezidenti Volodimir Zelenskinin imzaladığı fərmanlara əsasən, ölkə Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində bağlanmış 30-dan çox beynəlxalq sazişdən çıxıb. Müvafiq sənədlər dövlət başçısının rəsmi saytında dərc olunub.
KONKRET.az xəbər verir ki, söhbət Müstəqil Dövlətlər Birliyi ilə birgə hava hücumundan müdafiə sistemi, deportasiya olunmuş şəxslərin hüquqlarının bərpası, mədəni sərvətlərin qaytarılması, SSRİ və ABŞ arasında raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında sazişlərdə iştirak, eləcə də orta və qısa mənzilli raketlərin ləğvi ilə bağlı razılaşmalardan gedir.
Bununla yanaşı, Ukrayna MDB ölkələrinin silahlı qüvvələrinin silah, hərbi texnika və maddi-texniki resurslarla təmin olunmasını tənzimləyən, təmir müəssisələrinin birgə fəaliyyəti, həmçinin hərbi sahədə elmi-tədqiqat və konstruktor işlərinin aparılmasını nəzərdə tutan sazişlərdən də imtina edib.
Rəsmi sənədlərə əsasən, Kiyev eyni zamanda MDB çərçivəsində hərbi müşahidəçi qruplarının yaradılması və statusu, kollektiv sülhməramlı qüvvələrin formalaşdırılması ilə bağlı razılaşmalardan da çıxıb.
Mütəxəssislərin fikrincə, bu addım Ukraynanın MDB strukturlarından tam uzaqlaşmaq və təhlükəsizlik, müdafiə və siyasi sahədə müstəqil xəttini daha da gücləndirmək strategiyasının tərkib hissəsidir.
Natiq Səlim,
KONKRET.az
