Evində enerji sərfiyyatını azaltmaq istəyən bir çox insan istifadə etmədiyi cihazları elektrik yuvasıdnan çıxarmağı vərdişə çevirib. Lakin mütəxəssislərin sözlərinə görə bəzi müasir elektron cihazların elektrikdən ayırmaq nə enerji qənaəti təmin edir, nə də təhlükəsizlik baxımından vacibdir. Əksinə, bu, cihazın xarab olmasına və bahalı təmir xərclərinə səbəb ola bilər. Alimlər bildirir ki, “bəzi cihazlar söndürülmüş halda belə arxa planda vacib prosesləri davam etdirir”.
KONKRET.az milliaz-a istinadən həmin 3 cihazı təqdim edir:
1. Printer – Mürəkkəb israfı riski
Printerlər gözləmə rejimində demək olar ki, heç enerji sərf etmir. Ancaq “tok”dan ayırmaq cihazın sisteminin sıfırlanmasına səbəb olur. Printer yenidən açıldıqda, avtomatik olaraq başlıq təmizləmə prosesinə başlayır və hər təmizləmə zamanı müəyyən miqdarda mürəkkəb sərf olunur. Bu proses təkrarlananda katricin ömrü qısalır.
Mütəxəssislərin fikrincə, printeri elektrikdən çıxararaq qənaət edilən cüzi enerji boşa gedən mürəkkəbin dəyəri ilə müqayisədə çox daha aşağıdır.
2. Wi-Fi yönləndiricilər (router) – Bağlantı problemləri və məlumat itkisi
Evdə internetdən istifadə olunmasa belə, yönləndirici bağlı cihazların əlaqəsini qoruyur və IP ünvanı, yeniləmələr, vaxt sinxronizasiyası kimi funksiyaları yerinə yetirir. Elektrikdən çıxarılması bu prosesləri yarımçıq qoyur və cihaz yenidən açıldıqda əlaqə xətaları və sistem çökmələri yarana bilər.
Bundan əlavə, ağıllı ev sistemləri, təhlükəsizlik kameraları, siqnalizasiya və ya sabit telefon yönləndiricidən asılıdır. Routerin sönməsi bu sistemlərdə təhlükəsizlik və əlaqə problemlərinə səbəb ola bilər.
Mütəxəssislər bildirir ki, bu cihazların cərəyanda qalması enerji qənaətindən daha önəmlidir.
3. OLED televizorlar – Ekran keyfiyyətinə təsir edə bilər
Yeni nəsil OLED televizorlar söndürüldükdən sonra belə piksel yeniləmə prosesini həyata keçirir. Bu proses ekran yanığını (burn-in) önləmək və görüntü keyfiyyətini qorumaq üçün vacibdir.
Televizor tam sönmədən elektrikdən çıxarılması həmin dövrəni yarımçıq qoyur və nəticədə ekranda izlər, rəng pozuntuları kimi daimi problemlər yarana bilər. Mütəxəssislər bildirir ki, televizor söndürüldükdən sonra bir müddət enerji bağlantısında qalmalıdır.
Enerji məsləhətçilərinin sözlərinə görə, müasir cihazların gözləmə rejimində sərf etdiyi enerji illik elektrik xərclərinin cəmi 2-3 faizini təşkil edir. Buna baxmayaraq, bəzi cihazların tez-tez “tok”dan çıxarılması mürəkkəb israfı, bağlantı xətası və ekran pozuntusu kimi bahalı problemlərə yol aça bilər.
