“Soruşmaq istəyirəm, cənab Rüstəmov, bu faiz dərəcələri necə müəyyən edilib?”backend

"Soruşmaq istəyirəm, cənab Rüstəmov, bu faiz dərəcələri necə müəyyən edilib?"

Mərkəzi Bankın pul-kredit siyasəti kimlərin marağına hesablanıb?!….

Dünyanı ağuşuna alan karonovirus pandemiyası təkcə insanları öldürmür, eləcə də iqtisadiyyatı məhv edir, ölkələri çökdürür. Ona görə də bir çox ölkələr pandemiya ilə paralel iqtisadiyyatın xilası uğrunda mübarizəyə başlayıb. Bütün dövlətlər üçün prioritet olan iqtisadi mübarizə tədbirlərinin Azərbaycana inikasını öyrənmək bu mənada çox maraqlıdır.

Çünki hələ aprel ayında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirmişdi ki, COVİD-19 Azərbaycanın sosial-iqtisadi həyatına hər gün 100-120 milyon manat civarında ziyan vurur. Bu hesaba pandemiya dövründə ümumdaxili məhsulumuzun itkiləri artıq 7 rəqəmlə ifadə olunur. Postpandemiya dövründən danışmaq hələ tez olduğu üçün yəqin ki, itkilərimizin həcmi bir qədər də böyüyəcək.

Bəs bizim ƏLAHƏZRƏT MƏMURLARımız pospandemiya dövrü üçün nə düşünür? İlk müşahidə obyektimiz Mərkəzi Bankdır. Sizcə niyə? Ona görə ki, iqtisadiyyatın təməl daşı bankdır. Zəruri məlumatlar almaq üçün Bankın elektron portalına baş vurdum. Lakin portalda postpandemiya dövrü üçün Mərkəzi Bankın perspektiv layihələri barədə heç bir məlumata rast gəlmədim.

Məcbur olub ötənlərə nəzər saldım.Və yenə məyus oldum. Çünki portalda yerləşdirilən rəqəmlər və göstəricilər ölkəmizin maliyyə bazarındakı acınacaqlı vəziyyəti çox gözəl xarakterizə edir. Məsələn, götürək Mərkəzi Bankın son15 ildə yürütdüyü pul-kredit siyasətini. Portal xəbər verir ki, bu vaxtadək ölkəmizin iqtisadiyyatına 14 milyard 361 milyon 21 min manat investisiya yatırılıb. Özü də ortalama illik 10,99 faizlə. Götürəndə pis göstərici deyil. Əmması olmasa…

Əmması da odur ki, verilən kreditlərin təxminən 70 faizi-11 milyard 597 milyon 785 min manatı Bakı şəhərinin payına düşür. Təxminən 500 milyona manata yaxın vəsait isə Abşeron iqtisadi zonasına yatırılıb. Bu minvalla 714 milyon 605  min manat Aran, 252 milyon 842 manat Lənkərən, 64 milyon manat Dağlıq Şirvan iqtisadi zonasına son 15 ildə investisiya qoyulub. Digər iqtisadi zonalara da az-çox kapital yatırılıb. Rəqəmlərdə ilk diqqəti çəkən məqam Mərkəzi Bankın investisiya yatırımında regionlar arasında ayrı-seçkilik aparmasıdır. Bu ayrı-seçkilik hesabına kapitalın əsas hissəsi paytaxtda toplanıb. Bu isə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Respublika Prezidentinin yürütdüyü siyasətlə tərs mütənasibdir. Çünki kapitallaşmada yol verilən bu ayrı-seçkilik dövlətin hədəflərinə çatmasına da əsaslı şəkildə mane olub.

İnvestisiyanın əsas hissəsinin Bakıda təmərküzləşməsi həm də sosial ədaləti pozub. Davamlı inkişaf əsasən Bakıda gedib. Nəticədə regionlardakı on minlərlə işsiz insan üz tutub paytaxta. Bu hesaba da kəndlər boşalıb, aqrar sektor qalıb başlı-başına. Mərkəzə qaçma sürəti həmdə bazar qiymətlərinə də öz mənfi təsirini göstərib. Bu gün paytaxtdakı mənzilin bir kvadratmetrinin qiyməti ilə Lənkəran, Yevlax və yaxud Şəkidəki mənzilin kvadtatmetri ilə müqayisədə çox fərqlidir.

İstehlak bazarındakı digər qiymətlərdə də həmçinin. Mərkəzə axın üstəlik paytaxtda əsaslı sosial problemlər də yaradıb. Bu gün Bakı şəhərinin su, qaz və mavi yanacaq təminatındakı problemlərin bir səbəbi də şəhərin həddən çox yüklənməsidir. Bu isə Mərkəzi Bankın yarıtmaz pul-kredit siyasətinin məntiqi nəticəsidir. Hələ onu demirəm ki, kreditlərə görə tətbiq edilən faiz dərəcələri də fərqlidir. Özü də yerlə göy qədər.

Məsələn, verilən kreditlərə görə Bakı şəhərində ilə 9,14 faiz hesablandığı halda, Abşeron iqtisadi zonasında bu rəqəm 16,10 (?), Aran iqtisadi zonasında 20,99 (?), Lənkəran iqtisadi zonasında 20,51, Dağlıq Şirvan iqtisadi zonasında isə 21,65 (?)-dır.

Soruşmaq istəyirəm, cənab Elman Rüstəmov, bu faiz dərəcələri hansı metodologiyaya görə müəyyən edilib? Nəyə görə lənkəranlı iş adamına Bakıdakı iş adamından 2 dəfə çox faiz tətbiq edilir? Bu ayrı-seçkiliklə ölkə iqtisadiyyatına nə qədər zərər vurduğunuzun fərqindəsinizmi? İllik 20 faizlə verilən biznes kreditindən hansısa divident gözləmək mümkün deyil axı…

Belə yanaşma işə peşəkar yox, dəllal yanaşmasıdır. Yəni pulu pula satıb pul qazan və “,..qoy mən salim olum, cümlə-cahan batsa da, batsın…”

Hələ onu demirəm ki, verilən kreditlərin 4 milyard 789 milyon 819 manatı sərbəst dönərli valyuta ilə verilib. Manatın başının üstündə hər zaman “Demokl qılıncı” olmasına rəğmən sahibkarları  xarici valyuta ilə kredit almağa təşviq etməkdə Mərkəzi Bankın görəsən hədəfləri nədir?! Kreditləşmədə xarici valyutanın daha çox cəlbedici göstərilməsində hansı məqsəd güdülür?! Bu gün banklar tərəfindən milli valyuta ilə təklif olunan kreditlərə ildə ortalama 13,66 faiz müəyyən edildiyi halda, xarici valyuta ilə verilən kreditlərə ildə cəmi 5,66 faiz hesablanır. Bu nə deməkdir?! Bu hansı məntiqə uyğun gəlir?!…Bilmirəm…

Bildiyimsə odur ki, bu gedişlə Mərkəzi Bank bizləri təəcübləndirməkdə, iqtisadiyyatı isə çökdürməkdə hələ çox davam edəcək.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*