Sosial media şairi və şeiri hansı səviyyəyə çatdırdı? – Türk şairlə EKSKLÜZİV MÜSAHİBƏbackend

Sosial media şairi və şeiri hansı səviyyəyə çatdırdı? - Türk şairlə EKSKLÜZİV MÜSAHİBƏ

Türk şair Erkan İncə müasir türk poeziyasında özünəməxsus üslubu və poetik baxışı ilə seçilən imzalardan biridir. Şeirlərində insanın daxili dünyasını, cəmiyyətin dəyişən ritmini və həyatın fəlsəfi qatlarını əks etdirən şair ədəbiyyatın cəmiyyətdəki rolu ilə bağlı da maraqlı fikirlər səsləndirib. Onun bir çox şeiri bəstələnərək, tanınmış müğənnilərin ifasında yeni nəfəsə çevrilib.

KONKRET.az-a verdiyi müsahibədə Erkan İncə yaradıcılıq prosesi, müasir poeziyanın istiqamətləri və şairin cəmiyyətdəki missiyası barədə danışıb.

— Öncəliklə sizi tanıyaq. Özünüzdən bəhs edin.

—Mən Erkan İncə. Bursanın Orhanqazi rayonunda anadan olmuşam. Kiçik bir Anadolu əyalətindən olan Çakırlı kəndində dünyaya göz açmışam.

Şeirlə tanışlığım orta məktəb illərinə təsadüf edir. Həmin illərdə müəllimlərimin həvəsləndirməsi mənim üçün dönüş nöqtəsi oldu. Yazdıqca özümü tapdığımı anladım. Bəstəkarlıq və şeir müsabiqələrində iştirak etdim və mükafatlar qazandım; amma əsl qazancım qələmimə inamım olub.

Mənim üçün şeir həyatı izah etmək üsuludur. Gördüyüm bir mənzərə, eşitdiyim bir söz, yaşadığım bir sevinc və ya ürəyimə düşən bir kədər… bunların hamısı bir gün istər-istəməz şeirə çevrilir. Yazdıqlarımı saxlayıram; çünki hər şeir mənim həyatımın bir xatirəsidir.

Bəzi şeirlərim Türkiyədə bəstələnərək musiqiyə çevrilib. Sözlərimin notlara qarışması mənim üçün xüsusi bir sevinc oldu. Ailəliyəm və iki qız atasıyam.

Nəşr etdiyim əsər: “İndi Şeir Zamanıdır” (Tılsım Nəşrləri). Hazırda bütün rəqəmsal kitab mağazalarında mövcuddur.

— Türkiyədə şair olmaq asandır?

— Yazmaq da, paylaşmaq da asandır. Amma şair olmaq çətindir. Çünki şair olmaq təkcə şeir yazmaq deyil, bir ənənənin yükünü daşımaq, sözün haqqını vermək, səbirlə, inadla O yoldan getməkdir. Türkiyədə şeir ənənəsi çox dərindir, çox qədimdir. “Şairəm” demək mənim üçün ağır bir kəlmədir. Bir kitabla və ya bir neçə şeirlə sosial mediada şair olmaq mənə görə deyil.

Mən şair olmamışam.

Mən ancaq şeir yazmışam, yazmağa da davam edirəm, paylaşıram.

Mən böyük iddialara və böyük xəyallara sığınmıram.

Qələmin imkan verdiyi qədər… Sözlərim çata bildiyi qədər.

— Sizcə, sosial media şairi və şeiri gücləndirdi, yoxsa bəsitləşdirdi?

— Sosial media poeziyanı həm gücləndirib, həm də müəyyən dərəcədə bayağılaşdırıb.

Şairlər artıq nəşriyyatlardan asılı olmadığı üçün ona güc verdi. Onlar daha geniş auditoriyaya daha tez çata bilirlər. Gənc yazarlar özlərini nümayiş etdirə bilirlər.

Amma bu həm də onu sıradan etdi, çünki artan istehlak mədəniyyəti şeiri də sürətləndirdi.

Bəyənmələrin sayı dərinlikdən daha önəmli olub. Qısa, diqqəti çəkən, lakin bəzən səthi mətnlər ön plana çıxıb. Nəticə olaraq, sosial media bir vasitədir. Məncə, şeirin dəyərini müəyyən edən onun dərinliyidir.

— Atilla İlhan bir müsahibəsində deyib ki, “şeirdə musiqi olmalıdır”. Musiqi ruhu olmayan şeir, şeir deyilmi?

— Attila İlhanın “şeirin musiqisi olmalıdır” deməsi mühüm estetik vurğudur. Ancaq şeiri yalnız harmoniyaya endirmək natamam olardı. Şeir bəzən ritmi və qulağı, şüurlu şəkildə musiqililiyi pozur. Çünki həyatın özü həmişə melodik olmur. Ona görə də “musiqi ruhu olmayan şeir poeziya deyil” ifadəsi çox dəqiq ifadədir.

Musiqi şeiri zənginləşdirir; lakin bu, yeganə meyar deyil. Şeir bəzən nəğmədir, bəzən fəryaddır. Və qışqırıq həmişə melodiya deyil.

— Bu gün şeir yazmaq xobbi kimi düşünülür. Çünki o qədər də pul qazandıran sahə deyil. Bəs, siz necə, şeirə xobbi kimi yanaşıb əlavə işdə çalışırsınızmı?

— Bu gün poeziya müntəzəm və yüksək gəlir gətirmədiyi üçün çox vaxt “xobbi” kimi qəbul edilir. Türkiyədə də vəziyyət çox fərqli deyil. Şeir kitablarının satışı məhduddur, bir çox şairlər başqa peşələrdən dolanırlar. Amma şeirin dəyəri heç vaxt yalnız maddi vasitələrlə ölçülməməlidir.

Mən dövlət qulluqçusuyam. Şair olmaqdan heç nə qazanmıram; düzünü desəm, gözləmirəm də.

Mənim üçün şeir peşədən əvvəl sevgidir, əməkdir.

İstəyirəm ki, şeirlərim oxunsun, insanlara çatsın, qəlblərə toxunsun.

Mənim şeirlərimdən birinə sevinən varsa, qiyməti pul deyil. Qazancım bir ürəkdə çiçək açan ümid, üzündə yaranan təbəssümdür.

— Azərbaycan şair və yazıçılarından kimləri tanıyırsınız?

— Azərbaycan ədəbiyyatı kökləri əsrlərə uzanan zəngin bir ağacdır. Bu böyük irs daxilində çağdaş şair və yazıçılar arasında

Bəxtiyar Vahabzadə, Əhməd Cavad,

Ramiz Rövşən, Anar Rzayev tanıdığım və oxuduğum müəlliflərdir.

Bu adlar təkcə Azərbaycanın ədəbi irsinin bir parçası deyil, həm də türk dünyasının ortaq ədəbi xəzinəsidir. Onların qələmindən axan hər söz tarixə, kədərə, ümidə, müqavimətə qərq olmuş bir xalqın səsidir.

Söhbətləşdi: Dəniz Pənahova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*