Sovet dövrünün Bakısına MÜASİR YAMAĞI vurmağın nə FAYDASI? – “Probkası” ATMAYACAQbackend

Sovet dövrünün Bakısına MÜASİR YAMAĞI vurmağın nə FAYDASI? - "Probkası" ATMAYACAQ

Bəli, şəhərin beyni çönsə də, “probkası atmayacaq”, əksinə tıxac qaldıqca artacaq.

KONKRET.az-a ünvanlanan ekspert rəyi və oxucu gileylərini toplayanda belə bir yazı alınır:

Yol-uq nəqliyyat sistemi

Azərbaycanın deməzdim, amma Bakının yaralı yeridir. Söhbət yollardan, nəqliyyat vasitələrindən, tıxaclardan gedir. Yol məsələsi illərdir ki, yola gəlmir. Yola verilir. Çünki bu yolaverdi yanaşmada büdcədən ayrılan pullar yeyilir. Asfalt yollara boya əvəzi çəkiləndə torpağın rəngi və hamarlığı dəyişir. Ona görə də yollar tez dağılır və yeni qazanc vəsaiti yığılır. Bu lap o vaxtın zarafatını xatırlatdı: “Bakının meri əvvəlcə yolları asfaltladı, 1 ay sonra tramvay xətlərinin ləğvi qərarı ilə sökdü və təzdən asfalt çəkdi”. Sağ əlini başının üstündən aparıb sol qulağın qaşıyanlar səlahiyyətli vəzifəni tutanda belə də olmalı idi.

Bakının müasir yamağı

Bakının yol infrastrukturu sovetdənqalmadır. Yəni 1-2 körpü ilə, ikimərtəbli yolla bu reallığı gizlətmək mümkün deyil. Bakıdan 10-15 əsr sonra yaranmış şəhərlərdə çoxmərtəbəli yollar mövcuddur. Bakı isə hələ tuneldən çıxa bilmir. Demirəm ki, Bakını yadplanetli şəhər kimi fantastikləşdirmək lazımdır. Gündəlik tıxac qeydə alınan yollarda isə alternativlər yaratmaq olar. Məsələn, Tbilisi prospektində körpü yoxdur. Belə misallar çoxdur. Sanki müasir dedikləri Bakı şəhərin mərkəzi hissəsinin abadlaşdırılması ilə çərçivələnib. Heç Azneft dairəsindəki tıxacın qarşısını almaq üçün müasir infrastruktur qurulmayıb, o ki qaldı ekologiya postuna əncam çəkələr. 2015-ci il Avropa oyunlarından sonra səliqəsiz yerləri olimpiya rəmzləri adı ilə çəpərlədilər ki, Bakı eybəcərlikləri turistlərin gözünü oxşamasın. İslam oyunlarında şəhərimizə gələn ərəblər də Bakıda “üstü bəzək, altı təzək” layihəsinin icra olunduğunu bilmədilər. Formula yarışları isə hər il keçirildiyi üçün bolid ötüşməsinə baxanlar “Tarqovı”dan başqa yerlərdə də dolaşıblar. Görüblər ki, avtomobil yolları bir yana, məhəlləarası yollar da bərbad vəziyyətdədir. Ən yaxşı halda SSRİ dağılandan sonra bircə dəfə abadlaşan məhəllələr var. Müasir sivilizasiyadan uzaq ibtidai icma quruluşunu xatırladan səliqəsiz qəsəbələri gizlətmək mümkün deyil.

Kim harda gəldi bina, həyət evi, obyekt tikir. Əksər strukturlarda rüşvət müqəddəsləşib. Köhnəli-yenili təyinatların 90 faizi ele hey pul yığmağa çalışır ki, bir yol tapıb aradan çıxsın. Amma onların axırına elə bu yollar çıxacaq. Həmin rüşvətxorların hamısı bir gün bu yolların “yaması”na düşəcək. Bax onda başına döyəcək ki, “bu yolu yeyintisiz salsaydım, indi qaça bilmişdim”. Korrupsiyanın kütləşdirdiyi bu beyinlərə demək istəyirəm ki, o yolu yeyintisiz düzltsəydin, qaçmağa lüzum qalmayacaqdı. Bəlkə də bunu dərk edirlər. Buna baxmayaraq harasa tələsənə oxşayırlar. Sanki hamısı bugün-sabahlıq olduğunu hiss edir.

Ola bilsin, bu qorxunu onların canına kadr islahatları və DTX əməliyyatları salıb. Di gəl ki, bərk qorxsaydılar, “veşlər”in yox, özlərin yığışdırardılar.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*