“Söyüş müxalifəti təlimatları “Freedom House”dan alır”  – SƏRT REAKSİYALARbackend

"Söyüş müxalifəti təlimatları “Freedom House”dan alır"  - SƏRT REAKSİYALAR

Mərkəzi ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən “Freedom House” hüquq-müdafiə təşkilatı aprelin 28-də Avropa və Avrasiya regionunda demokratiyanın vəziyyətinə dair “Keçid ölkələri-2021″ adlı hesabatını açıqlayıb.

KONKRET.az-ın məlumatına görə, hesabatda Mərkəzi Avropadan Orta Asiyaya qədər 29 ölkədə demokratik idarəçiliyin vəziyyəti dəyərləndirilib. Hesabatın giriş hissəsində deyilir ki, demokratik institutlara hücumlar Avropa və Avrasiyada hər zamankından daha sürətli yayılır.

Təşkilat qeyd edir ki, möhkəmlənmiş avtoritar rejimlər qapalı cəmiyyətlərdir, diktatorlar siyasi rəqabətə və plüralizmə mane olur, təməl siyasi, mülki və insan haqlarının irimiqyaslı pozuntularına görə məsuliyyət daşıyır. Hesabatın Azərbaycana dair hissəsində qeyd edilir ki, Azərbaycan hakimiyyəti ölkədə demokratik islahatlar aparıldığını deyir, təməl hüquqların pozulması ilə bağlı beynəlxalq qurumların tənqidlərini rədd edir, onları qərəzli mövqedə ittiham edir. Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan da belə edir.

“Freedom House” Ermənistanı yarımöhkəmlənmiş avtoritar rejimlər siyahısına salıb. Vaxtilə demokratiya yönündə böyük irəliləyişi qeyd olunan Ermənistan 2018-ci ilin məxməri inqilabından sonra ilk dəfə geriləyib. 2019-cu ildə Ermənistan tranzit rejimə keçib, bu, 2020-ci ildə də davam edib. Gürcüstan tranzit, yaxud hibrid rejimlər sırasında yer alıb. Bu hibrid rejimlər siyahısında Bosniya və Herseqovina, Macarıstan, Kosovo, Monteneqro, Moldova, Şimali Makedoniya, Serbiya və Ukrayna da var. Hesabatda deyilir ki, bölgədəki bütün ölkələr demokratiyadan üz çevirir və ya geriləmə və qismən canlanma dövründə özlərini tapırlar. Ümumiyyətlə isə 17 il ardıcıl olaraq regionda demokratiyanın ümumi gücünün zəiflədiyi vurğulanır.

Hesabatda diqqətçəkən bir məqam da var. Sənəddə “sevinclə” qeyd olunur ki, Azərbaycandan olan və mühacirətdə yaşayan jurnalistlər, blogerlər, diaspor fəalları öz ölkələrində baş verənlər haqda məlumatlar yayırlar. Amma “Freedom House” bir nüansı “gözdən qaçırıb”, əslində kor-kor, gör-gör bilir – mühacirətdə olanların heç də hamısı “demokratiya aşiqləri” deyil. Əksinə, həmin “demokratiya çarçılar”ının bir çoxu Azərbaycandakı hər hansı vəziyyətlə bağlı mübaliğəli, dramatik, qərəzli şəkildə çatdırırlar. Əgər mənzil-qərargahı ABŞ olan “Freedom House” Vaşinqtona qarşı bu cür qərəzli çıxışlar görsəydi, bu təhqirlərə dözməzdi.

Bəziləri isə “söyüş müxalifəti” olaraq tanınır ki, onlar ancaq insanları təhqir etməklə məşğuldurlar. Sözügedən təşkilat bu tipləri az qala “demokratiya çarçısı” hesab edir. Və ən əsası hesabatda “söyüş müxalifəti” adlanan həmin mühacirlər haqda qeyd olunması az qala yaxşı tendensiya kimi təqdim edilir. “Freedom House” təşkilatının xaricdəki həmin qrupları həvəsləndirməsinin, ruhlandırmasının səbəbi nədir?

Məsələ ilə bağlı danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadənin  bildirdiyinə görə, bu hesabatdan belə təəssürat yaranır ki, onlar eyni komandadır:  ““Freedom House” onların mövcudluğunu, iqtidara qarşı etik normalardan kənar fikir bildirməsini müsbət hal kimi qiymətləndirir. Bu təşkilat heç zaman Azərbaycana qarşı pozitiv mövqedə olmayıb. Ölkədə islahatlar keçirilir, korrupsiya ilə mübarizə ciddi şəkil alır, parlament rəhbərliyində müxalifət nümayəndələri seçilir, istənilən halda “Freedom House” Azərbaycana qara eynəkdən baxır”.

Deputat hesab edir ki, hesabatda xaricdəki söyüşlə danışanların bloger kimi yada salınması cəmiyyətin onların auditoriyası olmağa bir çağırışdır: “Bu, onların eyni mənbədən təlimat almasını deməyə əsas verir. Həmin şəxslərin hansı mövzulara toxunacağını, Azərbaycanı necə təhqir edəcəklərini eyni mənbədən təlimat aldığı təəssüratı yaranır. Amma bu cür təhqirlərlə bizi nə müstəqillik yolundan çəkindirmək, nə onların istədiyi siyasətə bağlamaq olar”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı qeyd edib ki, əslində onların məqsədləri, fəaliyyətləri üst-üstə düşür: “Bu təşkilat hər zaman Azərbaycana qarşı qərəzli mövqedə olub və bütün hesabatlarında ölkəmiz müxtəlif epitetlərlə hədəfə alınıb. Bu təşkilat Azərbaycan həqiqətlərinin üstündən xətt çəkərək, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyi qarşısına məqsəd qoyub”.

F.Ağamalının sözlərinə görə, bundan sonra da “Freedom House” təşkilatının Azərbaycana münasibətinin dəyişəcəyini, onların düzələcəyini gözləmir, buna gümanı yoxdur: “Təşkilat tərəfindən bəzi söyüşcül mühacirlərin bloger adlandırılması, onların mənəvi dəyərlərdən uzaq, söyüş, təhqir və qərəz dolu fəaliyyətinə haqq qazandırılması, bunun müsbət hal kimi göstərilməsi xəbər verir ki, onların işində biri digərini tamamlayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*