“Sözün keçirdisə, dua edəydin, millətim qırılmayaydı” – Siyasət sənin sahən deyil, şeyx həzrətləri!backend

"Sözün keçirdisə, dua edəydin, millətim qırılmayaydı" – Siyasət sənin sahən deyil, şeyx həzrətləri!

İctimai həyatın məntiqliyini göstərən ədalət prinsipinin pozulması hər zaman cəmiyyətin təpkisi ilə qarşılaşır. Toplumun sərt yanaşmasına Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin “Təzəpir” məscidində bayram namazından sonra çıxışı zamanı səsləndirdiyi ədalətsiz mövqe, Şuşa məscidində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejadın dini qrupun namazına pişnamazlıq etməsi, Allahşükür Paşazadənin onun arxasında namaza dayanması zamanı bir daha şahid olduq.

Əslində biz Azərbaycan üçün qürur duymalıyıq. Bizim dünyəvi dövlətimiz dara düşənlərə, hətta düşmənlərə belə, yardım əlini uzatmağı bacarıb, qonşuların torpaqlarına göz dikməyib, uzun illər erməni faşizmi, fars və rus şovinizmi, fransız nadanlığı ilə üz-üzə gəlsə də, humanistliyini, qonaqpərvərliyini itirməyib, multikultural dəyərlərə sadiq qalıb. Amma, təbii ki, mizan-tərəzi məsələsini də unutmuruq, çətin günümüzdə bizi dəstəkləyən, yardım etməyə tələsən dostlarımızı fərqləndirə bilirik. Zatən, XXI əsrin texnoloji möcüzələr şəraitində “cidanı çuvalda gizlətmək” qeyri-mümkündür.

Ötən il baş verən Tovuz hadisələri və 44 günlük Vətən müharibəsində olduğu kimi. Bütün xalqımız ikinci Vətənimiz adlandırdığımız Türkiyənin bizə necə dayaq olduğunu, ilk dəqiqələrdən bütün dünyaya Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanı dəstəkləyirik” bəyanatı ilə çıxış etməsinin, qardaş və dost İsrailin, Pakistanın, Böyük Britaniyanın, Ukraynanın, İtaliyanın, Qoşulmama Hərəkatının üzv ölkələrinin bizi necə yalnız qoymadıqlarının şahidi olduq.

Odur ki, parlaq Qələbədən 8 ay sonra qalibiyyətimizdə heç bir rolu olmayanları, əslində məğlubiyyətimizdə maraqlı olanları şərik etməyə çalışmaq bu ülvi və müqəddəs prosesə yamaq vurmaq təsiri buraxır.

Qafqaz kimi bölgənin şeyxülislamının qələbəyə çatmağımızda İranı Türkiyəyə bərabər tutması heç bir əndazəyə sığmır. Onun “Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” fətvasını verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” fikrini dilə gətirməsi böyük biabırçılıqdır.

İnanmaq çətindir ki, şeyxülislamın Vətən müharibəsindən öncə və sonrakı dönəmdə rəsmi Tehranın yolverilməz davranışından xəbəri yoxdur.

Əvvəla, Azərbaycana dəstək baxımından Türkiyə və İranı müqayisə etmək, yanaşı qoymaq mümkün deyil. Türkiyə uzun illər Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, Ermənistanla sərhədləri bağlayıb. Qarabağ probleminin həlli məsələsində Azərbaycan Prezidenti İlham Əliyevi beynəlxalq aləmdə yalnız buraxmayan məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Ərdoğanın sözlərinə görə, torpaqlarımızın erməni işğalından azad edilməsi naminə Rusiya Prezidenti Vladimir Putinlə 10 il ərzində danışıqlar aparıb. Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyəni, onun hörmətli dövlət başçısını beynəlxalq aləmdə tək qoymayıb. Beynəlxalq tədbirlərdə Türkiyəyə qarşı Ermənistan hakimiyyətinin hücumlarının qarşısını təkzibedilməz dəlil və arqumentlərlə alıb.

Müharibə dövründə isə məhz Ərdoğan hər gün İlham Əliyevlə telefon danışıqları aparıb, ən yüksək səviyyədə mütəmadi qaydada Azərbaycana siyasi və mənəvi dəstək verib. Azərbaycanın dövlət müstəqilliyinə qarşı planlaşdırılan Tovuz hadisələrindən sonra Türkiyənin yüksək səviyyəli nümayəndə heyətlərinin Bakıya səfərlərini hər kəs görürdü.

İrandan səs çıxırdımı? Xeyr! Çünki rəsmi Tehran rəsmi İrəvanın yanında idi və Ermənistanla sıx əlaqə saxlayırdı. Ermənistanın genişmiqyaslı hücumu sentyabrın 27-də başlasa da, İranın ali dini rəhbəri Əli Xamenei yalnız noyabrın 4-də açıqlama ilə çıxış etdi. Nə qədər əcaib səslənsə də, müsəlman ölkəsi, özünü şiələrin “qoruyucu mələyi” hesab edən fars rejimi müharibə dövründə öz torpaqlarını erməni işğalından azad etməyə çalışan müsəlman Azərbaycanına dəstək əvəzinə dirsək göstərirdi. Azərbaycan dronlarının sərhəd ərazilərdə uçmasından narahatlığını bildirildi. İran ərazisindən Ermənistana silah daşınması davam edirdi. Yalnız İranın Azərbaycan hissəsində yaşayan  soydaşlarımızın, mülki əhalinin kəskin etirazından, yolu kəsməsindən sonra quru yolla silah daşınmasına son qoyuldu. Elə Xomeyninin fətvasından sonra da rəsmi Tehranın fəallığı görünmədi. Əvəzində Xudafərin körpüsünün azad edilməsindən sonra İran generallarının təhdidvari açıqlamalarını duyduq.

Müharibə başa çatdıqdan sonra da rəsmi Tehran öz ampluasına sədaqətli qaldı. Hətta 2021-ci il fevralın 26-da Prezident İlham Əliyevin xarici jurnalistlərlə mətbuat konfransında yeganə təxribatçı sualla məhz iranlı jurnalistin çıxış etməsi təsadüfi sayıla bilməzdi. İranlı jurnalist 44 günlük müharibədə suriyalı muzdluların Azərbaycan tərəfində döyüşdükləri barədə ermənilərin əsassız iddialarını təkrarlamaqla özünü gülünc vəziyyətə saldı. Çünki bütün dünya İranın və ermənilərin Suriyada hansı təsirə malik olduqlarını bizdən pis bilmir.

Soruşmaq olar ki, bəs müsəlman İranın Ermənistana hədsiz sevgisi nədən qaynaqlanır? Əlbəttə ki, qaynaq – türkə və türklüyə tarixi nifrət, hər hansı uğurumuza qısqanc münasibət, ikinci növbədə isə, bir alət kimi, erməni lobbisidir. Beynəlxalq mediaya sızan məlimatlara görə, İran ABŞ-dakı erməni lobbisinin köməyi ilə rəsmi Vaşinqtonla kəskinləşən münasibətləri yumşaltmağa çalışır və bunun üçün Ermənistan hakimiyyətindən mədəd umur. Bu məqam rəsmi Tehranın Ermənistan qarşısında öhdəliklərinin yaranmasına aparır.

Yeri gəlmişkən, bir neçə il öncə İrana münasibətin yumşaldılması, beynəlxalq embarqonun aradan qaldırılması xahişi ilə şeyxülislam Allahşükür Paşazadə ABŞ prezidenti Donald Trampa məktubla müraciət etmişdi, halbuku, prezidentlərlə iş bilavasitə prezident səlahiyyətinə daxildir. Allahşükür Paşazadə insanlıq naminə Trampı mərhəmətli və şəfqətli olmağa çağırmışdı və belə qərarın verilməsinin bütün dünyəvi və mənəvi qanunlara uyğun addım və Uca Rəbbimizə xoş gedəcək savab bir əməl adlandırmışdı.

Nədənsə, 30 il ərzində şeyx həzrətləri islamda böyük dəyər verilən ədalət və humanizm prinsiplərini Azərbaycanın ərazilərinin işğal edilməsində Ermənistanın təcavüzkar siyasətini maddi, hərbi, silahlı və digər yönlərdə dəstəkləyən rəsmi Tehranın yadına salmağa cəhd göstərməyib. Məgər Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidin dağıdılmasına İranın heç bir təpki göstərməməsi, erməni işğalı dövründə Şuşadakı məsciddə iranlı iş adamlarının çalışması Allahşükür Paşazadəni narahat etmirdimi? Şuşa məscidində yuxarı başa keçirdiyi Ocaqnejadın bir dəfə də olsun bu məsələlərə münasibət bildirməməsi, Azərbaycandan səslənən haqlı iradlara həmişə İrandakı dini xadimlərin ittihamları ilə cavab verildiyi, amma buna QMİ rəhbərliyinin heç bir reaksiya göstərməməsi düşündürücü deyilmi?

Nə yaxşı ki, Azərbaycan dünyəvi dövlətdir. Və dövlətimizə siyasi qətiyyətə, iradəyə, diplomatik bacarığa malik, bütün dini konfessiyalara və ənənələrə hörmət edən, bunu əməldə sübuta yetirən, bütün normal dövlətlərlə dostluq münasibətləri qurmaq iqtidarına malik olan nüfuzlu və görkəmli dövlət xadimi İlham Əliyev başçılıq edir. Ötən il xalq açıq-aşkar gördü ki, İlham Əliyev təkbaşına nəinki Ermənistanın, həm də onun havadarlarının cavabını yetərincə verdi. Onların sırasında İran da vardı…

Şeyxin yadına bir daha salaq: 44 günlük müharibədə əldə etdiyimiz parlaq Qələbə cənub qonşuda səslənən fətvaya görə qazanılmayıb. Bu qələbənin müəllifləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Müzəffər Azərbaycan Ordusu və Müzəffər Xalqımızdır. Məhz İlham Əliyevin qətiyyəti, cəsarəti, düşünülmüş siyasəti, xalqımızın ona olan böyük etimadı, əsgər və zabitlərimizin igidliyi və qəhrəmanlığı, axıtdıqları qan Qələbəmizi qaçılmaz və labüd edib.

Cəmiyyətin hər bir üzvünə, xüsusilə də özünü bütün Qafqazın şeyxi hesab edən şəxsə baş verən prosesləri doğru qiymətləndirmək yalnız başucalığı gətirə bilərdi. Alınmadı! Gözümüzün qarşısında cərəyan edən hadisələri 8 aydan sonra həqiqətə uyğun olmayan tərzdə şərh etmək yolverilməzdir.

Xatirə SADİQ,

KONKRET.az

  • Sevda
    İyul 25, 2021 - 21:47

    Din onsuz da siyasətdən kənardır. Bunu yazmaq özü elə boş bir işdir.

  • GARACANTA
    İyul 26, 2021 - 21:19

    bu zat şeyx-ül-islam yox şey-lül-ifraz olub….vaxtı çatıb

  • Azad
    İyul 27, 2021 - 07:47

    Ay qardaş banan gəlir,xurma gəlir,kartof gəlir ,taxta gəlir mərmər gəlir,suvinirlər gəlir belə danışmasa bu manapoliya əldən çıxacaq axı.
    Ən azından vəziyfənə hörmət qoyub namazı sən qıldıraydın ki,bir ərdabı olaydı.
    Türkciliyi zaman zaman beynimizdən silməyə çalışdız bacarmadız,cünki qəlbimizdən silə bilmədiz.
    Farsın qılıncı burda oynamaz bundan sonra qutardı ,dəli kürdəki mollaların zərb havaları.

  • Ramiz
    Avqust 1, 2021 - 01:21

    Məqalədə bir məsələ nəzərə alınmayıb. 1. Ermənistan Rusiyanın nökəri olan kimi, “şeyx” də İrana qulluq eləyir. Fikir vermisinizmi ki, dini bayramları demək olar ki, bütün müsəlman dövlətləri eyni gündə, biz isə İranla eyni gündə qeyd edirik. Nədənsə, günəşi, Pakistan, Türkiyə, Rusiya müsəlmanları və başqaları günəşi bizdən yaxşı görürlər, biz isə bu bisavadın ucbatından İranı gözləyirik. 2. Bu günkü dövranın dəyişməsinə və İrandakı kimi molla rejiminin yaranmasına bizim bu molla çox sevinərdi. Çünki belə olan halda (Allah, sən bizi qoru!), başdakı kürsü bunundur. Özünün də saysız-hesabsız, uzun-uzadı, dilsındıran adlarına bir Ayətullah da əlavə olunardı. Bah, nəyi pisdir? Onda İran buna mütləq kömək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*