1955-ci ildə Sovet İttifaqının mərkəzində, Moskvada yüksək vəzifəli şəxslərin iştirak etdiyi böyük rüsvayçılığın üstü açılıb. Hadisə tarixdə “Qladiatorlar işi” kimi qalıb və dövrün tanınmış mədəniyyət xadimlərinin, nazirlərinin karyerasına son qoyub.
KONKRET.az xəbər verir ki, hər şey Sovet İttifaqı Kommunist Partiyasının rəhbəri Nikita Xruşşova ünvanlanan anonim məktubla başlayıb. Özünü “ana” kimi təqdim edən bir qadın 18 yaşlı qızının məşhur dramaturq Konstantin Krivoşeinin villasında qurulan gizli şəbəkəyə cəlb edildiyini yazıb. Araşdırmalar zamanı bəlli olub ki, Konstantin Krivoşeinin paytaxt kənarındakı villasında universitet tələbələri və balet məktəbinin gənc qızları üçün xüsusi “görüş yeri” təşkil olunubmuş.
Bu gizli klubun ən nüfuzlu müştərisi isə dövrün Mədəniyyət naziri Georgi Aleksandrov olub. Məlum olub ki, dramaturq gənc qızları gələcəkdə karyera vədləri ilə şirnikləndirərək nazir və digər yüksək rütbəli məmurlarla görüşlərə sövq edib. Hadisə o qədər səs-küyə səbəb olub ki, Nikita Xruşşov günahkarları şəxsən tənbeh edib.
Qalmaqalın nəticələri həm məmurlar, həm də qurbanlar üçün ağır olub. Mədəniyyət naziri Georgi Aleksandrov vəzifəsindən kənarlaşdırılaraq Minskə sürgün edilib. Şəbəkəni quran Konstantin Krivoşein isə həbs olunaraq uzunmüddətli həbs cəzası alıb. Ən faciəli məqam isə qızını xilas etmək üçün prokurorluğa rəsmi şikayət edən Zinaida Lobzikovanın aqibəti olub. Cəsarətli ana bu hadisədən qısa müddət sonra naməlum şəxslərin hücumuna məruz qalıb və xəstəxanada vəfat edib.\\Demokrat.az




