Su həyat mənbəyidir: Bəs, “zınqırovu kim asacaq?”backend

Su həyat mənbəyidir: Bəs, “zınqırovu kim asacaq?”

Hamı içməli suya qənaət etməyə çağırır, amma bunun yolunu heç kim göstərmir

2020-ci ilin iyun ayında Kür çayının kəskin dayazlaşması Neftçala və Salyan bölgələrindəki, habelə Bakının bir hissəsindəki bir çox yaşayış məntəqəsini içməli sudan məhrum etdi. İçməli suyun çatışmazlığı dövlət qurumlarının nümayəndələri tərəfindən də qəbul edilir.

“Bir neçə il əvvəl Bakıda ağaclar içməli su ilə sulanırdısa, indi təmizlənmiş sudan istifadə etməyə çağırırıq. Ölkədə su qıtlığı var. Buna görə də ağaclara suvarma zamanı yalnız təmizlənmiş çirkab suyundan istifadə edilməli olduğuna inanırıq və əhalini də buna çağırırıq”.

KONKRET.az xəbər verir ki, bunu AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinin (DEEA) rəhbəri Mirsalam Qənbərov deyib: “Nazirliyin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti bu gün ağacları suvarmaq üçün yalnız təmizlənmiş sudan istifadə edir. Bunun üçün tullantı su təmizlənir və xüsusi çənlərə doldurulur”.

 

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə AYNA-ya açıqlamasında bildirib ki, içməli suyun istifadəsinə nəzarət ictimai təşkilatlara həvalə olunmalıdır: “İçməli suyun istifadəsi üzərində nəzarət bizim məmurlarımıza həvalə edilərsə, bu, mütləq korrupsiyanın inkişafına rəvac verəcək”.

Maraqldır, şəhərdəki avtoyuma məntəqələri və ya əhali ağacları suvarmaq üçün təmizlənmiş çirkab sularını haradan ala bilər? Bu sualla “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə müraciət etdik və orada təmizlənmiş çirkab sularını xüsusi çənlərə yerləşdirmək üçün əvvəlcə onların tikilməli olduğunu dedilər.

“Bundan əlavə, yeni bəndlər və yeni kanallar tikilməlidir. Və bu, böyük maliyyə investisiyaları tələb edir. Buna görə təmizlənmiş çirkab sularını hələ də dənizə tökmək məcburiyyətindəyik”, – deyə “Azərsu”dan bildirdilər.

Beləliklə, ilk baxışdan qəribə, lakin Azərbaycan reallığı üçün olduqca normal bir mənzərə ilə qarşılaşırıq: ETSN-in əməkdaşı əhalini məntiqi olaraq içməli suya qənaət etmək üçün təmizlənmiş çirkab sularını suvarma üçün istifadə etməyə çağırır. Ancaq bunun üçün “Azərsu”nun qeyd etdiyi kimi su anbarları tikmək, bəndlər inşa etmək və s. lazımdır. Bunları isə heç kim tikmir. Bəs, belə şəraitdə içməli suya necə qənaət edə bilərik?

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*