Pensiyaların artırılmasından sonra bazarda, xüsusilə gündəlik tələbat məhsullarının, o cümlədən su və əsas ərzaqların qiymətində artım müşahidə olunur. Bu vəziyyət vətəndaşlar arasında süni qiymət artımı barədə suallar doğurur.
KONKRET.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, qiymətlər həmişə artım göstərir, bu, pensiyanın artırılması ilə bağlı məsələ deyil.
“Yanvar ayında Mərkəzi Bank inflyasiya ilə bağlı rəqəmlərin gözləntilərə uyğun getdiyini açıqladı. Fəvralın əvvəlində faiz dərəcələrini dəyişmək barədə qərarında da qeyd olundu ki, vəziyyət plan üzrədir. Hazırda inflyasiya 5–10% civarındadır və həm Mərkəzi Bankın, həm də hökumətin proqnozları buna uyğundur. İlin əvvəlindən kommunal xidmətlərin qiymətləri artırılıb, eləcə də Tarif Şurasının qərarı ilə dizel və benzinin qiymətləri yüksəlib. Bu da sahibkarların xərclərini artırır. Keçən il işçilərin maaşları mərkəzi olaraq 9–10% artmışdı, bu il isə artımın 7%-dən çox olacağı proqnozlaşdırılır. Yanacaq və kommunal xərclərinin artması biznesin maya dəyərinə birbaşa təsir göstərir” – o, bildirib.
Ekspert bildirib ki, buna baxmayaraq, bu, avtomatik olaraq süni qiymət artımı demək deyil:
“İnflyasiya şəraitində sahibkarlar xərcləri qiymətlərinə ötürməli olur, yoxsa ya müflis olar, ya da bazardan çıxar. Qiymətləri bazarla uzlaşdırmadan ya rəqabətdə uduzurlar, ya da xərclər artaraq mənfəəti azaldır. Hansı qiymət artımı rəsmi olaraq baş verib? Dövlət tərəfindən tənzimlənən tariflər qalxmayıb. Məsələn, insanların evdə istifadə edə biləcəyi suyun qiyməti bazar davranışına bağlıdır və dövlət tərəfindən tənzimlənmir. Pensiyaçı vətəndaş istəsə, daha ucuz alternativlərdən istifadə edə bilər, bu, qiymət artımına səbəb deyil. Rəsmi qiymətləri yalnız dövlət orqanları, Tarif Şurası, Nazirlər Kabineti və iri bazar oyunçuları razılaşdırılmış şəkildə müəyyən edə bilər. Mağaza və ya kiçik satıcılar isə süni qiymət təyin edə bilməz. Yəni bazarda sahibkarın öz təşəbbüsü ilə formalaşan qiymətlər, dövlət tərəfindən tənzimlənmədiyi üçün süni qiymət sayılır”.
Qeyd edək ki, bazardakı qiymət artımı pensiya artımı ilə birbaşa bağlı deyil və əsasən xərclərin ötürülməsi ilə əlaqəlidir.
