Sudandan “Midiya dəhlizi” adlanan cənnət Azərbaycanabackend

Sudandan “Midiya dəhlizi” adlanan cənnət Azərbaycana

KONKRET.az worldmedia-ya istinadla xəbər verir ki, yazının müəllifi Nuha Salim Azərbaycanla bağlı maraqlı yazı ilə çıxış edib. Yazını oxuculara təqdim edirik:

İnsan fitrətən ağlı ilə, qəlbi ilə gözəlliyə vurğundur. Bəşər övladı ruhən də gözəlliyə meyillidir. Kaş ulduzları bir yerə cəm edə, sonra onları sıxıb qızıl mürəkkəb düzəldə biləydim. Kaş bu mürəkkəblə qədim tarixi olan, əsrarəngiz ölkələr haqda yaza biləydim.

Doğrudan da gözəl insanın düşüncəsində öz izini buraxır. Bu, “Midiya dəhlizi” də adlandırılan cənnətə – Azərbaycana da aiddir. Azərbaycan şimaldan Rusiya, şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənubdan İran, şərqdən Xəzər dənizilə həmsərhəddir. Bura məni həqiqətən ovsunlayıb. Burada sanki qanadlanır, onun səmasında fərəhlə pərvazlanır, qədim tarixinin dərinliklərinə varıram. Bu tarix epiqrafik abidələrdə, mağara qayalarındakı, divarlarındakı rəsmlərdə həkk olunub. Bu petroqriflərdə dini ayinlərdən tutmuş, ov səhnələri, rəqs edən şamanlar, heyvanlar və təbiətin müxtəlif rəmzlərinədək hər şey görmək mümkündür. Dövrümüzədək gəlib çatmış bu abidələr bir çox mədəniyyətin, eyni zamanda, işğalınn, hökmdarın, imperiyanın şahidi olub: o cümlədən Midiya, Əhəməni, Makedoniyalı İsgəndər, Sasani, Bizans, Əməvi, Səlcuq, Monqol, Cəlairi, Teymurləng, Şirvanşahlar, Səfəvilər, Osmanlılar, Rus dövləti və s.

Bu mürəkkəb tarixi dönəmlərin çoxu haqda müfəssəl yazmağa imkan yoxdur. Amma onların içərisində Ömər ibn əl-Xəttabın dövrünü, yəni bu ölkədə İslamın yayılması tarixini unuda bilmərəm. Bu, tamamilə yeni mərhələnin başlanğıcı idi…

Ən maraqlısı odur ki, bütün münaqişələrə və dəyişikliklərə baxmayaraq, ölkə öz gücünü, möhkəmliyini insanının gücündən, ağılla, səbrlə və müdrikcəsinə çətinliyə sinə gərmək, inkişaf etmək bacarığından alır. Bu, o insandır ki, ölkəsini Yer üzünün cənnətinə çevirib. Azırbaycana gələnlərin üzündən təbəssüm əskik olmur.

Mən bu ölkənin səmasındakı xəyalı uçuşumu Naxçıvandan başlayaraq, Böyük və Kiçik Qafqaz dağları üzərində davam edirəm. Sanki iki böyük lövhənin arasında dayanmışam. Sonra ən hündür zirvəyə – Bazardüzünə istiqamətlənirəm. Daha sonra bu dağ silsiləsinə meydan oxuyan, onun bağrını dələn Kür çayı üzərindən keçib Kür-Araz ovalığına çatıram. Kürün əsas qolu olan Arazın yanından şövqlə keçirəm…

Tərtər və Həkəri çaylarına, üzüm və tut bağlarına, sonra Qarabağa, onun nadir növlü, təmiz qanlı atlarını salamlamağı da unutmuram. Amma bundan öncə qəribə və qorxulu bir məkanda, insanı heyrətləndirən bir yerdə cövlan edib, dünyada ən böyük və ən qədim palçıq vulkanının qarşısında dayanıram. Burada 350 vulkan qeydə alınıb. Onlardan ən güclüsü və məşhuru Qarasu palçıq vulkanıdır. Doğrudan da bu məkan, deyildiyi kimi, Ayın səthinə bənzəyir.

Azərbaycanın əsrarəngizliyi məni daha çox şəkil və yazı vərəqləməyə sövq edir. Hər şeyi bilmək, hər yanı gəzmək həvəsi məni bürüyür. Hər hissəni şövqlə keçirəm, hər təfsilatı bilmək istəyirəm. Lakin dərinə getdikcə, ulduz ovlamaq üçün tor atan ovçuya bənzəyirəm.

Bir az nəfəs dərir, səfərimə eyni həvəs və ruhla yenidən başlayıram. Bu dəfə xəyalım məni özümdən alıb öz reallığına aparır. Bu, sanki daxilimdə 7D filmidir. Budur, ölkədə sənətkarlığın, əl işlərinin, taxta, sümük və daş üzərində oyma sənətinin tarixi, inkişafı ilə tanış oluram. Eləcə də dekorativ sənətkarlıq, mineral daşlar üzərində nəqqaşlıq, qiymətli bəzək əşyalarının düzəldilməsi, dabbaqlıq, toxuculuq, xalçaçılıq, mətbəə işi, təkəlduz, naxışvurma, xəttatlıq, təsviri sənət növlərinin inkişafı…

Bir döv sonra burada İran və ərəb islam mədəniyyətinin sintezi olan mədəniyyət yayılmağa başlayır. Müasir Azərbaycan torpağında məscidlər, məqbərələr, qalalar, qəsrlər və digər binalar Qərb və Şərq mədəniyyətlərinin gözəl sintezidir. Artıq yerli memarlıq məktəbləri yaranır…

Azərbaycan xalçalarının öz sehri, öz hekayəsi var. Xalçaçılıq bu ölkədə sənətlərin önündə gedir. Səfərim zamanı gördüyüm binaların dizaynının dəqiqliyi və rənglərin incəliyi məni valeh edir. Bütün tablolara, məşhur sənət işlərinə maraqla göz gəzdirirəm. Tarixin müxtəlif dövrlərində sənətdə baş vermiş dəyişikliklərə baxmayaraq, bu nümunələr, eləcə də min ildən çox yaşı olan böyük mədəni irs öz orijinallığını və köklərini qoruyub saxlayıb, eyni zamanda, davamlı tarixi transformasiyaların təsirilə daha rəngarəng olub. Necə gözəlsən, Azərbaycan! Milli musiqi ənənələrinlə, rəqslərinlə, filmlərin və ədəbiyyatınla, bir sözlə, öz zəngin mədəni irsinlə fəxr etməkdə haqlısan!

Budur böyük bir salonda toy məclisi qurulub. Milli geyimdə təqdim edilən xalq rəqsləri… Bu ölkədə maraqlı festivallar da təşkil edilir. Azərbaycanın mərkəzində – Göyçayda Nar festivalı xalqın sevimli meyvəsinə həsr olunub.

Ənənəvi Muğam festivalını da qeyd etmək lazımdır. Muğam sufiliklə bağlı olan məşhur xalq musiqisi növünün adıdır.

Ölkədə Novruz festivalları da keçirilir. Uşaqlar papaqlarını və ya kiçik torbalarını evlərin qapıları önünə atıb gizlənir, bir qədər sonra qayıdıb hədiyyələrlə dolu torbalarını götürür.

Bəli, bu ölkə məni sehrləyib. Ərəb şeir divanlarının sahiblərini düşündürdüyü kimi, mənim də fikrimi məşğul edib. Buhturi, Əbu Təmmam, əz-Zubyani, Əbu Firas əl-Həmdani və digər ərəb şairləri bu ölkə haqda çox gözəl şeirlər yazıblar. Tərcümeyi-hal kitablarındakı, ədəbiyyat tarixi ilə bağlı əsərlərdəki və başqa mənbələrdəki məlumatlar Azərbaycanın İslam irsində tutduğu yeri, onunla ərəblər arasında dostluq əlaqələrinin dərinliyini göstərir.

Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinə baş çəkirəm. Sonra paytaxt Bakının Nizami küçəsində gəzirəm. Bura şəhərin ən gur və ən təmtəraqlı küçəsidir. Burada turistlər daha çoxdur.

Yeri gəlmişkən, Nizami Gəncəvi məşhur Azərbaycan şairidir. Azərbaycanın Gəncə şəhərində doğulub. Poemalarını isə fars dilində yazıb.

Sözün əsl mənasında əsrarəngiz paytaxt olan Bakıda həyat izdihamlı, səs-küylü, təmtəraqlıdır. Bütün bunlar Bakının gecə həyatını bəzəyir. Şəhərin küçələrini dolaşır, divarlara, qapılara toxunuram. Şəhərin ətrini köksümə çəkirəm, Bakı küləyi üzümə toxunur. Yol keçənlərin Azərbaycan dilində danışığına qulaq asıram. Bu dildə türk, ərəb və fars sözləri var.

Sərçələrin, fəvvarələrin, yollarda şütüyən, işıqları ilə gözlərimi qamaşdıran avtomobillərin səsi qulağımda qalır. Dükanları gəzirəm, satılan əşyalara baxıram. Gözəl toxuma işləri diqqətimi çəkir. Satıcılarla danışıram. Çay evinə daxil oluram. Dünyada keyfiyyətilə məşhur Azərbaycan çayından içib, şirniyyatını dadıram. Çayın nanə, kəklikotu, limon və gül suyu ilə qarışıq dadı çox xoşuma gəlir. Gülümsəyirəm. Qulağıma digər qonaqların da gülüş səsləri gəlir. Ödənişimi edib, bir qədər də bəxşiş verib razılıqla bu məkanı tərk edirəm. Küçədə məni soyuq tutur…

Bakı – insanı öz gözəlliyilə məftun edən bu gəlin sanki Xəzər sahilində nazla gəzişir. Qədim divarlarla əhatələnmiş İçərişəhərlə müasir bəxtiyar şəhər burada qəribə şəkildə birləşdir. Üç binadan ibarət gözəl “Alov qüllələri” şəhərin səmasını bəzəyir. Düşünürəm ki, bu qüllələrin xarici görünüşü Azərbaycanın “Odlar yurdu” olmasından ilhamlanaraq qurulub.

Bakı tanınmış turizm məkanları ilə də məşhurdur. İçərişəhərdə, Bakının ortasındakı qala divarları arasında Qız qalası, Şirvanşahlar sarayı kimi tarixi məkanlar var. Şirvanşahlar sarayı Bakı Şirvan məmləkətinin paytaxtı olduqdan sonra tikilib. Bu qədim şəhərdə el sənətkarlarının əl işləri, toxuculuq məmulatları, milli geyimlər, eləcə də qonaqlara xatirə hədiyyələri təklif edən dükanlar xoşuma gəlir.

Əlbəttə, Müasir İncəsənət Muzeyinə getməyi də unutmuram. Muzeydə peşəkar rəssamların, sənətkarların 900-dən çox əl işi saxlanılır. Tarix Muzeyində isə 300 mindən çox tarixi eksponat qorunur. Bu, Azərbaycanda ən böyük muzeydir.

Xalça Muzeyi ən gözəlidir. Muzeyin xarici görünüşü bükülmüş naxışlı və rəsmli xalçaya bənzəyir. Oranın ziyarətçiləri muzeydə xalçatoxuma sənətinin incəliklərilə də tanış ola bilər.

Tanınmış iraqlı memar xanım Zaha Hadidin dizaynı əsasında tikilmiş Heydər Əliyev Mərkəzi də gözəllikdə geri qalmır. Bina dəniz dalğaları şəklində tikilib və ölkənin ən gözəl memarlıq incisi sayılır. Mərkəzdə hələ Sovet dövründə Azərbaycanın rəhbəri olmuş Heydər Əliyevin xatirə muzeyi var. Bundan başqa, incəsənət sərgisi, kitabxanalar, restoranlar, konsert və konfrans zalları, mədəniyyət sərgiləri…

Unikal formada inşa edilmiş, müxtəlif yazılar və gözəl islam naxışları ilə bəzədilmiş Bibiheybət məscidi də göz oxşayır.

Qədim tarixi Atəşgah məbədinə, həmçinin akvaparka, Abşeron təbiət parkına da xəyali səfər etməyi unuturam. Abşeron təbiət parkında müxtəlif növ bitkilər və çöl heyvanları görmək olar.

Daha sonra səfərim qədim insanların fəaliyyətini və ayinlərini əks etdirən tarixi qayaüstü rəsmlərilə məşhur Qobustana olur.

Bakı Azərbaycanın ən böyük və ən gözəl şəhəridir. Amma ölkədə ondan başqa da əsrarəngiz şəhərlər var. Söhbət xüsusilə məşhur turizm istiqamətləri olan şəhərlərdən gedir. Bu şəhərlər turistlərin beynində həqiqətən, silinməz izlər buraxır. Məsələn, füsunkar təbiətə malik Qəbələ, gözəlliyinə görə Bakıdan sonra gələn və dünyanın əsrarəngiz şəhərlərindən olan Şəki, yaraşığına görə əvvəlkilərdən geri qalmayan Gəncə və s. Eləcə də Qubanın əsrarəngiz təbiəti, zirvəsi qarlı dağları… Qubanın görməli yerlərinə gözəl naxışlarla bəzədilmiş Cümə məscidini, Səkinə xanım məscidini, həmçinin təmtəraqlı otellərini misal çəkmək olar. Bir sözlə, Azərbaycanda xəyalın çərçivəsini aşan bir çox məkan, bir çox şəhər var.

Bütün bunlarla yanaşı, Azərbaycan hər kəsin hesablaşmalı olduğu iqtisadi gücdür. O, yüksək elmi-praktik dirçəlişin də şahidi olub. Bu gün ölkə tanınan turizm istiqamətidir. Bütün regional məsələlərdə əsas actor məhz Azərbaycandır. Bu, multikulturalizmin ciddi şəkildə dəstəkləndiyi, müxtəlif mədəniyyətlər arasında körpülərin yaradılmasına, əlaqələrin güclənməsinə çalışan ölkədir.

Azərbaycan haqqında çox danışmaq olar. Kiçik bir məqalədə onların hamısını qeyd etmək çətindir. Bütün bunlara ölkə prezidenti İlham Əliyevin müdrikliyi, təcrübəsi, zəkası və səbri sayəsində nail olunub. O, sabiq prezident Heydər Əliyevin oğludur.

Bütün bu xəyali gəzintimdən sonra təzə meyvə şirələrindən içmək, məşhur milli Azərbaycan təamlarından dadmaq yerinə düşər: plov, düşbərə, ləvəngi, qutab, dovğa, kabab, dolma, paxlava, şəkərbura və s.

Azərbaycan mətbəxi özünəməxsus dadı və ətrilə seçilir. Yeməklərdə növbənöv ədviyyatlardan, bitkilərdən, göy-göyərtidən, donuz əti istisna olmaqla, müxtəlif ətlərdən istifadə olunur. Azərbaycan mətbəxi İslamın tələbləri çərçivəsindədir. Azərbaycan restoranları daim öndə olub, dünyada seçilən, dəbdəbəli restoranlardan sayılır.

Müəllif: Nuha Salim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*