Bu arada Bakı İrəvanı sülh müqaviləsi bağlamağa hazırlaşır. Praqada danışıqların yekunu üzrə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, müəyyən şərtlər daxilində Ermənistanla 2022-ci ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan danışıb. O, hadisələrin belə sürətli ssenari üzrə inkişafını istisna etməsə də, bunu qaçılmaz hesab etmir.
“Prinsipcə, mən bunu istisna edirəm, lakin bunun çox da mümkün olduğunu düşünmürəm. Bu, Azərbaycanın “göstərdiyi təzyiq”in və Ermənistanın hazır ola biləcəyi güzəştlərin dərəcəsinin funksiyasıdır. Çox çətindir. Tərəflər sülh müqaviləsini başqa cür başa düşürlər”, – İskəndəryan deyib.
O, nəzəri cəhətdən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra da “Qarabağ məsələsi”nə qayıtması üçün heç bir maneə görmür.
“Prinsipcə, Azərbaycanın ərazi bütövlüyünün tanınması heç bir şəkildə Qarabağ problemini inkar etmir. Məsələn, Azərbaycanın ərazi bütövlüyü ABŞ, Fransa və Rusiya tərəfindən tanınıb. Və 25 ildən artıqdır ki, bu ölkələr Qarabağ problemi ilə məşğul olur, onun həlli üçün müxtəlif variantları irəli sürməyə çalışırlar”, – İskəndəryan qeyd edib.
İskəndəryan Xankəndi ilə Bakı arasında beynəlxalq dialoq mexanizmlərinin necə işləyə biləcəyini o qədər də aydın bilmir.
“Mən bunu həqiqətən başa düşmürəm. Qarabağın adından başqa kim danışa bilər, əgər seçilmiş hökumət olmasa? İndi rəsmi Bakının “rəsmi” Xankəndi ilə danışıqlar masası arxasına əyləşəcəyini təsəvvür etmək mənim üçün çətindir”, – deyə İskəndəryan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az