“Sülh sazişi qısa mətndən ibarət sadə bir sənəddir, hər şey ondan sonra başlayacaq” – Tofiq Zülfüqarovla MÜSAHİBƏbackend

“Sülh sazişi qısa mətndən ibarət sadə bir sənəddir, hər şey ondan sonra başlayacaq” – Tofiq Zülfüqarovla MÜSAHİBƏ

Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycanın şəhər və qəsəbələri yerlə-yeksan edilib. İnsanlığa sığmayan vəhşiliklər törədən erməni vandalları tarixi abidələrimizi yer üzündən silib, məscidlərimiz dağıdılıb.

Ölkəmizin şanlı qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsi başa çatdıqdan dərhal sonra dəymiş maddi ziyanın hesablanmasına başlanılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Ermənistan işğalı Azərbaycana milyardlarla dollarlıq ziyan vurub. Bu səbəbdən Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək Ermənistana qarşı maddi təzminat davası açıb.

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov cavablandırıb.

– Azərbaycan Ermənistandan 150 milyard dollarlıq təzminat tələb edir. Bu iddia təmin oluna bilərmi?

– 2020-ci ildən sonra Azərbaycan prezidentinin təşəbbüsü ilə müxtəlif beynəlxalq mütəxəssislər bu işə cəlb olunub. Onların köməyi ilə vaxtilə işğal edilmiş ərazilər, oradakı dağıntılar, dəyən ziyanın miqyası qiymətləndirilib. Başa düşməliyik ki, bu iddia dövlət tərəfindən irəli sürülüb. Amma işğal illərində dövlət mülkiyyətindən başqa, vətəndaşların da mülkiyyətinə ziyan dəyib. Odur ki, iş indi iki istiqamətdə aparılacaq.

– İkili standartların tüğyan etdiyi bir dönəmdə Azərbaycanın haqlı iddialarının təmin olunacağına inanırsınızmı?

– Dediyiniz bu standartlar ümumi məfhumdur. Amma qaldırılan iddia hüquqa aid mövzudur. Müxtəlif beynəlxalq məhkəmələrdə müxtəlif ölkələrin nümayəndələri, BMT tərəfindən ezam olunan hüquqşünaslar var. Bu, məsələnin birinci tərəfidir. Digər tərəfdən, Ermənistan dağıntıları yerli əhalinin üstünə atır və bununla özünü təmizə çıxartmağa çalışır və bildirir ki, Ermənistanın bu mövzuda məsuliyyəti yoxdur.

– Amma Ermənistanın üzərinə götürdüyü öhdəliklər bunun əksini deyir və bununla onlar öz dediklərini özləri təkzib etmiş olurlar…

– Elədir, indiki mərhələdə Azərbaycan bir məsələni də gündəmə gətirir ki, Ermənistanın konstitusiyasında və müstəqillik haqqında bəyannamədə ərazi iddiaları var. Yəni məsuliyyət daşıyan tərəf Ermənistan dövlətidir. Ermənistanın danışıqlarda iştirak etməsi, Qarabağadan öz hərbi qüvvələrini dünyanın gözü qarşısında çıxarması kimi sübutlar var. Ermənistan bəyan edir ki, işğal olunan əraziləri biz dağıtmamışıq. Amma 10 noyabr bəyannaməsinə uyğun olaraq, öz qoşunlarını Qarabağdan geri çəkdi. Deməli, özləri də bilmədən özlərini təkzib edirlər.

– Bəs Azərbaycan bundan sonra daha hansı addımları atmalıdır?

– Bu əslində vaxt aparan məsələdir. Amma hesab edirəm ki, biz həmişə hücum taktikasından istifadə etməliyik. Biz öz tərəfimizdən hər bir məsələni gündəmə gətirməliyik. Ermənistan dövlət olaraq bu münaqişənin yaranmasında günahkardır və məsuliyyət daşıyır. Söhbət siyasi, maddi və mənəvi məsuliyyətdən gedir.

 – Ermənistanda bütün dövrlərdə qonşu xalqlara nifrət aşılanıb. Əslində bu, faşist ideologiyasıdır və Ermənistanda hələ də qüvvədədir. Bu ideologiyadan əl çəkməyən Ermənistanı nə gözləyir?

– Ermənistanda geniş yayılan və hətta dövlət ideologiyasına çevrilən “Çexokanizm” təbliğ olunur. Vaxtı ilə onu Nijde vvə Dro gündəmə gətirmişdilər. Bununla da onlar erməni idiologiyasını formalaşdırıblar. 20-ci əsrin 30-cu illərində dövriyyəyə buraxılan bu ideologiya bir növ faşist ideologiyası idi. Azərbaycan gündəmə bir məsələni də gətirməlidir ki, Ermənistan faşist ideologiyasına görə də məsuliyyət daşısın. Münaqişə məhz bu zərərli ideologiya nəticəsində baş verib. Faşist ideologiyasını tətbiq edən və Sovet İttifaqı dağılandan sonra o ideologiyanı əsas götürən, işğalçılıq siyasətini yeridən siyasətçilər məsuliyyət daşımalıdır. Necə ki, vaxtilə faşist Almaniyasının süqutuna Nrünberq məhkəməsi ilə nöqtə qoyuldu. Orada nasizm bir ideologiya kimi aradan qaldırılıb. İndi biz bu istiqamətdə də iddia qaldırmalıyıq.

– Azərbaycan tərəfinin qaldırdığı 150 milyardlıq təzminat necə təmin oluna bilər? Ermənistan bu qədər vəsaiti ödəmək iqtidarında olmazsa, dəymiş ziyana görə ərazi kompensasiyasına gedilə bilərmi?

– Dediyiniz prosedur üç mərhələdən ibarətdir. Birinci mərhələ ondan ibarətdir ki, biz iddialar formalaşdıraraq müvafiq qurumlara təqdim etməliyik. İkinci mərhələ beynəlxalq qurumlarda bizi qane edən nəticələrin əldə edilməsinə nail olmaqdır. Üçüncü mərhələ qəbul edilmiş qərarın icrası ilə bağlıdır.

Biz birinci mərhələdəyik. İndidən nə olacağını proqnozlaşdırmaq çətindir. Əsas odur ki, prosesləri başlayaq, sonra nəticələrə uyğun olaraq digər addımlarımızı ata bilərik. Belə bir fikir formalaşıb ki, Ermənistanın pulu olmadığına görə kompensasiya şəkilində Azərbaycana ərazilər verə bilər. Əslində bu fikirdə yanlışlıq var və bəzi suallar ortaya çıxır. Ermənistan Alma-Ata prinsiplərindən imtina edib, SSRİ dağılan vaxtı mövcud olmuş sərhədləri tanımayıb. Prinsiplərdən imtina etdiyinə görə, ikinci prinsip gündəmə gəlib. Sovetlər 1920-ci ildə bizi də, Ermənistanı da işğal edib. Odur ki, bizim həmin işğalaqədərki sərhədləri gündəmə gətirməyə tam hüququmuz var. Bu işğal nəticəsində formalaşan sərhədlərdir. İşğalın nəticəsi olaraq ardıcıl şəkildə 20 min kv.km-ə yaxın ərazi onlara verilib. Bu məsələdə bizim mövqeyimizlə İranın mövqeyi arasında oxşarlıq var. İran deyir ki, mən Sovet vaxtında olan sərhədləri tanımıram. Yəni, Xəzər dənizində iki nöqtə arasındakı, biz tərəfdəki Astara və Türkmənistanın Həsənqulu məntəqəsi sərhədlər idi. İran indi deyir mən həmin sərhədləri tanımıram. Bu Rusiya imperaliziminin bizə qarşı olan siyasətinin nəticəsidir. Onlar da Alma-Ata deklarasiyasının nəticələrini tanımırlar. Amma digər hissədə Ermənistanın sərhədlərini müdafiə edirlər. Ona görə də mürəkkəb siyasi vəziyyət yaranıb.

– Sülh müzakirələri dalana dirənib. Bəzi ekspertlər isə hesab edir ki, sülh müqaviləsinin imzalanması yaxın vaxtlarda mümkün olmayacaq. Siz necə düşünürsünüz?

– Əvvəla, mən bu qədər pessimist deyiləm. İnsanların sülh sazişinin mətnindən xəbəri yoxdur. Bildirim ki, bu, qısa bir mətndir. Əsas beş prinsipin əsasında hazırlanmış hansısa mətn müzakirə obyektidir. Orada prinsiplər göstərilir. Amma məsələnin həlli orada nəzərdə tutulmayacaq. Prinsip kimi ölkələr biri-birinin ərazi bütövlüyünü tanıyacaqlar. Danışıqlar nəticəsində razılıq əldə olunacaq. Kammunikasiyalar işləməlidir. Bu məslə prinsip kimi təsbit olunacaq və hansı şəkildə istifadə olunması da razılaşdırılacaq. Bu, sadə bir sənəddir və daha çox bəyanata oxşayır. İstisna etmirəm ki, bu cür bəyanat əldə oluna bilər. Amma əsas məsələ ondan sonra başlayacaq.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*