Son bir neçə gündür Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Şuşa-Xankəndi-Laçın yolunda davam edən etiraz aksiyası beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Qərəzli olmayan və dünyaya saxta demokratiya dərsi keçməyə cəhd göstərməyən bütün qüvvələr Azərbaycanın haqq mübarizəsinə çox böyük dəstək verməklə yanaşı, Ermənistanı “ekoloji terror”a son qoymağa, sülhməramlıları isə ədalətli olmağa səsləyir.
Mövzu ilə bağlı KONKRET.az-a özəl açıqlama verən türkiyəli jurnalist Orhan Sarıkaya haqlı etirazda azərbaycanlı fəalların yanında olduğunu deyib: “Azərbaycanın torpağı olan Qarabağ bölgəsinin mədənlərinin, eləcə də yeraltı və yerüstü sərvətlərinin Ermənistan tərəfindən istismarına qarşı çıxan azərbaycanlı fəallar haqlı aksiya keçirirlər.
Digər tərəfdən, “sülhməramlı” adı altında bölgəyə girən Rusiya silahlı qüvvələri separatçıların Azərbaycanın təbii sərvətlərini istismar etməsinə göz yummaqla yanaşı, bölgəni yenidən Ermənistanla birləşdirməyə çalışırlar. Azərbaycanlı fəalların rus qoşunlarının komandanı Andrey Volkovla görüşmək tələbləri dəfələrlə rədd edilib. Çünki Volkov bu haqlı tələbin yerində olduğunu çox gözəl bilir”.
Orhan Sarıkayanın sözlərinə görə, azərbaycanlı fəalların Laçın dəhlizini bağlaması ilə bağlı ermənilərin hay-küy salması əsassız və yalandır:
“Çünki həmin ərazidə çəkilən video və fotolarda Laçın dəhlizinin Rusiya hərbçiləri tərəfindən təhlükəsizlik səbəbi ilə bağlandığı görünür. Bölgəni sabitləşdirmək üçün “sülhməramlı” adı altında fəaliyyət göstərən Rusiya qoşunları dərhal çıxmalı və Ermənistan Azərbaycanın mədənlərinin qanunsuz istismarını dayandırmalıdır”.
Mövzunu KONKRET.az-a şərh edən Giresun Universiteti Beynəlxalq əlaqələr şöbəsinin müdiri, prof. Dr. Yalçın Sarıkaya bildirib ki, 2020-ci ilin noyabrında əldə edilən razılaşma Azərbaycanın aydın və qəti qələbəsini təsdiq edən sənəddir:
“Ermənistan tərəfi bu sənəddən irəli gələn vəzifələri yerinə yetirmir. Azərbaycan alternativ nəqliyyat xətlərinin tikintisini həyata keçirib və prosesi indi də davam etdirir. Rusiya sülhməramlıları isə Ermənistanın üzərinə düşən öhdəliklərdən xəbərdar olsalar da, 5 illik mandatlarını uzatmaq, Qarabağdakı varlıqlarına zəmanət vermək üçün qərəzli, yanlış və zərərli mövqe sərgiləyirlər. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran və bu rayonlara daxil olan kəndlərin hamısı Azərbaycan torpaqlarıdır.
Azərbaycan xalqı haqlı olaraq orada da bayraqlarının dalğalandığını görmək istəyir. Amma 30 ildir təbii və tarixi sərvətlərin talanı artıq “sülh qüvvələri”nin himayəsi altında davam etdirilə bilməz. Qafqazda yeni münaqişə Rusiya üçün heç də yaxşı nəticələnməyəcək.
Rəsmi Bakı bölgədəki mülki erməniləri öz vətəndaşı saydığını, cinayət, terror və separatizmdə iştirak edənlərdən başqa oradakı bütün ermənilərin vətəndaşlıq hüquqlarından yararlana biləcəyini açıqlayır.
Bölgədə sülhü ürəkdən istəyən oyunçular Türkiyə və Azərbaycandır. Odur ki, problemin həlli istiqamətində bu günə qədər konstruktiv addım atmayan Qərb mərkəzləri üçün yeni fürsət pəncərəsinin yaranmasını istəməyən Moskva təcili siyasətini gözdən keçirməlidir”.
Yalçın Sarıkaya əlavə edib ki, Azərbaycan bölgədə sülhməramlıların nəzarəti altında infrastruktur işlərinə başlanılması, vətəndaşların hüquqi statusunun müəyyənləşdirilməsi, qanunsuz hərbi, siyasi və inzibati fəaliyyətə son qoyulması, 28 il əvvəl öz yurdlarından qovulan azərbaycanlıların məskunlaşdırılması üçün hazırlıq görüb:
“Bu aksiyalar həm də Zəngəzur dəhlizinin Azərbaycan üçün əhəmiyyətini xatırlatmaq baxımından bir fürsətdir. Naxçıvanla Şərqi Zəngəzur arasında nəqliyyat və rabitənin olmaması qəbuledilməzdir. Bu hüququ tanımayan heç bir aktorun xoş niyyətli olmadığı aydındır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az