Sülhməramlılara iradımız konkretdir: “Gəl mənim yanımda qarovul çək və özünü ortaya atma” – Zülfüqarovbackend

Sülhməramlılara iradımız konkretdir: “Gəl mənim yanımda qarovul çək və özünü ortaya atma” - Zülfüqarov

Artıq üç gündür ki, Şuşa-xankəndi yolunda vətəndaşlarımızın keçirdiyi etiraz aksiyası səngimək bilmir. Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar “sülhməramlılara” və onların havadarlıq etdiyi separatçılara sözün əsl mənasında dərs verir. Volkov azərbaycanlı etirazçıların qarşısına çıxmağa özündə cəsarət tapmasa da, həm “sülhməramlılar”, həm də Xankəndidəki separatçılar üçün vəziyyət heç də ürəkaçan deyil. Proseslərin necə cərəyan edəcəyi isə hər kəsdə maraq doğurur.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan ictimaiyyəti bu aksiya ilə iki ünvana mesaj göndərir: “Bizim ekoloqların öz missiyasını həyata keçirməsinin qarşısını təxribatçılar aldılar. Azərbaycanın qanuni qurumlarının fəaliyyətinə maneçilik törətmək istəyənlərə məhz bu cür cavab verilir. Yəni birinci mesaj radikallara aksiya ilə göndərilir. İkinci mesajımız isə rusiyalı sülhməramlılaradır. Onların missiyası Qarabağda vasitəçilik siyasətini həyata keçirmək deyil. Onlar hərbi-texniki missiya ilə Qarabağa müvəqqəti yerləşdiriliblər. Siyasi addımları Azərbaycan hökuməti müəyyən edir. Çünki söhbət bizim ərazilərimizdən gedir. Sülhməramlıların yardımçı missiyasına ona görə icazə verdik ki, onlar Azərbaycan qurumlarının reinteqrasiya prosesinə yardım göstərsinlər. Sülhməramlıların başqa bir funksiyası yoxdur. Onların kimin yanında gəzməli olduğunu isə Azərbaycan hökuməti müəyyənləşdirir. Məsələn, “Azəriqaz”, “Azərişıq” yaxud digər qurumlar Qarabağda iş apardıqda sülhməramlılar baş verə biləcək təxribatların qarşısını almaq üçün onların yanında dayanmalıdır. Onlar ya bu missiyanı həyata keçirməli, ya da ərazimizdən çıxıb getməlidir”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarovun sözlərinə görə, sülhməramlıların fəaliyyəti Azərbaycanın məqsədlərinə xidmət etməlidir: “Dünyada sülhməramlı təcrübəsi mövcuddur. Hərbçilər siyasətlə məşğul olmamalı, bizim ekoloqların hara gedib-getməməsini müəyyənləşdirməməlidir. Ekoloqlar hara getsələr onları mühafizə etmək rus sülhməramlılarının vəzifəsidir. Odur ki, sülhməramlılar Qarabağda qalmaq istəyirlərsə, bizim məqsədlərə xidmət etməlidirlər. Əks halda Qarabağdan çıxıb gedəcəklər. Ermənilər isə başa düşməlidir ki, Azərbaycan tərəfi öz ərazisində heç bir özbaşınalığa imkan verməyəcək. Ermənilər üzr istəməli və ekoloqlarımızı istədikləri əraziyə buraxmalıdır. Sülhməramlıların komandanı Volkov isə məsələnin mahiyyətini dərk etməli və öz missiyasından kənara çıxmamalıdır. Yəni onlar bizim dövlət qurumlarına yardımçıdırlar. Əgər sülhməramlıların fəaliyyəti dəyişsə, hesab edirəm ki, ictimaiyyətin onlara münasibəti fərqli olar. Bizim sülhməramlılara iradlarımız konkretdir: “Gəl mənim yanımda qarovul çək, və özünü ortaya atma” – Zülfüqarov fikirlərini tamamlayıb”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*