Sumqayıtda yollarda çoxlu sayda piyada ölümlərinə səbəb nədir? – PROBLEMbackend

Sumqayıtda yollarda çoxlu sayda piyada ölümlərinə səbəb nədir? - PROBLEM

Statistikaya görə, 2021-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzaların da nəticəsində vurulan 142 piyadanın 50-si ölüb, 99 nəfər yaralanıb.

Bu dəhşətli statistikaya belə qənaətə gəlməl olur ki, son vaxtlar piyada vurmaları çoxalıb və ə ümumi qəzaların yarıdan çoxu – 57 % məhz piyadaların avtomobillərlə vurulması nəticəsində baş vermiş qəzalardır.

Təəsüflər olsun ki, Sumqayıtda piyada ölümləri sarıdan vəziyyət daha acınacaqlıdır.

Bu barədə xüsusi statistika hazırlanmasa da, google-da elə “Sumqayıtda piyada ölümü” yazsanız, şəhərdə piyada ölümü ilə nəticələnən kifayət qədər yol qəzaları haqda məlumata rast gəlmək olar ki, bu da bu sarıdan vəziyyətin qənaətbəxş olmamasını göstərir.

Baxmayaraq, ümumən avtomobillərin və əhalinin sayı Bakıdan dəfələrlə azdır, amma gənclik şəhərində yol-nəqliyyat hadisələri, xüsusən də piyadaların vurulması və ölümü ilə nəticələnən qəzaların sayı artıb. Hələ nəzərə almaq lazımdır ki, bir çox yol qəzaları reallıqda bəzən qeydə alınmır, mətbuata çıxmır.

Sumqayıtda bəzi yolları piyadalar üçün sözün həqiqi mənasında ölümə aparan “lənətlənmiş” adlandırmaq olar. Təsadüfi deyil ki, mütəmadi olaraq mətbuatda bu və digər küçənin ölüm küçəsi adlanması haqda yazılar gedir.

Əlbəttə, piyada ölümlərində sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə barəbər yol hərəkəti qaydalarını mütəmadi olaraq pozan piyadaların öz günahı az deyil.

Avtomobillərin sayının ilbəil artması da faktı da var. Amma dünya praktikasında, çoxmilyonlu şəhərlərdə belə uğurlu tədbirlər nəticəsində piyada ölümlərinin minimuma salınması nəticəsi də göz qabağındadır.

Amma artan piyada ölümlərində Sumqayıtda piyada keçidlərinin olmaması, pis rənglənməsi və ya vaxtında rənglənməməsi, işıqforların müəyyəən yerlərdə çatışmaması da az rol oynamır.

Ümumiyyətlə, Sumqayıtda yol qəzalarını, piyada ölümlərini azaltmaq üçün nə araşdırma, təbliğat, maarifləndirmə işləri, nə də statistika var, nə də ciddi tədbirlər görülür.

Hər halda buna mətbuatda rast gəlinmir. Realliq da göz qabağında. Sadəcə ara-sıra formal reydlər aparılır və cərimələr edilir.

Amma hər bir piyada ölümünün arxasında bir insan, ailə faciəsi, taleyi durur.

Sumqayıtda yerüstü və yeraltı piyada keçidləri olmadığından piyadalar keçid zolaqlarından istifadə edirlər. Bir sıra yollar isə qaranlıq olduğundan sürücülərin zülmət qaranlıqda piyada keçidini görməsi isə mümkünsüzdür. Bu səbəbdən sürətlə gələn avtomobillərin piyadaları vurma ehtimalı artır. Yəni bəzi yollarda ölüm gözlə qaş arasındadır.

Məsələn, şəhərin ən çox ölümlə nəticələnən təhlükəli yollardan biri – 3 zolaqlı Zülfi Hacıyev küçəsində piyada keçidləriinin olmasını bildirən günəş enerjisi ilə işləyən nişanlar var, amma onlar demək olar ki, işləmir.

Əlbəttə, müasir günəş panelli piyada nişanı kreativdir, yaxşıdır, amma əgər o qaranlıq piyada keçidini işıqlandırmayacaqsa, ona bu qədər büdcədən xərc çəkməyin nə mənası var?!

Düzdür, bəzən Sumqayıtda hansısa təhülkəli yol haqda mətbuatda yazı gedəndə müəyyən tədbirlər görülür, işıq dirəkləri də artıb, amma çox vaxt bu həmin yerdə keçidlərin rənglənməsi, uzağı həmin yerdə işıqfor quraşdırlması ilə iş bitir. Məlumata görə, avtomobil yollarında prospekt və küçələrində işıqforların quraşdırılmasına piyada keçidlərinin rənglənməsinə və DİN Baş Dövlət Yol Polis İdarəsinin nəzdində olan Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi baxır.

Bir çox hallarda Sumqayıtda sürücülər piyadalara piyada keçidlərində yol vermədiyindən çıxış yolu kimi keçidlərin yanına kameralar quraşdırmaq olar ki, bu da sürücülərin cərimə qorxusundan qanunlara əməl etməyinə sövq edə bilər. Nəticədə piyada ölümləri və piyada xəsarətləri azalar. Başqa cür isə hər şey bağlanır sürücülərin vicdanına.

Düzdür piadalar da qaydaları pozur, amma müvafiq qurumlar tərəfindən lazımi tədbirlər görülməlidir ki, sonra tələb edilsin. Piyadaların da dediyimiz kimi vəzifələri, məsluyyəti var. Məsələn, piyada gecə vaxtı işıqlandırılmanın olmadığı yerlərdə yolu təhlükəsiz halda necə keçməlidir? Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun “Yol hərəkəti qaydaları” adlı beşinci fəslinin 40-cı maddəsi piyadaların vəzifələrinə həsr olunmuşdur və burada qeyd edilir ki, “sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində piyada yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda yolu keçməlidir. Bu isə o deməkdir ki, piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər”.

Məsələ burasındadır ki, saatda 60 km sürətlə hərəkət edən avtomobillə toqquşan piyadanın sağ qalma ehtimalı ən yaxşı halda 20%-dir. Saatda 30 km/saat və ya daha aşağı sürətlə hərəkət edən nəqliyyat vasitəsilə toqquşan piyadanın həyati təhlükəsi böyük ölçüdə aradan qalxır. Məhz bu səbəbdən, dünyanın qabaqcıl inkişaf etmiş ölkələri şəhər yollarında sürət həddinin 30 km/saat olmasını artıq norma olaraq qəbul etmişlər. Məsələn: İsveçdə şəhər yollarının 32%-ində sürət həddi 30 km/saat-dır. Maraq üçün deyim ki, Fransada 1 iyul 2018-ci il tarixindən etibarən yol ayrıcısı olmayan iki zolaqlı kənd yollarında sürət həddinin 90 km/saat-dan 80 km/saat-a endirilməsi nəticəsində yol ölümlərinin sayı 2013-2017-ci illərin iyul-dekabr ayları ilə müqayisədə 127 ədəd azalmışdır.

Piyada ölümlərini azaltmaq üçün şəhəriçi yollarda sürət həddini, keçidlər, işıqforlar arasında məsafəni azaltmaq olar. Yəni piyada keçidlərini, işıqforları artırmaq olar.

Təklif kimi qeyd edim ki, hər ay ən nümunəvi piyada və ya nümunəvi sürücü seçib onun mükafatlandırmaq olar. Təbii ki, şəffaflıq qorunmaqla…

Sorğu göstərir ki, şəhərin Babək küçəsində yerləşən nəqliyyatın ən sıx hərəkət etdiyi yollardan biri olan “Hiper” və “Qayalı” marketin qarşısındakı yolun ən  təhlükəli yollardan biridir. Axşam-pik vaxtı buradakı xaos, siqnal səsləri Hindistanın Bombeyini xatırladır.

Bura bəlkə də ən stressli, gərgin yoldur.

Ümumiyyətlə, 13-cü mikrorayon ilə 10-cu mikrorayon arasından keçən bu küçə çox təhlükəlidir.  Küçənin hər iki tərəfində düz yolulun kənarında iri ticarət mərkəzlərinin – “Gold Qayalı, “Hiper”, yanacaqdoldurma stansiyasıyalarının, “Green House” ,”Xəlifə” şadlıq sarayı “Şərq” Ticarət Mərkəzi, Brand House geyim mərkəzinin, çoxsaylı, dükanların, kafelərin, çayxanaların, dövlət idarələrinin, yaşayış binalarının, dayanacaqların, marşrutların çoxluğu, da təbii ki, ərazini gedişli-gəlişli edir. Yolun kənarında hər qarış satılıb. Maddi maraq da son nəticədə yollarda piyadalar üçün elə sürücülər üçün də gərginlik yaradır.

Təhlükəlilik baxımdan digər “ölüm yolları”-9-cu mkr ilə 11-ci mkr arası, 18-ci mkr dairəsi, Corat ilə 13-mkr.arası (Niyazi küçəsi), Bakı-Sumqayıt yolu, köhnə yarmarka yolu (12-ci mkr) bu yoldan təhlükəliliyə görə heç də geri qalmır. Siyahını hələ çox uzatmaq olar.

Əslində bu problem bütün dünyada qlobal ictimai problem sayılır.Təsadüfi deyil ki, 2005-ci ildə BMT-nin Baş Assambleyası hər il noyabrın üçüncü bazar gününü Yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Anım Günü kimi qeyd olunmasını qərara alıb.

Ümid edək ki, yazılanları nəzərə alıb, aidiyyatı qurumlar deyilənlər barədə ciddi addımlar atacaq.Heç olmasa piyada keçidlərini vaxtında rəngləyəcək. Bunun üçün dövlət büdcəsindən kifayət qədər pul ayrılır.

Yaddan çıxartmaq lazım deyil ki, hər rənglənən piyada keçidi, qaydalara əməl olunmasının təmin olunması nə qədər insanı ölümdən, faciədən qurtara bilər.

Təqdim olunan fotolar şəhərin müxtəlif yerlərindən çəkilib və çox az qismdir. Əslində Sumqayıtda rənglənməyən, ehtiyac olduğu halda piyada keçidi, işqıqfor olmayan yerlər 100-lərlədir.

Akif Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*