“Ömürlük sürücülük vəsiqəsinin verilməsi məsələsi nəqliyyat təhlükəsizliyi baxımından müəyyən risklər yaradır. Sürücülük vəsiqələrinin müddətsiz verilməsi təhlükəsizlik baxımından məqsədəuyğun deyil”.
Bu fikirləri KONKRET.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov açıqlamasında səsləndirib:
“Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu və ya digər formada sürücülük vəsiqəsinin verilməsi mütləq müddətli olmalıdır. Çünki zaman keçdikcə sürücünün sağlamlığında müəyyən dəyişikliklər, xəstəliklər və ya qüsurlar yarana bilər. Bu isə yol hərəkəti təhlükəsizliyinə birbaşa təsir göstərir.”
Aslan Əsədov qeyd edib ki, ömürlük vəsiqə ideyası real görünmür və beynəlxalq təcrübəyə də uyğun deyil:
“Hər hansı bir şəxsin həm şəxsiyyət, həm də sürücülük vəsiqəsinin müəyyən müddətə verilməsi daha real və təhlükəsiz yanaşmadır. Burada qeyri-reallıqdan söhbət gedə bilməz.”
Ekspert hesab edir ki, gələcəkdə sürücü hazırlığı və tibbi yoxlama sistemində islahatlar aparılarsa, bəzi kateqoriyalar üçün vəsiqələrin müddətinin uzadılması mümkündür. Lakin ömürlük sürücülük vəsiqəsinin verilməsi nəqliyyat təhlükəsizliyi baxımından riskli addım olardı.
Aynurə İsmayıl
KONKRET.az